“Cinayətləri ortadadır…” – Adil Əliyevdən Ramiz Mehdiyevə şok ittihamlar
Milli Məclisin vitse-spikeri Adil Əliyevin müsahibəsini Ovqat.com-a istinadən təqdim edirik.
-Salam, Adil müəllim. Məlumdur ki, bütün Azərbaycan ictimaiyyəti Ramiz Mehdiyevin əleyhinə danışır. Akademik isə nədənsə yalnız bir neçə nəfərin adını çəkib, onlardan gileylənib. Həmin siyahıda sizin də adınız var. Sizcə, niyə o hesab edir ki, deputat Adil Əliyev akademik Ramiz Mehdiyevi tənqid etməməlidir?
-Əvvəla, ondan başlayım ki, mən bu barədə danışmaq istəmirdim. Sizin müsahibə təklifinizlə ona görə razılaşdım ki, bu adam dayanmadan ittihamlarını, yazılı açıqlamalarını davam etdirir. Onun bu ittihamları qarşısında susmaq isə başqa təəssüratlar yaradır. O gün xaricə sığınmış müxaliflərdən biri mənim akademikə niyə cavab vermədiyimi dilə gətirir və öz aləmində karyerama kölgə salmaq istəyirdi. Mən də bütün bu amilləri nəzərə alaraq sizin təklifinizlə razılaşdım.
O ki qaldı sualınıza, bunu akademikin özündən soruşsanız, daha doğru olar. Mən bir deputat, Milli Məclisin sədr müavini, idmançı, bütün bu statuslarımdan öncə dövlətini sevən vətəndaş kimi ölkəmdə baş verən proseslərə həmişə münasibət bildirmişəm, bildirməliyəm də. Xalqından mandat almış biri olaraq bu, təkcə mənim şəxsi hüququm yox, həm də ictimai vəzifəmdir. Xalqın təmsilçisi olan hər bir millət vəkili siyasi proseslərə, ölkənin taleyüklü problemlərinə öz mövqeyini ifadə etməli, neqativ hallara qarşı çıxmalıdır. Mən də öz məsuliyyətini anlayan bir millət vəkili olaraq həm mənəvi, həm də qanuni vəzifəmi yerinə yetirirəm. Sözsüz ki, fikirlərim, hadisələrə münasibətim hansısa “akademik”lərin, “professor”ların xoşuna gəlməyə bilər. Mən onlar qarşısında yox, seçicilərim qarşısında məsuliyyət daşıyıram. Ölkədə gedən siyasi proseslər birbaşa seçicilərimin, dövlətimin, xalqımın maraqları ilə əlaqədardır. Belə məsələlərə laqeyd yanaşmaq millət vəkilinə yaraşmaz. Ramiz Mehdiyevin onu tənqid edən millət vəkillərini hədəfə alması necə bir dövlət adamı olmasından xəbər verir. Bu adamda zərrə qədər dövlətçilik şüuru olsaydı, tənqidə dözümlü yanaşar, emosiyalara qapılmadan səhvini etiraf edər və istefa verib istirahətə gedərdi. O isə haqlı iradları süngü ilə qarşılayır…
-Amma deyir ki, adını sadaladığı adamlar ona iftira atır və buna görə həmin şəxsləri məhkəməyə verə bilər.
-Kimisə məhkəməyə vermək və ya verməmək onun vətəndaşlıq hüququdur. Kimliyindən asılı olmayaraq, hər kəs bu hüquqdan istifadə edə bilər. Biz də onun bu hüququna hörmətlə yanaşmalıyıq. Ramiz Mehdiyevin bu sözləri adını sadaladığı şəxslərdən kimə şamil etdiyini deyə bilmərəm. Mən öz fikirlərimə cavabdehlik daşıyıram. Yəqin ki, mənim onun barəsində yazdığım facebook statusumu, mediaya verdiyim açıqlamaları siz də oxuyubsunuz. Mən orda hansı təhqiramiz ifadələri işlətmişəm? Demişəm ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Karantin qaydalarını pozan yüksək rütbəli məmur hüquq mühafizə orqanları qarşısında cavab verməlidir. Necə ki, Ümumdünya Səhiyyə Təşkilatının direktivlərinə uyğun olaraq ölmüş dədəsinə yas saxlaya bilməyən sadə vətəndaşlar bunu etməyə məcburdur. Özünü böyük dövlət xadimi sayan, mənəviyyatdan, əxlaqdan danışan, Qurandan, hədisdən sitat gətirib peyğəmbərlik eşqinə düşən Ramiz Mehdiyev mənim hansı fikrimlə razılaşmır? Axı, Azərbaycan Konstitusiyasına görə, biz hüquqi, demokratik dövlətin vətəndaşlarıyıq və bu cür dövlətlərdə heç kimin heç kimdən üstünlüyü yoxdur. Vəzifəsindən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəs qanun qarşısında eyni hüquqludur. Ramiz Mehdiyev isə, görünür, özünü xüsusi imtiyazlı şəxs kimi görür və qanunu pozduğuna görə ona tutulan kiçik bir irada belə, sərt reaksiya verir. İmtiyazını isə guya hakimiyyətə xidmətləri ilə əsaslandırır. Halbuki onun hakimiyyətə, mərhum ulu öndər Heydər Əliyevə, prezident İlham Əliyevə nə qədər sədaqətli olduğu mübahisəlidir. Heç kəs bu ölkədə çörəyi qulağına yemir. Kimin kim olduğu, bu hakimiyyət üçün nələr etdiyi hər kəsə bəllidir. Məşhur bir mahnının sözləri ilə desək, Ramiz Mehdiyevə “mürgülü xatirələri yada salmamağı” məsləhət görürəm.
Üstəlik, uzun illər boyu hakimiyyətin ən yüksək pillələrində təmsil olunmaq insana əlavə imtiyaz vermədiyi kimi, əksinə onun qanunlara tabeçilikdə mənəvi məsuliyyət yükünü artırır. Sən əgər siyasi liderə, qanunlara sadiqsənsə, onun tələblərinə hər kəsdən daha çox əməl etməli, yaxşı nümunə ortaya qoymalısan. Ramiz Mehdiyevin ortaya qoyduğu nümunə isə itaətsizlikdir. Bunu yalnız o adam edər ki, insanları qanuni hakimiyyətə qarşı üsyana çağırır, ölkədə hərc-mərclik salmaq istəyir. Təsadüfi deyil ki, hakimiyyət nümayəndələrinin xoş niyyətlə tutduğu iradı süngüylə qarşılayan akademik onları müxalifətlə müqayisə edir və üstünlüyü hakim zümrənin qanını içməyə hazır olanlara verir. Müxalifəti mənəviyyat əhli, öz komanda yoldaşlarını isə ikiüzlü, məkrli zümrə kimi tanıdır. Məncə, bu fikirləri səsləndirməzdən əvvəl o, öz siyasi mövqeyini müəyyənləşdirməli, açıq-aşkar müxalifətə keçməli idi. Hakimiyyət pramidasının ən yüksək mərtəbəsində oturub müxalifətdən daha müxalif mövqe tutanlar, xalq üçün itaətsizlik nümunəsi yaradanlar, Ramiz müəllim qüsura baxmasın, daha çox ikiüzlülük təsiri bağışlayır.
-Cəmiyyətdə belə bir fikir var ki, akademikin həmin siyahıda adını çəkdiyi adamlar onun sayəsində ortaya çıxanlardır. İddiaya görə, Ramiz Mehdiyev bu adamların adını çəkməklə keçmişlərini yada salmağa çalışıb…
-Nə demək istədiyinizi başa düşürəm. Amma əminliklə sizə deyərəm ki, nə mənim, nə də yaxınlarımın yüksəlişində Ramiz Mehdiyevin zərrə qədər də rolu olmayıb. Əksinə o, bütün milli qüvvələr kimi bizim də ayağımızın altını qazıb. Ümumiyyətlə, bu adamın işi-peşəsi mütərəqqi, dövlətə bağlı qüvvələri sıradan çıxarmaq idi. Onun bu məkrli siyasətindən ən çox əziyyət çəkənlərdən biri də mən və yaxın çevrəmdir. Bunu bizi yaxşı tanıyanlar gözəl bilirlər. Ramiz Mehdiyevin mənim yüksəlişimdə heç bir iddiası ola bilməz. Mən dövlətimə sadiq adamam və hər nə qazanmışamsa, prezident İlham Əliyevin sayəsində qazanmışam. Ramiz Mehdiyevin ətrafına topladığı qüvvələr hər kəsə bəllidir. Onların hansı prinsiplə işləməsi də, akademikin hansı kriteriyalara görə öz kadrlarını yüksəltdiyi də heç kimə sirr deyil. Təəssüf ki, mənim ictimai statusum çox şeyləri deməyə imkan vermir. Çünki qanunverici hakimiyyətin sədarətində təmsil olunuram. Məhkəmə hakimiyyətinə aid olan məsələlərə qarışmağım düz çıxmaz. Hesab edirəm ki, hüquq mühafizə orqanları Ramiz Mehdiyevin əməlləri və çevrəsi barədə kifayət qədər informasiyaya malikdirlər. Zamanı gələndə onlar öz sözlərini deyəcəklər və təkzibolunmaz faktları bir-bir ortaya qoyacaqlar.
-Yeri gəlmişkən, eşitdiyimə görə, qardaşınız Məhərrəm Əliyevin BŞBPİ-nin rəisi vəzifəsindən uzaqlaşdırılmasında Ramiz Mehdiyevin xüsusi rolu olub…
-Bəli, Məhərrəm Əliyevin vəzifəsindən uzaqlaşdırılması ssenarisi Ramiz Mehdiyevin kabinetində cızılıb.
-Bəs indiyədək hüquq mühafizə orqanları nəyi gözləyirlər? Ramiz Mehdiyev barədə ən ciddi ittihamlar irəli sürülür. Hətta özü də açıqlamasında bildirib ki, bəzi şəxslər məni dövlətə xəyanətdə ittiham edirlər. Sizcə, niyə hüquq-məhkəmə sistemi bu iddiaları əsas götürüb bu adam barəsində cinayət işi açmır?
-Elə məsələlər var ki, fərdilikdən çıxır və dövlətlərarası məsələyə çevrilir. Xüsusilə Ramiz Mehdiyev kimi hakimiyyət pramidasının ən yuxarı pillələrində təmsil olunmuş şəxslərlə bağlı məsələlərə istənilən dövlət təmkinlə yanaşır, onların öz səhvlərini başa düşüb tövbə etməsinə şərait yaradır. Bir də indiki kritik məqamda həmin məsələlərin açılıb-ağardılması ciddi qalmaqallara yol aça bilər. Görünür, məhz bu səbəbdən də hüquq-məhkəmə sistemi ehtiyatla davranmağa üstünlük verir. Çünki Ramiz Mehdiyevin barəsində irəli sürülən ittihamların məhkəmə predmeti olması, özünün də dediyi kimi, qonşu dövlətlərlə münasibətlərin korlanmasına yol aça bilər. Məhz bu səbəbdən, belə məhkəmə prosesləri adətən tam məxfi aparılır. Görünən budur ki, akademik də bunun fərqindədir və AMEA-nın rəsmi saytını özünün şəxsi blok səhifəsinə çevirməsi də, başqa dövlətlərin adını çəkib öz müdafiəsinə qoşmağa çalışması da bu arxayınçılığından irəli gəlir. Açığı, Azərbaycan dövləti bu amilləri nəzərə alıb, onu hörmətlə yola salmaq istəyirdi. Prezident İlham Əliyev akademikə dövlət mükafatı təqdim edərkən də əslində bu mesajı vermək istəyirdi. O isə keçmiş missiyasını əldən verməmək üçün iki ayağını bir başmağa dirədi. İddialara inansaq, Akademiyada otura-otura yenə özünə bağlı kadrları ölkənin əsas idarəçisi kimi qəbul edir, iclaslar keçirirdi. Dövlət də məcbur olub onunla danışıq tərzini qismən sərtləşdirdi. Bu adam hələ də ona verilən mesajı anlamaq fikrində deyil. Bir çox inzibati tədbirlər də onun bu inadkarlığı səbəbindən baş verdi.
-Niyə axı Ramiz Mehdiyevin əsl cinayəti ifşa olunmamalıdır? Rusiyadan bu qədər çəkinməyimizin səbəbi nədir? Xüsusilə Ramiz Mehdiyevin yazılı açıqlamalarının birində Azərbaycan hakimiyyətini Rusiya ilə təhdid etməsi fonunda bu sual daha çox maraq doğurur.
-Mən Azərbaycan dövlətinin kimdənsə çəkinib əsl həqiqətləri ortaya qoymaması fikriylə razı deyiləm. Bilirsiniz ki, cənab prezident İlham Əliyev bu yaxınlarda Putinə zəng edib Ermənistanı silahlandırdığı üçün ona açıq-aşkar öz sərt iradını çatdırdı. Rəsmi Bakı bununla da kifayətlənmədi, Prezidentin Mətbuat Xidməti vasitəsilə həmin telefon danışığı barədə müfəssəl məlumatı ictimailəşdirdi. Ardınca Prezidentin köməkçisi Hikmət Hacıyev Rusiya Müdafiə naziri Şoyqunun bu məsələ ilə bağlı açıqlamasını şübhə altına alan bəyanatla çıxış etdi. Təbii ki, rəsmi Bakı siz dediyiniz kimi kimdənsə ehtiyat etsəydi, bu addımları atmazdı. Məsələ burasındadır ki, dövlətçilik ənənələrindən doğan bəzi zəruri davranış qaydaları var. Müxalifətçilərdən, jurnalistlərdən fərqli olaraq, dövlət öz əsaslı şübhələrini dilə gətirməməli, əlindəki resurslardan istifadə edib bütün iddiaları araşdırmalı və yekun qərara gələndə ondan tələb olunan zəruri addımları atmalıdır.
-Gəlin, razılaşaq ki, Ramiz Mehdiyevin fəaliyyəti barədə kifayət qədər ittihamlar hələ illər öncə irəli sürülmüşdü. Xatırlayırsınızsa, Gülər Əhmədova qalmaqalında onun bəzi deputat namizədlərindən külli miqdarda rüşvət alması, hətta içərisi pul dolu diplomatı vintaçanla açdığı kimi iddialar səsləndirilmişdi. Amma nədənsə bu ittihamlar dövlət orqanları tərəfindən araşdırılmadı.
-Araşdırılmasına araşdırıldı. Amma cinayətin bütün məsuliyyəti Gülər Əhmədovanın ayağına yazıldı. Bunun səbəbi odur ki, Ramiz Mehdiyev onda hələ hakimiyyətin ən yüksək pillələrində yer alırdı. Hüquq mühafizə orqanlarındakı kadrları vasitəsilə günahı bir qadının boynuna qoya bildi. Hadisənin digər şahidi Sevinc Babayeva isə Türkiyəyə qaçdı və müəmmalı şəkildə öldü. Bu gün başqalarına əxlaq dərsi keçən Ramiz Mehdiyev öz günahına görə qadınları güdaza verməsinin eybinə kor olmağı bacarmalıdır. Yüksək əxlaqi keyfiyyətlər, mənəvi kişilik bunu tələb edir. Tarix boyu Azərbaycan kişisi qadınların taleyi müzakirə mövzusuna çevriləndə bir qayda olaraq öz sinəsini qabağa verib onları qoruyub. Hətta ən cinayətkar məxluqlar belə bu yazılmamış qanuna sədaqət göstəriblər. Özünə akademik deyən, xalqa dini kəlamlardan moüzə oxuyan elm xadimi gərək bu məsələdə daha həssas ola…
-Moüzə demişkən, Ramiz Mehdiyevin yazılı açıqlamalarında tez-tez dini kəlamlara müracət etməsini necə qiymətləndirirsiniz? Mən bilən onun ilahiyyat təhsili yoxdur. Əksinə, ilk alimlik dərəcələrini, səhv etmirəmsə, elmi kommunizmdən alıb.
-Akademikin əleyhdarlarına verdiyi yazılı açıqlamalarında dini motivlərə istinad etməsi mənə də qəribə gəldi. Dediyiniz kimi, bu adamın elmi araşdırmaları ateist nəzəriyyələrlə bağlı olub. Uzun illər Azərbaycan Dövlət Universitetində elmi kommunizmdən “moüzələr” oxuyub. 82 yaşında isə birdən-birə dindarlaşıb. Quran yaşından asılı olmayaraq, hər kəsə tövbə etmək haqqı verir. Ramiz Mehdiyevin də, təbii ki, bu haqqı var. Amma tövbə edən şəxs gərək bu günə qədər etdiyi bəd əməllərinin nəticələrini aradan qaldıra. Bunu etmədən insanın tövbəsi qəbul olunmaz. Ramiz Mehdiyev niyə tövbə edir, bilirsiniz? Çünki 25 ildir əyləşdiyi kreslosunu əldən buraxmaq istəmir. Bir növ Allahın kəlamlarının arxasında gizlənib cəmiyyəti uçuruma sürükləmək siyasətini davam etdirməyə çalışır. Sitat gətirdiyi ayə isə Rəd surəsinin 11-ci ayəsidir. Orda bir qövmün özünü dəyişdirməsə, halının dəyişilməyəcəyindən söhbət gedir. Bu ayənin ruhu Ramiz Mehdiyevin arzu və istəkləriylə ziddiyyət təşkil edir. Çünki Ramiz Mehdiyev Azərbaycanı keçmiş sovet sistemində olduğu kimi idarə etmək arzusundadır. Yəni cəmiyyəti ən azı 30 il geriyə sürükləmək, yerində saydırmaq istəyir, amma “Öz”ün, mahiyyətin dəyişilməsindən danışır. Bilirsinizmi, bu nəyə bənzəyir? Vaxtilə Həzrət Əliyə qarşı döyüşən Müaviyə ordusu məğlub olduğunu görəndə nizələrinə Quran taxıb imamın əsgərlərinin qarşısına çıxmışdı. Bununla da qarşı tərəfin dini duyğularını istismar edərək canlarını qurtarmışdılar. 82 yaşına qədər elmi-ateizmin ən öndə gedən təbliğatçısının indi Qurandan ayə gətirməsi adama bu səhnəni xatırladır. Halbuki, o, Marksdan, Engelsdən də sitat gətirə bilər və daha səmimi görünərdi. Yeri gələndə Marks da, Engels də bəşəriyyətin yetişdirdiyi böyük dahilərdəndir və dünyanın bir çox yerlərində, hətta kapitalizm sistemində onların fikirləri ciddi mənbə kimi qəbul olunur. Ramiz Mehdiyev isə nədənsə bu dahi şəxsiyyətlərə deyil, dini motivlərə istinad edərək özünü qorumağa üstünlük verir. Bununla həm də tövbəli olduğunu göstərmək istəyir. Mən də Ramiz müəllimə elə Qurandan bir hekayəni xatırlatmaq istəyirəm. Müqəddəs kitabımızda deyilir ki, firon dənizdə boğularkən tövbə edir. Amma Allah onun tövbəsini qəbul etmir. Çünki son nəfəsdə edilən tövbələr qəbul olunmaz. Sən əgər bu günə qədərki səhvlərini və onların nəticələrini düzəltmək imkanına sahib deyilsənsə, etdiyin tövbənin nə mənası var? Ramiz Mehdiyev son 25 ildə Azərbaycan xalqına vurduğu zərərləri necə kompensasiya etmək istəyir-siyasi hakimiyyətə itaətsizliyi iləmi? Yoxsa Elmlər Akademiyasının elmi məcmuəsi kimi tanınan bir saytı özünün siyasi mülahizələrinin tirajlandığı şəxsi blok səhifəsinə çevirməkləmi? Yeri gəlmişkən, AMEA-nın rəsmi saytında siyasi açıqlamalar verməyin özü də bir cinayətdir, qanun-qayda tanımamaq deməkdir. Ramiz Mehdiyev qanunlara itaətsizliyini bu sahədə də davam etdirir.