Ceyhun Bayramov Hakan Fidanla təhlükəsizlik məsələlərini müzakirə etdi – YENİLƏNDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 3-də ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Teleqraf-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə arasında möhkəm dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı məsələləri, habelə geniş bölgədə mövcud təhlükəsizlik vəziyyəti, regional sülh və sabitliyin təmin olunması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Bu çərçivədə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər iqtisadiyyat və ticarət, energetika və nəqliyyat-kommunikasiya layihələri, o cümlədən regional bağlantı təşəbbüslərinin reallaşdırılması ilə bağlı perspektivləri nəzərdən keçiriblər.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycan və Türkiyənin bir-birini qarşılıqlı şəkildə dəstəkləməsinin regional əməkdaşlığa müsbət töhfə verdiyini vurğulayıblar.
Həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər Azərbaycan və Türkiyə arasında dərin köklərə malik strateji müttəfiqlik, regional təhlükəsizliklə bağlı inkişaflar, iqtisadi və ticarət əməkdaşlığı, enerji məsələlərini müzakirə ediblər.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyana səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Teleqraf xəbər verir ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri və regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, nazir Ceyhun Bayramov 4–5 dekabr tarixlərində Vyanada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirak edəcək.





