Daha bir müharibə: Ərəb koalisiyası Yəmənə hava zərbələri endirdi
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Səna və Hudeydada husilərə məxsus hərbi hədəfləri vurduğunu açıqlayıb.
Bunu Ərəb koalisiyası Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-ya verdiyi açıqlamada bildirib.
Açıqlamada Yəmənin qərbindəki Hudeyda əyalətinin Salif limanı yaxınlığında Husilərə aid silah arsenalının məhv edildiyi və bölgəyə hava hücumlarının təşkil edildiyi bildirilib. Digər tərəfdən Husilərə məxsus əl-Məsirə televiziyası Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələrinin paytaxt Sənaya 4 hava hücumu təşkil etdiyini bildirib.
Qeyd edək ki, martın 25-də Yəməndə İranın dəstəklədiyi Husi qruplaşması Ciddədəki “Aramco” şirkətinin neft məhsulları paylama obyektlərinə hücum edib və iki neft anbarında yanğın baş verib.
Husi milisləri dünəndən etibarən Səudiyyə Ərəbistanı və Yəməndəki hücumlarını 3 gün müddətinə dayandırdıqlarını açıqlayıb.