Çin süni intellektlə idarə olunan dronlar üçün heyvan davranışlarını öyrənir

Çin ordusu süni intellektlə idarə olunan dron sürülərini və robotları təkmilləşdirmək üçün heyvanların davranışlarını dərindən öyrənir.
Teleqraf “The Wall Street Journal”a istinadən xəbər verir ki, çinli mühəndislər dronlara qırğı, qoyun və canavar kimi canlıların ov və sürü instinktlərini tətbiq edirlər.
Məsələn, layihələrin birində qırğıların davranışı əsasında proqramlaşdırılmış hücum dronları, göyərçin alqoritmi ilə hərəkət edən müdafiə dronlarını sınaq zamanı cəmi 5,3 saniyəyə məhv edib.
Məlumata görə, 2022-ci ildən bəri Çin “sürü zəkası” üzrə 930-dan çox patent alıb. Müqayisə üçün, eyni dövrdə ABŞ-də bu sahədə cəmi 60-a yaxın patent qeydə alınıb.
Çin hərbi nəzəriyyəçiləri gələcək müharibələrin “alqoritmlər müharibəsi” olacağını və pilotsuz sürü əməliyyatlarının əsas döyüş növünə çevriləcəyini bildirirlər. Bu məqsədlə artıq “robot-canavar” sürüləri və hava dronlarının birgə fəaliyyəti üzərində iş aparılır.
Polise.az



