Dağlıq Qarabağa nə qədər erməni qayıdıb?
BMT-nin 26 yanvar 2021-ci il tarixli məlumatına əsasən, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladıqları 10 noyabr bəyanatından sonra Ermənistandan Dağlıq Qarabağa təqribən 20 mindən bir qədər çox əhali qayıdıb.
Rusiya sülhməramlılarının nəzarət etdiyinə baxmayaraq, Dağlıq Qarabağa hələ də şübhəli simaların keçidini nəzərə alsaq, deyə bilərik ki, qayıdanların hamısının yerli əhali, yəni Azərbaycanın erməni vətəndaşları olduğunu güman etmək bir qədər riskli qərar olar. Əlavə etmək də yerinə düşər ki, sülhməramlıların statistikasına görə, geri dönənlərin sayı 50 minin üstündədir.
Statistika və saymaq üsulları fərqlidir, ancaq bir fakt yəqindir ki, BMT adətən bu kimi hesabatlarda əməkdaşlıq etdiyi yerli rəsmi qurumlardan aldığı rəqəmləri təqdim edir. Reallıqda statistikanın necə aparıldığına dair təfərrüatlı məlumat yoxdur. Ancaq məlum olanı budur ki, belə hallarda rəqəmləri “havadan” götürüb faktiki vəziyyət kimi təqdim etmək də optimal çıxış yolu deyil. Adı türk toponimindən uğursuzcasına oğurlanan və dünyanın heç bir xəritəsində əks olunmayan qondarma “Arsaxın prezident administrasiyasının rəhbəri” Artak Beqlaryan (yəni Bəyləryan) lap uzağa gedərək hazırda Dağlıq Qarabağda 100 min, hətta 120 min əhalinin yaşadığını iddia edir. Bu “əhali”nin hamısı təbii ki, Beqlaryana görə, ermənidir. Harada yaşadıqları da çoxsaylı sualların mövzusudur. Yəni Vətən müharibəsi başlamamışdan öncə Dağlıq Qarabağda 120 min erməni əhalisi yaşayırmış və onların hamısı bir nəfər kimi evlərinə qayıdıblar. Keçmiş separatçı “ombudsman” Beqlaryanın 32 yaşı var, o, 1988-ci ildə Xankəndidə dünyaya göz açanda əmi və dayıları artıq separatçılıq virusuna yoluxmuşdular. Gənc olmasına baxmayaraq, belə görünür ki, Artak saxtalaşdıma “elm”inin bütün incəliklərini əxz etməyə müvəffəq olub.
Beqlaryan yerli əhalini saydığı zaman Ermənistan paytaxtı Yerevanda da müxalifət öz sayımını aparır. Eks-prezident, əli xalqımızın qanına batmış Robert Koçaryan Rusiya mediasına verdiyi müsahibədə deyib ki, onun hesablamalarına görə, Ermənistan ordusunu yenidən dirçəldib ayaq üstə qoymaq üçün 3 milyard dollar pul lazımdır. Sonra da əlavə edib ki, Rusiya ilə elə əməkdaşlıq forması tapmaq lazımdır ki, ordunu bərpa etməyə müvəffəq olaq. Onun bu sözlərinin tərcüməsi təqribən bu anlama gəlir: Rusiya ilə elə dil tapmalıyıq ki, o 3 milyardı bizə versin. “3 milyard” deyilərkən təbii ki, pulsuz silah-sursat nəzərdə tutulur. Ermənistanın sovet dönəmindən qalmış iqtisadi infrastrukturu bütünlüklə məhz Koçaryanın vaxtında Rusiyaya peşkəş edilmişdi. Proses elə belə də adlanırdı: “Borc əvəzinə mülk”. O vaxt Ermənistan indiki kimi rəzil, zəif, məğlub olmuş, ordusu məhv edilmiş, sistemli böhran şəraitində deyildi. Həmin reallıqda Koçaryan Rusiyaya olan borcu mülkiyyətlə ödəmək məcburiyyətində qalmışdı, indi bunu nələrin hesabına edəcəyi qaranlıq və dumanlı məsələdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici KİV-lər üçün təşkil olunan brifinqdə hər iki məsələyə konkret münasibətini bildirdi. Dövlət başçısının sözlərinə görə, Dağlıq Qarabağda Vətən müharibəsinədək maksimum 60 min nəfər yaşayıb. Bu göstərici ciddi operativ-kəşfiyyat tədbirlərinin nəticəsində məlumdur. Ermənilərin 100 mini aşan statistikasının məntiqindən belə çıxır ki, Ermənistan əhalisi dərin iqtisadi sıxıntılardan bezib ölkəni tərk edir, ancaq İrəvandan ayrılan dotasiya hesabına dolanan Dağlıq Qarabağ əhalisi nə qədər var idi, o qədər də qalıb. Bəyəm biz unutmuşuq ki, 28 il ərzində ermənilər Şuşa kimi şəhərə cəmi 3-4 min livanlı, suriyalı və ermənistanlı səfil həyat tərzi sürən şəxslərdən başqa heç kimi məskunlaşdıra bilməmişdi? Elə isə bu 100-120 min haradan çıxdı?
Koçaryanın hərbi iddialarına gəldikdə isə, tutaq ki, ermənilər bu 3 milyardı orduları üçün tapdılar, məgər biz yerimizdə addımlayacağıq? Koçaryan-Sarqsyan ordusunu məhv edən Azərbaycan hərb maşını daha da təkmilləşəcək, əhalimiz daha da artacaq, iqtisadiyyatımız daha da böyüyəcək!
Azərbaycan Prezidenti məlum brifinqdə belə bir bəyanat səsləndirdi: “Bu insanları, Azərbaycana fobiyanın, Azərbaycana qarşı bu təbliğatın qurbanlarına çevrilmiş günahsız insanları müalicə etmək lazımdır. Zənnimcə, zaman ən yaxşı təbibdir”. Bu gün Ermənistanda baş verən hadisələr orqanizmin xəstəlikdən müalicəyə reaksiyasını xatırladır. Antivirus orqanizmə yeridilib. Hər şey xəstənin özündən asılıdır. Sağala biləcəkmi?
Elnur Allahverdiyev
Milli Məclisin deputatı