Danışıqlar başlamamış İrana tələb irəli sürüldü – “Şərtlərinizdən imtina edin”

Pakistan Xarici İşlər Nazirliyinin rəsmiləri ABŞ ilə danışıqlardan əvvəl İran nümayəndə heyətini ilkin şərtlərdən imtina etməyə və müzakirələrə yeni ruhla başlamağa inandırmağa çalışırlar.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Qətərin “Al-Araby Al-Jadeed” qəzetinə Pakistan rəsmiləri deyiblər.
Bununla belə, İran nümayəndə heyəti hələ də israr edir ki, ABŞ danışıqlara başlamazdan əvvəl müvəqqəti atəşkəs razılaşması üzrə bütün bəndlərin tam icrasına sadiq olduğunu bəyan etməlidir.
Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün keçiriləcək danışıqlar üçün İslamabaddadır. Heyətə ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner, Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Müdafiə Nazirliyinin nümayəndələri daxildir.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi Tehran nümayəndə heyəti də aprelin 10-da Pakistan paytaxtına gəlib. Nümayəndə heyəti Mərkəzi Bankın sədri Əbdülnasir Himəati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədiyan və xarici işlər naziri Abbas Əraqçidən ibarətdir.



