CHP lideri Özgür Özələ hücum olub – VİDEO

Türkiyənin əsas müxalif siyasi təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl hücuma məruz qalıb.
Teleqraf-ın xəbərinə görə, hadisə mayın 4-də İstanbulda Atatürk Mədəniyyət Mərkəzinin qarşısında baş verib.
Ö.Özəl Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndərin vida mərasiminə qatılıb, yaxınlarına başsağlığı verib.
Partiya lideri mərasimdən çıxıb mühafizəçilərin əhatəsində avtomobilinə tərəf gedən zaman bir nəfər ona yaxınlaşıb və yumruqla başına zərbə endirib.
Hücum anında Ö.Özəlin başını tutub və aşağı əyilib. Bu anda mühafizəçilər hadisəyə müdaxilə edib.
Hadisədən sonra CHP lideri ərazidən uzaqlaşdırılıb. Hücum edən şəxs isə təcili yardım maşınına aparılıb.
Özgür Özəlin səhhətinin yaxşı olduğu, üz nahiyəsində ciddi bir zədə və ya yaralanma izi olmadığı bildirilib.
İstanbul şəhər Prokurorluğu hadisə ilə bağlı açıqlama yayıb.
“Bu gün Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəlin fiziki hücuma məruz qalması ilə bağlı dərhal istintaq başladılıb. Hadisəni törədən şəxs müəyyən olunaraq saxlanılıb. Detallı istintaq davam etdirilir”, – açıqlamada deyilir.
CHP Diyarbakır millət vəkili Sezgin Tanrıkulu bildirib ki, hücum zamanı Özgür bəy protokol qapısından çıxırdı:
“Biz hadisəni sonradan öyrəndik. Hadisə anında yanında deyildik. Hücum edənin kim olduğunu öyrənmək üçün təcili yardım maşınına qədər getdim. Qapıda ona “kimsən?” deyə sual verdim. O isə “Mən Osmanlı uşağıyam” dedi. Daha geniş danışmaq imkanı olmadı. Hücum edən şəxs içəridəki xəstə ilə birlikdə təcili yardımla uzaqlaşdırıldı”.
Polise.az