Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Xarici işlər naziri Ceyhun Bayramov İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu barədə “Report”a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırkı dönəmdə tərəflər iki dövlət arasında tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişafından məmnunluq ifadə ediblər. Hazırda siyasi, iqtisadi, ticarət və digər istiqamətlərdə münasibətlərin inkişafı üzrə əhəmiyyətli addımlar atıldığı vurğulanıb.
Məlumata görə, C.Bayramov eyni zamanda regional və çoxtərəfli çərçivələrdə iki ölkə arasında əlaqələrin inkişafının, 3+3 kimi regional formatların səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Səfir Seyid Abbas Musəvi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib. Səfir kimi çalışdığı müddətdə ikitərəfli münasibətlərin inkişafı üçün bütün imkanların səfərbər edildiyini qeyd edib, ondan sonra gələcək səfirin də bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyindən əmin olduğunu vurğulayıb.
Görüş zamanı, tərəflər arasında qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Polise.az