Daha bir dövlət dağılır: ABŞ və Qərb siyasi liderlər arasında nifaq sala bilib

Virus bütün dünyada iri addımlarla irəliləsə də, beynəlxalq siyasət poliqonunda maraqlar və onlardan qaynaqlanan qarşıdurmalar öz aktuallığını saxlamaqdadır. Hazırda dünyanın yenidən bölüşdürülməsi prosesinin intensivləşdiyi də müşahidə edilir. Son olaylara əsasən Rusiyanın ətrafında önəmli beynəlxalq proseslərin cərəyan etdiyini söyləmək mümkündür.

Rusiyanı küncə sıxışdırmağa çalışırlar. Hətta Kremlin dünyadakı ən yaxın müttəfiqindən məhrum edilməsinə cəhd göstərildiyi də diqqətdən yayınmır. Belə ki, son vaxtlar Rusiya-Belarus münasibətləri maksimum həddə qədər gərginləşərək, kəskin ziddiyyətlərə yol açıb.

Amma Rusiya-Belarus ziddiyyətlərinin dərinləşməsində Kremlin atdığı son addımların da rolu mövcuddur. Hər şey iki ölkənin prezidentləri – Vladimir Putin və Aleksandr Lukaşenko arasında hələ 2018-ci ildə baş vermiş bir mübahisədən sonra başlandı.

A.Lukaşenko Kreml sahibinə Rusiyanın Belarusa təbii qazı çox baha qiymətə satmasından şikayətlənmişdi. V.Putin isə cavabında ona Belarusa satılan təbii qazın qiymətini Avropa ölkələrinin ödədiyi məbləğlə müqayisə etməyi məsləhət görmüşdü və onların arasında başqalarının da şahid olduğu ciddi mübahisə yaranmışdı.

Təbii ki, A.Lukaşenko xaraktercə üzüyola siyasi lider deyil. O, öz hədəflərində sona qədər getməyi xoşlayan dövlət başçısıdır. Ona görə də həmin mübahisədən qısa müddət sonra Belarus liderinin Kreml sahibinin məsləhətinə uyması heç kəsi təəccübləndirmədi.

243606532.jpg (84 KB)

O, açıqlama verdi ki, V.Putinlə mübahisədən sonra Rusiyanın Avropaya satdığı qazın qiymətləri ilə maraqlanıb: “Mənə dedilər ki, Rusiya Avropaya təbii qazı 65-70 dollar aralığında dəyişən qiymətlərlə satır. Belarus isə təbii qaz üçün Rusyaya 125 dollar ödəyir. Biz faşizmə qarşı ruslarla birlikdə vuruşmuşuq. Almaniyanın Rusiyadan cəmisi 70 dollara təbii qaz almasını özləri izah etsə, daha yaxşı olar”.

Rusiyanın cavabısa, daha konkret oldu. Belə ki, Kreml bu dəfə neft ixracı ilə bağlı “Vergi manevirləri” kimi tarixə düşən bir qərar qəbul etdi və 1 yanvar 2019-cu ildə qüvvəyə mindi. Buna qədər rüsumsuz neft alan Belarus həmin qərarın qüvvədə olacağı 2024-cü ilə qədər Rusiyaya əlavə 11 milyard dollar ödəmək məcburiyyətində qala bilər.

Məhz bu qərardan sonra iki dost ölkə arasında iplər qopma həddinə gəldi. Təbii ki, bu vəziyyət ABŞ və Qərbi məmnun etdi. Dərhal hərəkətə keçdilər. Belarusa Rusyanın satdığı qiymətlərdən daha ucuz neft təklif etdilər. Və “Batka” ləqəbli Belarus lideri Lukaşenko bu sərfəli təkliflə dərhal razılaşdı. Beləliklə, ABŞ nefti tankerlər vasitəsilə Belarusa ixrac edilməyə başlandı.

1036836914.jpg (50 KB)

Buna paralel olaraq, həm Qərbdə, həm də Rusiyada “Batka”ya münasibət kəskin şəkildə dəyişdi. ABŞ və Qərb vaxtilə “Avropanın sonuncu diktatoru” adlandırdığı, müxtəlif sanksiyalar tətbiq etdiyi “Batka” ilə təmasları intensivləşdirdi. ABŞ və Qərbdən yüksək rütbəli emissarların Minskə səfərləri sıxlaşdı, münasibətlər istiləşdi.

Bunun əksinə olaraq, “Batka”nın Kremllə münasibətləri soyuqlaşdı. Kreml Belarusun əsas ticari ixrac sahəsi olan kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalına qadağalar qoydu. Rusiya KİV-ləri isə “Batka”nı ən sərt şəkildə hədəfə aldılar.

Bunun qarşılığında ABŞ və Qərb Rusiya bazarını itirmiş Belarusu vəziyyətdən çıxartmaq üçün Ukrayna variantını önə çıxartdılar. Belə ki, Belarus kənd təsərrüfatı məhsullarının Ukraynaya ixracı ilə bağlı anlaşmanı təmin etdi. Belarusun maliyyə-iqtisadi itkiləri nisbətən kompensasiya edilmiş oldu.

Bundan sonra “Batka” Kremllə konfrantasiyaya daha çox həvəs göstərdi. Hətta “Sizə qardaş dövlət Belarusu niyə hədəfə alıb” sualına əsəbi cavabdan özünü saxlaya bilmədi: “Hansı qardaş dövlət..? Ukraynanı deyirsinizsə, qardaşıq və heç bir problem yoxdur. Bizi tənqid edən Şərqdəki qonşumuzdur”.

f1ff9240-46cf-4ab2-82a6-b92f8fdcd457.jpg (42 KB)

Bu açıqlama “Batka”nın Kremlə hansı dərəcədə qıcıq olduğunu göstərir. Daha sonra KİV-lərdə hədəfə alınmasına verdiyi kəskin reaksiya isə narazılığın ciddiliyini təsdiqləyir. Belə ki, o, Rusiyanı əsas rəqibi olan ABŞ-ı tənqid etməkdən qorxmaqda qınayıb: “Bizi ağ-yuyub, qara sərirlər. Tənqid etmək üçün ABŞ da var. Niyə etmirlər? Çünki cəsarətləri çatmır… Nə etsələr də Rusiyanın qarşısında diz çökməyəcəyik”.

Göründüyü kimi, “Batka” Belarusu Kreml üçün ikinci Ukraynaya çevirməyə başlayıb. Son günlər Rusiyaya bağlı olan, Kremlə rəğbət bəsləyən nüfuzlu biznes və siyasət adamları həbs edilməkdədir. Belarusda bu, “Batka”nın Rusiya tərəfindən planlaşdırıla biləcək çevriliş planını qabaqlamaq niyyəti ilə izah olunur.

Bu baxımdan, vaxtilə A.Lukaşenkonun yaradılmasında xüsusi canfəşanlıq etdiyi Belarus-Rusiya İttifaqı (Bel-Ros) dövlətinin gələcək taleyi də ciddi suallar doğurmağa başlayıb. Belə ki, bəzi ehtimallar görə, bütün bu baş verənlər də elə “Bel-Ros”un ləğvinə hesablanıb.

modern.az_Putin_332.jpg (54 KB)

ABŞ və Qərbdə hesab edirlər ki, V.Putinin 2024-cü illə bağlı əsas planları “Bel-Ros” üzərində qurulub. Ehtimallara görə, Kreml “Batka”nı hakimiyyətdə Rusiyanın təlimatlarını qeyd-şərtsiz yerinə yetirəcək şəxslə əvəzləməyə can atır. Bu, baş verərsə, Belarusun Rusiyaya inteqrasiyasının yolu açılar. Nəticədə V.Putin 2024-cü ildən sonra “Bel-Rus”un dövlət başçısı statusunda Rusiyanı beynəlxalq siyasət məkanında daha da güclənərək, təmsil edə bilər.

ABŞ və Qərb “Batka”nı dəstəkləyərkən, ilk növbədə bu ehtimalın qarşısını almağa çalışır. Hətta “Batka”nın heç qərbyönümlü siyasi liderlə əvəzlənməsi də ABŞ və Qərbə sərfəli deyil.

Çünki bu halda, Ukrayna böhranından daha böyük qarşıdurmanın yaranacağından, hətta hadisələrin Rusiyanın Belarusu işğal edə biləcəyinə qədər inkişafından ehtiyatlanırlar. Və Rusiya ekspertləri artıq Belarusla bağlı ən radikal addımların atılmasına hazırlığın vacibliyindən danışmağa başlayıblar.

Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb üçün əvəzolunmaz siyasi personaya çevrilməkdə olan “Batka”ya verilən dəstəyin son hədəfi “Bel-Ros”un dağıdılmasına hesablanıb. Və yaxın gələcəkdə bu, reallığa çevrilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)
Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button