Cinayətkarı dəyişən tarixi gerçəklər: Fransua Ejen Vidok

Elşad Hacızadənin “Cinayətkarı dəyişən tarixi gerçəklər: Fransua Ejen Vidok” başlıqlı məqaləsini təqdim edirik

Viktor Hüqonun obrazını yaratdığı oğrunun sosial-portret cizgiləri

Bəllidir ki, Jan Valjan fransız ədəbiyyatında yazıçı təxəyyülünün yaratdığı obraz yox, tarixi şəxsiyyət Ejen Fransua Vidokdur. Vidok qatı cinayətkar olmaqla, dueldə adam öldürməkdən zövq alan, dövrünün ən məşhur oğrusu olub, tarixi olmayan kriminalistika və detektivin əsaslarını yaratmaqla dünyaya zəngin praktik təcrübəyə əsaslanan irs bəxş edib. Və sübut edir ki, hətta ən qatı cinayətkar belə islah oluna, cəmiyyətin faydalı üzvünə çevrilə bilər.

1775-ci il təvəllüdlü və 1857-ci ildə dünyasını dəyişən E.Vidokun həyatı, 150 ildən artıqdır ki, əməliyyat-axtarış işinin öyrənilməsində və tətbiqində tədris olunur. Parisin cinayətkar aləminin bütün sirlərini bəşəriyyətə təqdim etməklə, cinayətin tərkibi, motivi, cinayətkarlığın fəlsəfəsi, psixologiyası, şübhəli şəxsi müəyyən etmə, agentura, rezident işinin təşkili və aparılması, cəza, kriminalistika ilə bağlı xeyli tövsiyələri var ki, bütün dünya onun təcrübəsindən istifadə edir. Heç təsadüfi deyil ki, o, dünyada “əməliyyat-axtarış işi” və “istintaq-əməliyyat işi”nin, “kriminalistika”nın atası hesab olunur.

Necə oldu ki, Parisin ən təhlükəli oğrusu öz həyat tərzini birdən-birə paytaxt polisinin cinayətkarlıqla mübarizə aparan üzvündən birinə çevirdi?

“Bütün cinayətkar qrupları və şəxsləri ifşa edə bilərəm, mənə imkan verin…”

1809-cu ildə qanun pozmaqdan yorğun olan Vidok Parisdə Cinayət şöbəsinin rəhbəri Jan Henri ilə əlaqə saxlayır. Məhkəmənin çıxardığı hökmdən yayınan 34 yaşlı cinayətkar, amnistiya əvəzinə dövlətə özünü şərtlə təslim edir: bütün cinayətkar qrupları və şəxsləri ifşa edə bilərəm, mənə imkan verin, mən yaxşı polis inspektoru ola bilərəm…

Bu insanın islah olunması Fransanın polis naziri Jozef Fuşenin onunla vicdanını silkələyən söhbətindən sonra baş tutub. Və polis onu inandırmağı bacarır ki, Vidok artıq polisin cinayətkar aləmin içərisinə sızdırdığı xəfiyyəyə çevrilir. İlk işi həbsxanada başlayır. Əvvəlcə ondan arxayın olmaq üçün həbsxana daxilində cinayətkarların bütün sirlərini bayıra ötürən Vidok orada işini bitirdikdən sonra onun qaçmasına şərait yaradılır. Elə həmin il Parisdə “Təhlükəsizlik Briqadası”nı formalaşdırır, 28 nəfərdən ibarət məhkum və cinayətkar həmkarı ilə təşkilatlanaraq, polisin qeyri-rəsmi bölməsini yaradır.

Törədilən hər bir oğurluq, qətl hadisələrinin müayinəsi zamanı dəvət olunan Vidok təhlükəli əməlin kimin tərəfindən törədildiyini yəqinləşdirirdi. Çünki o, hər bir cinayətkarın özünəməxsus üsul və vasitələrini, hətta oğurlanan əşyaların harada realizə edə biləcəyini dəqiq bilirdi…

Cinayətkarlardan ibarət şəbəkə

Hər bir cinayətkar özündən sonra onu ələ verən “iz” qoyur. Vidok həmin izlə cinayətkarın şəxsiyyətini müəyyən edirdi…

İlk gündən dövlətdən zəmanət alan Vidok işə başladığı andan hər il orta hesabla 811 cinayətkarın yaxalanaraq, istintaqa təhvil verilməsinə nail olur. Qeyri-rəsmi olaraq qurduğu, “Sürte” adlı Təhlükəsizlik təşkilatına inandığı cinayətkar dostlarını cəlb etməklə Parisin bütün küçə və məhəllələrində informasiya şəbəkəsini yaradır. Dilənçilər, alverçilər, boyaqçılar, qırçılar, çörəkçilər, faytonçular, dərzilər, bərbərlər, işıqçılar, təmizlikçilərdən təşkil olunan informasiya şəbəkəsinə daxil olan insanlarla bütün şəhəri nəzarətdə saxlamağa müvəffəq olur. Şəbəkəyə daxil etdiyi cinayətkarların hər biri dövlətin mənafeyi naminə xidmət aparırdı…

Vidok şəxsiyyətinin təbliğatı ənənəyə çevrilir

Onun cinayətkarlığa qarşı mübarizədə xidmətləri əfsanəyə çevrilməklə ədəbiyyatın əsas mövzusu olur, “mükəmməl insan” şəxsiyyətinin formalaşdırılmasının mahiyyəti təbliğ olunmağa başlayır. Bununla da “insanın islah olunması” mübahisəsinə son qoyulur. Viktor Hüqonun “Səfillər” əsərində iki personaj – Jan Valjan və polis inspektoru Javer, Aleksandr Dümanın “Üç muşketyor”, Artur Konan Doylun “Şerlok Holms” romanlarında, Onore de Balzakın qeydlərində də onun şəxsiyyəti təbliğ olunur. Mənbələrdə vurğulanır ki, dövrünün bütün elm və ədəbiyyat adamları Vidokla yaxından dostluq ediblər.

1836-cı ildə Vidokun yazdığı “Parisin sirləri”, “Oğru: əxlaq və psixologiya” olan elmi-fəlsəfi memuar xarakterli əsərləri Onore de Balzakın yazdığı ön sözlə nəşr olunur. Təhlil və araşdırmalara görə, Vidokun praktik təcrübəyə əsaslanan qeydləri və tövsiyələri tərbiyəvi mahiyyət daşımaqla, əməliyyat-axtarış işinin konstitusiyasıdır.

Cinayətkar – oğru şəxsiyyəti haqqında qeydlər

“Oğrular” – “Memuar” traktatında yazır ki, özünü hamıdan üstün bilib supereqolu olmaq insanı qürurlu etmir. Bu, oğruların şəxsiyyətində, mənəvi dünyagörüşündə əsas təəssüratdır. Lakin oğrular hamıdan fərqlənmək üçün ən imkanlı adamların belə yaşadığı həyat tərzindən daha üstün olmağa çalışır, pullarını və gücünü nümayiş etdirirlər. Onlar daha qiymətli əşyalarla bəzənirlər, heç kimdə olmayan, heç kimin yaşamadığı həyat tərzində olduqlarını sübut etməyə çalışırlar. Onların hamısı övladları üçün mükəmməl ata obrazında, həyat yoldaşlarına sədaqətli ər təəssüratı yaradırlar.

Onlar xaraktercə zəifdir, iradəsizdir, qorxaqdır. Göz qamaşdıran qiyafənin içərisində gəzməklə daldalanırlar. Onlar bu peşəni asanlıqla tərk etmirlər.

Onlar həbs edildikdə, bu peşə oğruları başqalarına nisbətən daha uyğun, daha itaətkar və faydalı olmağa çalışırlar, verilən bütün suallara dəqiq və düzgün cavab vermək görüntüsü yaradırlar. Çalışırlar ki, öz əməllərinə məsumluq donu geyindirsinlər. Bunu izah etmək çətindir, ancaq izahı var.

…Onlar bilirlər ki, belə davransalar tez bağışlanaraq, azadlığa çıxacaqlar. Bu oğru xarakteridir. İstisnalar olsa da, bu kimi ictimai təhlükəli xarakterli adamların ümumi mənzərəsini dəyişmir!…

Ejen Fransua Vidokun hüquq-mühafizə orqanları tarixində xidmətləri sırasına daxildir:

-Kriminalistik identifikasiya (eyniləşdirmə), ballistik ekspertiza;

-Əl, ayaq-ayaqqabı izlərinin köçürülməsi və öyrənilməsi;

-Maskalanma və nəzarət;

-Silinməz mürəkkəb və dəyişməz boyama kağızlarına aid patentlər;

-Detektiv – xəfiyyəçilik agentliyi bürosu.

Vidok “Sürte” Təhlükəsizlik təşkilatından istefa verib bir müddət detektiv – xəfiyyəçilik agentliyini idarə etdikdən sonra Avropada ən çox satılan memuarlar yazmaqla ömrünü başa vurub. Qəzetlər onun ölümü ilə bağlı manşet xəbərlərində belə bir qeyd verir: “Parisdə böyük tarixi şəxsiyyət öldü – Avropadakı ən peşəkar oğrulardan biri olan məşhur Vidok öldü. O, potensialı, sərgüzəştləri və təcrübəsi ilə dünyaya nümunə oldu”. 

Hamısını Göstər

Related Articles

Back to top button