Ceyhun Bayramov: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətiyyətlidir

AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi tamamilə qətiyyətli və birmənalıdır.
Polise.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, 2025-ci ilin oktyabr ayında Azərbaycan və Rusiya prezidentləri arasında görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş tədbirlər görülməlidir:
“Təyyarənin vurulması Rusiya müdafiə nazirliyinin səhvi ucbatından baş verib. Buna dair bütün tədbirlər görüləcəyi, hüquqi qiymət verilməsi, kompensasiyaların ödənilməsini özündə ehtiva etməlidir. Bizim gözləntilərimiz də məhz bundan ibarətdir”.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Polise.az



