Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid hərbi qulluqçusu, baş əsgər Kamran İlqar Fərəcov ehtiramla yad edilib
Vətən müharibəsində şəhid olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri Kamran Fərəcovun doğum günü ilə əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları onun ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıblar. Polis əməkdaşları şəhidlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını deyərək, bildiriblər ki, igid oğullarımızın sayəsində uzun illər işğal altında olan torpaqlarımız işğaldan azad olunub.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid hərbi qulluqçusu, baş əsgər Kamran İlqar oğlu Fərəcov 14 fevral 1996-cı ildə Şirvan şəhərində anadan olub. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra DİN-in Daxili Qoşunlarında xidmətini davam etdirib. 2020-ci ilin sentyabrın 27-də Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatına başlayanda o da Vətən müharibəsinə yollanıb. Sərrast atıcı olan K.Fərəcov snayper tüfəngi ilə düşmənin xeyli canlı qüvvəsini məhv edib, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin azad olunması uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Şuşa uğrunda gedən həlledici döyüşlərdə iştirak edib, Çanaqçı kəndiistiqamətindəki döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Kamran Fərəcov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.