Deyəsən, Trampa yalnız 3 aydan sonra çatdı ki, Zelenskiyə yox, Putinə “Dur!” demək gərəkdir…

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Rusiya Federasiyasının Ukraynaya qarşı çoxsaylı insan itkilərinə səbəb olmuş son kütləvi raket və dron hücumunu şərh edib.
Hafta.az xəbər verir ki, bu haqda “İnterfaks-Ukraina” məlumat yayıb.
Amerika lideri özünün “Truth Social” sosial şəbəkəsində belə bombardmanların lüzumsuz və vaxtsız olduğunu yazıb, həmçinin, “Vladimiri” dayandırmağa və müharibəni bitirmək üçün müqavilə bağlamağa çağırıb:
“Rusiyanın Kiyevə zərbə endirməsindən razı deyiləm. Bu, lazımsız və çox vaxtsız idi. Vladimir, dayan! Hər həftə 5 min əsgər ölür. Gəlin, sülh sazişi bağlayaq!”, – deyə Tramp sosial şəbəkədəki çağırışında yazıb.
Xatırladaq ki, ötən gecə Rusiya ordusu Ukraynaya dron və raketlərlə bir neçə dalğalı kütləvi hücum edib.
Ukrayna Daxili İşlər Nazirliyinin son məlumatına görə, bu atəş nəticəsində paytaxtda azı 8 nəfər, o cümlədən 2003 və 2005-ci il təvəllüdlü qardaş və bacı həlak olub. Daha 90 nəfər yaralanıb, onlardan 44-ü xəstəxanalardadır.
Sultan Laçın