CİNAYƏTKARLIQ – tarixən dəyişən sosial və cinayət-hüquqi hadisədir
Hansı cəmiyyətdə sosial həmrəylik güclüdürsə, orada cinayətlər də azdır”. Alfred Dürkheym (Alman militarizmi əleyhinə olan Fransa sosioloqu (1858-1917))
Cinayətkarlıqla mübarizə cinayətkarlığa, onu doğuran səbəb və şəraitə təsir edə biləcək çox aspektli mürəkkəb fəaliyyət istiqamətlərindəndir.
Cinayətkar davranış modeli cinayətlərlə bağlı motivasyanın formalaşdırılmasını, düşüncələrdə cinayətin törədilməsinə səmtlənən qərarların qəbulunu və onun həyata keçirilməsi-icrasını realizə etməkdən ibarət olur. Motivasiya isə öz növbəsində cinayətlərin törədilməsi prosesinin meydana gəlməsini, cinayətkar davranış motivinin və davranışın məqsədini özündə ehtiva edir. Davranış motivi daxili inamın, istək və arzunun, daxili tələbat və ehtiyacın, özəl marağın, hisslərin, bir az da konkretləşdirsəm xarici mühitin təsiri altında konkret situasiyanın əmələ gəlməsidir.
Bəzi alimlər ictimai həmrəyliyin zəif olduğu ölkələrdə cinayətlərin də çox olduğunu önə çəkirlər. İnsan sosial varlıq, cinayətlər sosial hadisə, cinayətləri doğuran səbəb və şərait sosial səbəblər, əməlin təhlükəlilik dərəcəsinə görə tətbiq edilən cəzanın məqsədi isə sosial ədaləti bərpa etməkdən ibarət olduğuna görə sosial hadisələrin tədqiq edilməsi önəm kəsb edir.
Bəzi elmi mülahizələrə görə İctimai həmrəylik zəiflədikcə fərdlər arasında əlaqə də zəifləməyə başlayır.
Tarixən fərdlərin bir-birinə ehtiyacı yaranıb. Orqanizm üzvlərinin bir-biri ilə sıx bağlılığı olduğu kimi, hər kəsin başqasından müəyyən mənada asılılığı tarixi bir zərurətə çevrilir. Mövcud asılılıq və digər səbəblər müəyyən qrupu qəsdən cinayət törətməkdə birgə iştiraka vadar edir. Sosial problemlər artdıqca cinayətkarlığın budaqlarında ictimai münasibətlərə zidd hərəkət və hərəkətsizliklərin baş verməsi “qanuniləşir”, cəmiyyət üçün arzuolunmaz müəyyən ictimai təhlükəli əməlin baş verməsinə sosioloji zəmin yaranır. Cinayətlərin törədilməsi barədə “qərara gəlmə” mümkün zamandan istifadə etməklə şəxsi maraqların icraya yönəlməsi ilə aktuallaşır. Fərd cinayət məcəlləsi ilə cəza təhdidi altında təqib olunacağını bilə-bilə ictimai münasibətlərə zidd əməlinin baş verməsini arzulayır. Burada şəxsin hüquqa zidd məqsədinin həyata keçirilməsi müəyyən vasitələrin və digər mümkün şəraitin seçimi ilə sıx bağlı olur.
Cinayətə meyilli sübyektlərin ictimai münasibətlərə zidd hərəkət və ya hərəkətsizliklərin törədilməsinə yönələn qərarın qəbul edilməsi ilə niyyətin icrası-qəsdən törədilməsi mərhələsi başlayır, ictimai təhlükəli əməl qətiləşir. Cinayət törədildikdən sonra sübyekt baş verənləri və cinayət yolu ilə əldə etdiklərini təhlil edir, cinayətin izlərinin gizlədilməsi ilə məşğul olur, onun ifşa oluna biləcək imkanlarını qapamağa və cinayət məsuliyyətindən yayınmaq üçün yollar axtarmağa çalışır. Dövlətə mənsub, onunla siyasi və hüquqi bağlılığı olan belə vətəndaşları aşkar və yaxud qeyri-aşkar şəraitdə ictimai təhlükəli əməlləri törədən ”təcrübəli kontingentlər” də adlandırmaq olar. Daxili işlər orqanlarının bu sahədə hamıya görk olacaq, barmaq silkələyəcək prinsipallılıq və peşəkarlığı nəticəsində təqsirlərini etiraf edən belə şəxslərin məsuliyyətə cəlb olunması uzun çəkmir. Müqayisəli rəqəmlərə diqqət edək: 2023-cü il ərzində qeydiyyata alınan 36.811 cinayətlərin 15.253-ü (41,4%-i) iqtisadi sahədə, 14.716-ı (40%-i) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə , 5.302-i (14,4%-i) şəxsiyyət əleyhinə olan ictimai təhlükəli əməllər olsa da, təqsirkarların məsuliyyətindən yayına bilməsinə imkan verilməmiş, qeyri-aşkar (ictimaiyyətə bəlli olmayan tərz və şərait) şəraitdə baş verən cinayətlərin 85%-nin, ağır və xüsusilə ağır cinayətlərin 90%-nin açılması təmin edilmişdir. Şəxsiyyət əleyhinə olan cinayətlərin (5.301 fakt) də 99%-i (98,4%-i) təxirə salınmaz əməliyyat axtarış tədbirləri nəticəsində açılmışdır. Qəsdən adam öldürmələrin 96,1%-i, adam öldürməyə cəhdlərin 97,4%-i, sağlamlığa qəsdən ağır zərərvurmaların 98,9%-i, quldurluqların 98%-i, soyğunçuların 98,1%-i, artımla davam edən dələduzluqların 92,1%-nin də açılması polis orqanlarının peşəkarlığı ilə davam edən qətiyyətli istintaq, əməliyyat-axtarış tədbirlərinin zərgər incəliyi ilə təşkilindən və verilən tapşırıqların dəqiqliyindən asılı olmuşdur. Kollektiv sübyektlərin (mütəşəkkil cinayətkar fəaliyyətin, dəstələrin, birliklərin və qrupların) qarşılıqlı əlaqədə oduğu sistemli fəaliyyəti nəticəsində planlaşdırılmış niyyətlərinin də qarşısı alınmışdır. Ötən il ərzində ağır və xüsusilə ağır cinayətlər törətmiş 254 kriminal qrup polisin daxil olmuş məlumatlara çevik reaksiyası nəticəsində zərərsizləşdirilmişdir. Təhlükəsizliyimizin keşiyində ayıq-sayıq dayanan polis orqanları tərəfindən 247 şəxs – qanunsuz odlu silah saxlayanlar və daşıyanların da ittihamı təsdiq edilmiş, məhkəmə məsuliyyətinə cəlb edilmişlər. Bu mənada cinayətkarlıq tarixən dəyişən sosial və cinayət-hüquqi hadisə olaraq özündə müəyyən ərazidə və məkanda cinayətlərin dinamikasını əks etdirir. Zənnimcə cəmiyyət də ictimai təhlükəsizliyin təmin olunmasında özünü kənara çəkməməli, Konstitusion vəzifələrindən “azad” etməməlidir. Qeyd etmək yerinə düşərdi ki, sosial və ictimai qaydanın, habelə əhalinin rifah halının yaxşılaşdırılması həm də ictimai həmrəyliyə nail olmaqdan keçir.
Cinayətkarlığa qarşı mübarizənin təşkili və onun ictimai təhlükəsizlik dərəcəsini müəyyən etməklə, cinayətlərin miqyasını, konkret şəraitdə, yerdə və vaxtda baş verməsini, tendensiyasını, habelə cinayətkarliqla mübarizənin istiqamətlərini öyrənməyə imkan verir . Cinayətkarlığı doğuran səbəb və şəraiti tədqiq edib onun aradan qaldırılması(onun sosial iş-istiqamətləri, sosial-qruplar, sosial-ərazi və sosial-sahəvi) konkret xəbərdarlıq tədbirlərinin hazırlayıb həyata keçirilməsi məqsədini daşıyır. Bu, cinayətkarlığın sosial xarakteristikasını ehtiva edir.
Cinayətkarlığın daxili, özünə xas cəhətləri isə hüquq mühafizə orqanlarının cinayətkarlığa qarşı təkmil, birgə mübarizənin gücləndirilməsində ifadə olunur. Hüquq-mühafizə orqanlarının 2023-cu il ərzində cinayətkarlığa qarşı həyata keçirdikləri birgə mübarizə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasına da təsir etmişdir. Ötən il ərzində keçmiş illərdən bağlı qalmış 426 cinayət, 3.324 cinayət isə “isti izlərlə” açılmış, sübyektlərin şəxsiyyəti barədə əldə edilən məlumatlar nəticəsində təqsirli bilinənlər zərərsizləşdiriliblər. 2022-ci il ilə müqayisədə 2023-cü ildə beynəlxalq axtarışa verilən 108 nəfərdən 53-nün yeri müəyyən edilib.
Qeyri-Leqal dövriyyədən 4 ton 464 kg narkotik vasitələr çıxarılmışdır. (2022-ci il ilə müqayisədə 1 ton 46 kg çoxdur). 268 ton 881 kg narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.
Cinayətkarlığın sosial konteksdə öyrənilməsi də mühüm əhəmiyyət kəsb edir. Regionda(hər hansı bir ərazidə) baş verən cinayətlərin sosial cəhətləri diqqət çəkir. Əhali və əhalinin tipi, yaşı, milliyyəti, hansı dinə mənsub olması, ailə vəziyyəti, əhalinin sayına görə vəziyyəti ön planda durur. Cinayətkarlığın sosial-iqtisadi, sosial-siyasi və sosial-mədəni cəhətləri təhlil edilərək öyrənilir.
Cinayətlərin baş verməsinə təsir edən əsas və ümumi səbəblərdən biri sosial faktorlardır. Əhalinin formalaşdığı sosial mühit və həmin mühitdəki həyat tərzinə və ictimai münasibətlərin inkişafındakı roluna nəzarət var, müvafiq sosial şəraitdəki maddi və mənəvi cəhətlərinə qayğı ilə yanaşılır.
Sosial dövlət mühiti də burada rol oynayır. Ötən il əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 360 fakt təşkil edib. Avropa ölkələri ilə müqayisədə Azərbaycanın vəziyyəti müqayisə olunmazdır. Almaniyada 7903 , Danimarkada 8475, Belçikada7760, Avstriyada 6120 və digər Avropa ölkələrində 100 min nəfərə düşən cinayətlərin sayı çox olduğu halda Azərbaycanda bu rəqəm360 faktdır. Bu, Azərbaycan dövlətinin özünə xas siyasi və idarəçilik fenomeni kimi tarixi inkişafından, onun iqtisadi, siyasi, hətta geosiyasi vəziyyətindən irəli gəlir.
Göründüyü kimi, cinayətkarlıqla mübarizə peşəkarlıq və prinsipallıqla davam edir. Cinayətlərin bəzi növlərində artım müşahidə edilsə də vəziyyətin dəyişilməsi müəyyən qrupun, ayrı-ayrı vətəndaşların deformasiyaya uğrayan davranışlarından və cinayətkarlığın sosiologiyasından da asılı olur. Amma cinayət varsa, mübarizə və cəza da var. Bütün hallarda cinayətkarlığın hüdudları qanunla müəyyənləşdiyindən, onunla mübarizənin aspektləri də qanunla təşkil edilir.
Belə yanaşma hüquqpozmalarin digər növlərinin sosial neqativ hərəkətlərinə qarşı müşahidə edilmir. Təkrar qeyd etmək yerinə düşəndir ki, cinayətlər sosial hadisə, onu törədən sübyektlər sosial varlıq, cinayətkarlığı doğuran səbəblər sosial faktorlu və sonda təqsirləndirilən sübyektlərə qarşı tətbiq edilən cəzanın əsas məqsədi sosial ədalətin bərpasından ibarət olduğundan iqtisadi, sosial və siyasi cəhətdən inkişaf etmiş demokratik dövlətlərdə cəmiyyətin hüquqi vəziyyətinə xas yeni cinayətlər baş verir və yeni cinayətkarlar olur, olacaq.
Bu mənada istənilən cəmiyyətlərdə, hətta ekstremal şəraitlərdə – təbiət hadisələri , texnogen və sosial faktorlarla bağlı mürəkkəb məcmuya malik cinayətlər qeydə alınır. Ona görə də cəmiyyətin hər bir üzvü daha çox vətəndaş cəmiyyəti fəaliyyət istiqamətlərinə uyğun cinayətlərin fərdi xəbərdarlığına, proflikatikasına səy göstərməli, ekstravaqant davranışlar və insanların əhəmiyyət kəsb edən fərdə xas xarakterik cəhətləri diqqət çəkməli, cinayətlərin baş verməsinə imkan verəcək davranışlara qarşı birgə səylər formalaşmalıdır.
Cari ilin I rübündə də cinayətkarlıqla mübarizə-ictimai təhlükəsizliyin təmini , ictimai qaydanın qorunması, vətəndaşların hüquq və azadlıqlarının nəzarətdə saxlanılması məqsədyönlü şəkildə davam etdirilib.
Hesabat dövründə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 8.930 cinayətin 85 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, mülkiyyət əleyhinə, o cümlədən oğurluqlar, soyğunçuluqlar, quldurluqlar, informasiya texnologiyalarından istifadə edilməklə törədilən, habelə qrup halında və ailə münaqişəsi zəminində baş verən, əvvəllər məhkum olunmuşlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqazidd əməllər 2023-cü ilin 3 ayı ilə müqayisədə azalıb.
Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə olan cinayətlərin açılması yaxşılaşıb.
2024-cü ilin birinci rübü ərzində qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu cinayətlərə görə 1.572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat hadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında 14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb. Vətəndaşların müraciətlərinə baxılmasının nəticələri əhali tərəfindən məmnunluqla qarşılanır.İstintaq prosesində cinayət yolu ilə şəxslərə vurulmuş 77.668.996 manat maddi ziyanın 80 faizi ödənilmişdir.
Bu sahədə bütün polis orqanlarının şəxsi heyətinə uğurlar arzulayırıq!
Polise.az