Daha bir məmur “topdağıtmaz” sərvətlə vəzifədən ayrıldı – Elman Rüstəmovun var-dövlətinin natamam siyahısı
Bu həftənin yadda qalan hadisələrindən biri 27 ildir Mərkəzi Bankın İdarə Heyətinə sədrlik edən Elman Rüstəmovun vəzifədən azad edilməsi oldu.
Cəmiyyət üçün bir qədər gözlənilməz qərar idi, keçmiş baş bankirin gedişi elə onunla bağlı Prezidentin təqdimatını müzakirə etmiş Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri üçün də sürpriz olub.
Əldə etdiyimiz məlumata görə, Komitə rəhbərliyin təcili tapşırığı ilə toplaşıb və E.Rüstəmovun Mərkəzi Bankın İdarə Heyəti üzvlüyündən çıxarılmasını müzakirə edərək plenar iclasa tövsiyə edib.
Bank sahəsi üzrə ekspertlər Elman Rüstəmovu hədsiz ehtiyatlı, sərt, ətrafına bacarıqlı kadrlar toplaya bilən menecer kimi təsvir edirlər. Qeyd olunur ki, Mərkəzi Banka qədər bank sektorunda çalışmayan birisinin uzun müddət bu mühüm dövlət postunu tutması onun fövqəladə bacarığından xəbər verir.
Keçmiş baş bankir həm də biznesdə kifayət qədər “bacarıqlı” olub. Vəzifəsinə görə biznesdə birbaşa iştirakı qanunla qadağan olunsa da, E.Rüstəmov etibar etdiyi adamlar vasitəsi ilə maliyyə sektorunda və iqtisadiyyatın başqa sahələrində gəlirli şirkətlər formalaşdıra bilib.
Onlardan ən böyüyü və ən uğurlusu Azərbaycanın bank sektorunda birinci beşlikdə mövqe tutan, 30 ildə baş vermiş bütün təlatümlərdən salamat çıxan “Bank Respublika” ASC-dır. 2021-ci ilin son rübündə açıqladığı maliyyə göstəricilərinə görə, bankın cəmi öhdəlikləri və kapitalı 1 milyard 232 milyon manat təşkil edib. Nizamnamə kapitalı 67 milyon manatdır, ötən il əldə etdiyi xalis mənfəttin həcmi isə 19 milyon 523 min manat təşkil edib.
Mayın 30-da keçiriləcək “Bank Respublika” ASC səhmdarlarının növbəti ümumi yığıncağında dividentin bölüşdürülməsi və 2021-ci il üçün kənar audit yoxlamasının nəticələri müzakirə ediləcək.
Təxminən 20 milyon manat mənfəətin kimlərə çatacağına gəlincə, onların sayı elə də böyük deyil: Natiq Quliyev (51,15%), Almaniyanın DEG İnvestisiya və İnkişaf Korporasiyası (16,60%), Elçin Quliyev (15,06%), Namiq Quliyev (7,41%), Şakir Rəhimov (5,45%), Almaniyanın Sparkassen İnternational Development Trust şirkəti (4,25%) və adları açıqlanmayan hüquqi və fiziki şəxslərdir (0,08%). Onlardan Şakir Rəhimov həm də bankın Müşahidə Şurasının sədri postunu tutur. İdarə Heyətinə isə Taryel İsmayılov rəhbərlik edir.
“Bank Respublika” ASC-nin əsas səhmdarı Natiq Quliyev Elman Rüstəmovun ən yaxın adamı hesab olunur.
Biznes sektorundakı mənbələr keçmiş baş bankirin onunla birgə “Səba” Şirkətlər Qrupuna və “Bakı Sığorta” şirkətlərinə nəzarət etdiyini bildirilir.
“Səba” ASC, “Biləsuvar Aqro”, “Qarabağ Taxıl” şirkətlərinin, eləcədə “Gündəlik” ərzaq dükanları şəbəkəsinin daxil olduğu “Səba” Şirkətlər Qrupunda Elman Rüstəmovun 37, 5 faiz paya malik olduğu bildirilir. Həmin payı sabiq baş bankirin doğma xalası oğlu Hidayət quliyevin adına rəsmiləşdirib.
Qeyd olunur ki, Natiq Quliyev adıçəkilən şirkətlərin də əsas səhmdarıdır. Mənbə bildirir ki, Elman Rüstəmovun əsas yatırımlarından biri də Yaponiyanın məşhur “Mitsubishi”, “Subaru” avtomobillərin Azərbaycana idxalı və satışını təşkil edən şirkətlərdir. Bu markalar satış sayına görə ölkənin avtoparkında birinci onluqda yer alır. Onların əsas müştəriləri yerli və xarici şirkətlər, səfirliklərdir.
Məlumata görə, keçmiş baş bankirin bir neçə tikinti şirkətində payı, şadlıq sarayları, habelə Türkiyə və Gürcüstanın daşınmaz əmlak sektorunda yatırımları var. Məsələn, “Planet” şadlıq sarayı onlrdan biridir.
“Planet” şadlıq sarayının yaxınlığında ucaldılan çoxmərtəbəli yaşayış binasında da E. Rüstəmovun 50 faiz payı var.
Bakıda “Neon” restoranının arxasında möhtəşəm yeni şadlıq sarayı tikilir ki, orda da sabiq baş bankirin 50 faiz paya malik olduğu bildirilir.
Bundan əlavə E.Rüstəmova yaxın şəxslər Çexiya, Monteneqro, Sloveniya kimi ölkələrin turizm sektoruna iri məbləğli investisyalar yatırıblar.
Məsələn, Elman Rüstəmovun Böyük Britaniyada yaşayan qızı Günel Rüstəmovaya məxsus “GYUNEL LIMITED” şirkətinin bu ilin yanvarında təqdim etdiyi maliyyə hesabatına görə aktivləri 6.208.065 funt sterlinq (14 milyon manata yaxın) təşkil edir (şəkilləri aşğıda verilib. )
Onun vəzifədən çıxarılmasından dərhal sonra xalası oğlu, “Planet” şadlıq sarayının sahibi Talıb Quliyevin saxlanması cəmiyyətdə keçmiş baş bankirin vəzifə dövründə topladığı sərəvətə “əl qoyulacağı” barədə müzakirələrə yol açdı. Amma ekspertlər E.Rüstəmovun Baş nazirin müşaviri postuna təyin edilməsini əsas gətirərək onun sığortalandığını düşünürlər.
Beləliklə, daha bir çoxillik məmur vəzifədən böyük sərvətlə ayrıldı, üstəlik, 70 yaşında hökumətdə özünə yer edə bildi. Təəccüblü heç nə baş vermədi, son illər yüksək postunu itirən əksər məmurlar topdağıtmaz varidatlarını xərcləyib rahat yaşamağa davam edirlər…