Danışıqlar masasındakı “bomba”: İran nüvə silahına sahib olsa, nə baş verəcək?

Mayın 23-də İtaliyanın paytaxtı Romada keçirilən ABŞ-İran danışıqlarının beşinci raundu göstərdi ki, məsələ olduqca mürəkkəbdir: Tehran və Vaşinqton ehtiyatla hərəkət edir, İsrail prosesi kölgədən izləyir, zaman isə Tehranın xeyrinə işləyir, çünki o, vaxt udur.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News Arabia”nın analitik təhlilində deyilir.
Danışıqların yenidən dalana dirənməsi ilə köhnə-yeni suallar gündəmə gəlir: İran nüvə bombası əldə edərsə, necə olacaq? Yoxsa Yaxın Şərq bütün qlobal nizamın gələcəyini müəyyən edəcək yol ayırıcındadır?
İran xarici işlər naziri Abbas Əraqçi son raundun mürəkkəb olduğunu desə də, ümumi mənzərə “hər şeyin hələlik yerində qaldığı” ehtimalını gücləndirir.
Vaşinqtondakı Demokratiyaların Müdafiəsi Fondunun siyasi tədqiqatçısı Hüseyn Əbdül bu raundu və əvvəlki turları real uğursuzluqdan çox Tehranın “hesablanmış taktikası” kimi qiymətləndirir.
“Danışıqlar İran rejiminin zərbəni dəf etmək üçün əsas vasitəsidir. Amma Tehranın danışıqların uğursuzluğa düçar olması barədə açıqlaması Trampa hərbi hücuma başlamaq üçün açıq dəvət olacaq”.
Hüseyn Əbdül hesab edir ki, çoxsaylı raundlar faydasız görünsə də, Trampa güc tətbiq etməzdən əvvəl bütün dinc vasitələrin tükəndiyinə Amerika ictimaiyyətini inandırmaq üçün lazım olan “siyasi kapital” verir. Siyasi-ictimai əlaqələr oyununda bu, həlledici elementdir.
İsrailə gəlincə, analitikin sözlərinə görə, Təl-Əviv prosesi izləyir, amma müdaxilə etmir:
“İsrailin zərbə endirmək üçün yeganə ssenarisi İranın uranın zənginləşdirilməsi istiqamətində ciddi addım atdığını görəndə işə düşəcək və yalnız bundan sonra Vaşinqtonun mövqeyindən asılı olmayaraq hərəkət edəcək”.
Hüseyn Əbdülün fikrincə, ABŞ-də ara seçkilərin yaxınlaşması ilə Trampın böyük hərbi əməliyyata başlaması çətin olacaq. Ona görə də, Tehran böyük güzəştə getmədən, ən azı, zərərsiz şəkildə bu ilin sonuna çatmağa çalışır. Məcbur edilərsə, Tehran zənginləşdirmə ilə bağlı “müvəqqəti dondurma” təklif edə və ya Trampın birbaşa danışıqlar tələbini qəbul edə bilər. Bunların hamısı sürətli qələbələr axtaran Donald Trampla oynamaq üçün kartlardır.
Hüseyn Əbdülə görə, Tehran nüvə silahına aparan ən sürətli yolu yox, rejimi qoruyan ən təhlükəsiz yolu axtarır. Həmçinin o xəbərdarlıq edir ki, İranın nüvə silahına malik olması onun qarşısını almağı qeyri-mümkün edəcək. Bu, İran təhlükəsini regional təhlükədən beynəlxalq sistemin təhlükəsizliyinə təhdid səviyyəsinə qaldırır. Bu, İsrailin bu məsələ ilə bağlı arqumentlərinə haqq qazandırır. Çünki Təl-Əvivin təhlükəsizlik doktrinasına görə, bir nüvə bombası İsrailin varlığının sonu deməkdir.
Belə mühüm məqamda sual yaranır: İran nüvə bombası əldə edərsə, nə olacaq?
“Sky News Arabia” iddia edir ki, bu, Yaxın Şərqin xəritəsini yenidən cızmaq və çəkindirmə, müharibə və sülh tənliklərini dəyişdirmək potensialını özündə daşıyan yüksək gərginlikli geosiyasi xəbərdarlıqdır.
Amma pərdə hələ enməyib, səhnədə oyun davam edir. Vaşinqton üçün çəkindirmə pəncərəsi açıq qalır.
Polise.az