“Çox vaxt şəhid verməyimizə, obyektlərin vurulmasına hərbçilərin səhlənkarlığı səbəb olur”

Bunu hərbi ekspert Abuzər Əbilov deyib.

Onun sözlərinə görə,təhlükəsizlik qaydalarına əməl etməmək dövləti, vətəndaşları, hərbçiləri çıxılmaz vəziyyətdə qoyur:

“Hərbi sirrin hərbçilər, mülki şəxslər, o cümlədən sosial şəbəkə istifadəçiləri tərəfindənyayılması halları olur. Yəni düşmənə bilərəkdən, və ya bilməyərəkdən məlumat ötürülür. Belə olan halda, hansısa hərbi obyektinvurulmasına və ya əsgərlərimizin şəhid olmasına şərait yaranır. Təəssüf ki, cəbhə bölgəsinə yaxın ərazidə yaşayan sakinlər də, sərhədyanı ərazidə xidmət edən hərbçilər də, sosial şəbəkə istifadəçiləri də bu qaydalara çox vaxt riayət etmirlər. Lakin hərbçilərimiz şəhid olanda yazılar paylaşırlar ki, “Şəhidlər ölməz”, “Vətən bölünməz”, “Allah rəhmət eləsin” və s. Halbuki hərbçilərimizin şəhid olmasına və ya obyektlərimizin vurulmasına dediyim məqamlar səbəb olur. Hərbi sirrin qorunmaması və təhlükəsizlik qaydalarına əməl olunmaması cinayətdir. Bu, ciddi qanun pozuntusudur. Hətta ictimai nəqliyyatlarda da tabloda yazılıb ki, “Düşmənə sirr vermə”, “Çəkiliş etmə”, ”Sosial şəbəkələrdə hərbi obyektlərlə bağlı məlumatlar paylaşma”. Bu təhlükəsizlik qaydalarına əməl etməmək dövləti, vətəndaşları, hərbçiləri çıxılmaz vəziyyətdə qoyur”.

“Düşmən üçün postda yeri dəyişdirilən bir daş da məlumatdır. O məlumat artıq atəş yeridir”

“Müdafiə nazirinin müvafiq əmri ilə Azərbaycan Ordusunda smartfon tipli telefonların istifadəsi qəti qadağan olunub. Hərbçilər smartfon tipli telefonlarını hərbi hissəyə, döyüş xəttinə, poliqonlara daxil olarkən, söndürüb təhvil verməlidirlər. Bu yaxınlarda düşmən tərəfdən bizim postlarımıza təxribat üçün yaxınlaşan, posta hücum etmək istəyən Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda dislokasiya olunmuş hərbi hissəsinin zabiti bizim hərbçilər tərəfindən ələ keçirildi. Bu, hərbi uğurdur. Lakin bu hərbi uğuru bir neçə hərbçi çox aşağı səviyyəyə saldılar, əsiri postda smartfon telefon ilə çəkdilər. Bu da ildırım sürəti ilə yayıldı.Bu videodan düşmən tərəf istifadə edərək, beynəlxalq qurumlara müraciət etdilər. Cenevrə Konvensiyasını əsas gətirərək, əsirlə bu davranışı beynəlxalq hüquq normalarının tapdanması kimi qələmə verdilər. Bundan sonra da Azərbaycan Ordusunun nailiyyətlərinə kölgə salındı. Ona görə, həmin hərbçilər ağır cəzalandırıldılar. Xidmətdən kənarlaşdırıldılar, barələrində Hərbi Prokurorluqda cinayət işi başlandı. Onlar özlərinin və komandirlərinin karyeralarına ziyan vurdular. Təəssüflər olsun ki, bəzi sosial şəbəkə istifadəçiləri bu məsələdə hərbçilərin qərəzli olaraq cəzalandırıldıqlarını düşündülər. Lakin Müdafiə nazirinin verdiyi əmr var. Hərbə aid olan informasiyaları paylaşmaq olmaz. Düşmən üçün həmin postda yeri dəyişdirilən bir daş da məlumatdır. O məlumat artıq atəş yeridir” – deyə, hərbi ekspert bildirib.

Mənbə
sfera.az
Hamısını Göstər

Related Articles

Back to top button