Deputat: Yaxşı olar ki, ABŞ və digər yerlərdən ölkəmizə kənd təsərrüfatını idarə edə bilən insanlar dəvət edək

Yaxşı olar ki, ABŞ və digər yerlərdən ölkəmizə kənd təsərrüfatını idarə edə bilən insanlar dəvət edək.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev bildirib ki, kənd təsərrüfatına investisiya qoymaq lazımdır: “Yaxşı olar ki, biz bu sahəni idarə edə bilən adamları ABŞ-dan və digər yerlərdən ölkəmizə dəvət edək. Onlar bu sahədə kök salmış problemləri aradan qaldırsınlar”.
Deputat qeyd edib ki, ABŞ-ın vitse-prezidenti Vensin Azərbaycana səfəri ölkəmiz üçün uğurlu olacaq, ölkəmiz bundan faydalanacaq: “ABŞ-la Azərbaycan arasında münasibətlər fantastik dövrə qədəm qoyub. Biz Çinlə də strateji tərəfdaşlıq haqqında Saziş imzalamışdıq. O zaman da insanlarımızda ümid yaranmışdı ki, Çin ölkəmizə böyük investisiyalar qoyacaq. Amma olmadı. İndi ABŞ Ermənistana 9 milyard dollar investisiya yatıracaq. Yaxşı olardı ki, ABŞ Azərbaycana da bir neçə milyardlıq investisiya yatırsın. Azərbaycanda bir çox sahəyə investisiya qoyulmasına ehtiyac var. Bunlardan birincisi kənd təsərrüfatıdır. İşğala son qoymaqla biz 147-200 min hektar torpaq sahəsini yenidən vətəndaşların, fermerlərin istifadəsinə qazandırmışıq, amma ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında azalma davam edir. Ərzaq məhsullarının ölkəyə idxalının həcmi isə ildən-ilə artır”.
Polise.az



