Dəhşətli ailə cinayətləri niyə artır?

Elnur Rüstəmov: “Hələ uşaqlıqdan uşağın psixoloji vəziyyətinə diqqət etmək lazımdır ki, gələcəkdə yaşam tərzinə, fəaliyyətinə təsir göstərməsin”.

Mehriban Zeynalova: “Burada əsas problem qanunun təkmil olmamasıdır”

Son vaxtlar ailə cinayətlərinin artdığı müşahidə olunmaqdadır. Təkcə son bir həftədə iki dəhşətli ailə cinayətinin yaşanmasına şahidlik etdik. Belə ki, fevralın 13-də Şəmkirdə 34 yaşlı kişi 27 yaşlı hamilə arvadını və azyaşlı qızını amansızlıqla qətlə yetirdi. Ötən gün isə Tovuzda 42 yaşlı kişi 75 yaşlı ahıl atasını oldu silahdan atəş açaraq öldürüb. Bəs son vaxtlar ailə cinayətlərinin artmasının səbəbi nədir?

Tanınmış psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı Medianews.az saytına danışıb:


“Ümumiyyətlə, ailə cinayətləri ailə daxili zorakılıq, boşanma, son 20 ildə Azərbaycan cəmiyyətində artan templə gedən problemdir. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər ondan ibarətdir ki, cəmiyyət olaraq dünyaya inteqrasiya olunmuşuq, informasiya, qloballaşma əsrində yaşayırıq, bu baxımdan da ailə münasibətlərində tərəflər arasında münasibətləri tənzimlənmək üçün yeni yanaşmalar ortaya çıxır. Bu gün Azərbaycan ailələrində mühafizəkar, ənənəvi ailə modeli ilə müasirliyin toqquşmasını müşahidə edirik. Tərəflərin bir qismi düşünür ki, ailə münasibətləri müasir yanaşmalara uyğun tənzimlənməlidir, bir qisim isə bunun 40-50 il əvvəlki ənənələrə söykənməli olduğunu düşünür. Heç şübhəsiz ki, bunun da fonunda həm ailə daxilində, həm də ümumiyyətlə, kişi və qadın arasında problemlərin yaşandığını görürük. Müasirliklə ənənənin adaptatsiya prosesində boşanmalar, ailə daxili qətllər artmağa başlayıb. Yəni, indi adaptatsiya prosesindəyik. Düşünürəm ki, bu problem zamanla tənzimlənəcək və ortaq məxrəcə gəlinəcək”.

Psixoloq qeyd edib ki, problemin həlli üçün ilk öncə məlum konsepsiya hazırlanmalıdır:“Bəs bu prosesdə cəmiyyət olaraq biz nə edə bilərik? Birinci növbədə burada konsepsiyanın hazırlanması vacibdir və bunun üçün cavabdeh olan həm dövlət qurumları həm də QHT-lər, vətəndaş institutları aktiv iştirak etməlidirlər. Mütəxəssis kimi düşünürəm ki, biz əgər bunu müasirliklə quracağıqsa ənənəyə dayanan müasirliyi əsas götürməliyik. Yəni bu müasirlik ənənədən gələn məqamları da özündə ehtiva etməlidir. Hesab edirəm ki, belə olsa ailələr daha uzun müddətli və dayanaqlı olacaq, eyni zamanda tərəflər arasında münasibətlərin tənzimlənməsinə müsbət təsir göstərəcək.

Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda ailə dəyərlərinə, illərlə mövcud olan ənənələrə müdaxilələr var. Texnalogiya əsrində yaşadığımız üçün indi bu müdaxilənin qarşısını almaq çox çətindir. Bunun üçün də alternativ proqramın hazırlanmasına və bu istiqamətdə maariflənmə işinin aparılmasına ehtiyac yaranır.
Son iki ailə cinayətinə gəldikdə isə, məlum olur ki, hər ikisində tərəflərin psixoloji problemləri olub. Bu cür psixoloji problemlər də birdən-birə yaranmır. Bəzən bizə bu barədə müraciət edəndə deyirlər ki, şəxsdə əvvəllər də, yəni uşaqlıqda və yaxud yeniyetməlikdə də problemlər olub. Yəni, problem əvvəldən mövcud olub, sadəcə şəxs ailə qurduqdan sonra yeni münasibətlər ortaya çıxanda problem daha da dərinləşməyə başlayır. Məsələn, bu cür şəxslər qarşı tərəfi hər kəsə qısqanır. Əvvəl anasını, bacısını hər kəsə qısqanır, daha sonra isə həyat yoldaşını qısqanır və bu artıq patoloji qısqanclığa çevrilir.

Və yaxud şəxsin zərərli vərdişləri varsa ailə qurduqdan sonra bu zərərli vərdişlər özünün yeni formasını alır. Qarşı tərəf də bu zaman adekvat cavab verə bilmir və üstəlik ailədəki uşaq da bundan əziyyət çəkir. Yəni, bu kimi narahatçılıqlar varsa, bununla bağlı vaxtında tədbirlər görmək lazımdır. Yoxsa ki, problemi zamanın axarına buraxırlar və nəticədə faciələrə və yaxud ailə dramlarına gətirib çıxarır. Ona görə də hələ uşaqlıqdan uşağın psixoloji vəziyyətinə diqqət etmək lazımdır ki, gələcəkdə yaşam tərzinə, fəaliyyətinə təsir göstərməsin.
Daha bir məsələ, ailə qurduqdan sonra tərəflərin hansındasa problem aşkarlandıqda mütləq şəkildə ona dəstək göstərilməlidir. Əlbəttə ki, burada psixoloji dəstəkdən söhbət gedir. Bu psixoloji dəstək də əlçatan olmalıdır. Yəni, əhalinin böyük bir qismi bundan faydalana bilməlidir. Çünki bir çox insanlar var ki, bunun üçün maddi imkanları yoxdur.

Həmçinin boşanmaq üçün müraciət edən şəxslərə psixoloji dəstək göstərilməlidir. Əgər psixoloji dəstəkdən sonra tərəflər boşanmadan imtina edərsə, bu zaman ailə forması necə davam edir deyə həmin ailə nəzarətə götürülməlidir. Belə olan təqdirdə biz ailə cinayətlərini, ailə daxili zorakılıqları və boşanmaları minimuma endirə bilərik. Əks təqdirdə problem öz axarı ilə getsə gələcəkdə daha böyük fəsadlar yarana bilər”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da mövzu ilə bağlı fikirlərini bildirib:
“Burada əsas problem qanunun təkmil olmamasıdır. Müraciət edən şəxslər xəsarət almırsa polis, o cümlədən də prokurorluq heç bir tədbir görə bilmir. Yəni hansısa ailələrdə münaqişə qeydə alınır, amma bu zorakılıq kimi qəbul edilmir. Bu baxımdan çevik reaksiya vermək mümkün deyil, istiqamətləndirmək mexanizmi yoxdur. Hələ də “ailəyə qarışmayım” deyə mental düşüncələr var.

Baş verən son hadisələrdə cinayət törədən şəxslərin psixoloji problemləri olduğu deyilir. Əgər bunu hamı bilirdisə, niyə vaxtında tədbirlər görülməyib?

Düşünürəm ki, ilk öncə qanunun təkmilləşdirilməsi məsələsinə baxılmalıdır. Bəzən Milli Məclisin özündə də bu məsələ ilə bağlı müqavimətə rast gəlirik. Onlar da bəzən hesab edirlər ki, bu ailə məsələsidir və yaxud qadınların azadlığını fərqli başa düşürlər, hansısa zorakılığı normal qəbul edir, bunun adət-ənənədən gəldiyini deyirlər, sanki elə belə də olmalıdır və sairə. Xatırlayırsınızsa qanun qəbul olunanda da xeyli müqavimət olmuşdu. Bu baxımdan hələ də bunu ciddiyə almırlar ki, ailə məsələsidir.

Bir sözlə əsas məsələ qanunun təkmilləşməsi, sosial iş resusunun möhkəmləndirilməsi və bunun ailələrə daxil olmasıdır. Daha bir məsələ isə krizis deyilən mərkəzlərin açılmasıdır. Bu cür mərkəzlər bütün rayonlarda açılmalıdır ki, ailələr rahat şəkildə gedə bilsinlər, onlar üçün əlçatan olsun. Bu zaman problemlərin qismən qarşısını almaq mümkün olacaq”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi maliyyəsi əsasında nəşr olunur.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

Hamısını Göstər

Related Articles

Back to top button