Ceyhun Bayramov: İsrail-Fələstin münaqişə zonasında gərginliyin davam etməsi ciddi narahatlıq doğurur
İsrail-Fələstin münaqişə zonasında mövcud gərginliyin davam etməsi, xüsusilə mülki şəxslərin hazırki eskalasiyadan ən çox əziyyət çəkən tərəf olması ciddi narahatlıq doğurur.
Polise.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birgə Ərəb İslam Fövqəladə Sammitində çıxışı zamanı səsləndirib.
Ölkəmiz adından münaqişə qurbanlarının ailələrinə başsağlığı verən nazir Azərbaycanın vəziyyətin təcili deeskalasiyası, habelə hərbi əməliyyatların təxirəsalınmaz şəkildə dayandırılması istiqamətində çağırışlara qoşulduğunu, həmçinin bütün Yaxın Şərq bölgəsi üçün həssas olan mövcud vəziyyəti daha da ağırlaşdıra biləcək davranışlardan çəkinilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə beynəlxalq ictimaiyyətin bütün səylərinin səfərbər edilməsinin əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Ceyhun Bayramov İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları və Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq qətnamələrinə uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini bir daha diqqətə çatdırıb.
Polise.az