Cavad Zərif: “İran işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməyə hazırdır”
Xarici işlər naziri Ceyhun Bayramov Düşənbə şəhərində iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşü zamanı Azərbaycan və İran arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir.
“Tərəflər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının cari ildə keçirilmiş sonuncu iclasının nəticələrini yüksək qiymətləndiriblər.
Nazirlər, həmçinin regional təhlükəsizlik məsələləri, xüsusilə də 44 günlük Vətən Müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət, imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işləri ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Məhəmməd Cavad Zərif qeyd edib ki, İran şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və yenidənqurma işlərində iştirak etməyə hazırdır.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, – məlumatda bildirilir.