“Diktatora ölüm”: İran 2026-cı ilə barrikadalar üzərində daxil olur” – “İran İnternational”

“İran küçələrdəki üsyan iqtisadi narazılıqdan sosial-siyasi sarsıntıya çevrilir…”
2026-cı ilin ilk saatlarında İran tammiqyaslı sosial-siyasi sarsıntı mənzərəsi ilə üz-üzə qalıb. Son günlər baş verən hadisələr dünya ictimaiyyətinin diqqətini ölkədə sürətlə dərinləşən böhrana yönəldib.
Moderator.az xəbər verir ki, bu barədə “İran İnternational” nəşri yazıb.
İqtisadi narazılıqdan rejimə açıq meydan oxumaya
Tehranda iqtisadi böhran fonunda başlayan narazılıqlar qısa müddətdə paytaxtdan kənara çıxaraq ölkə üzrə kütləvi etiraz dalğasına çevrilib. Etirazçılar gecə boyu küçələri tərk etməyib, “Diktatora ölüm”, “Xameneiyə ölüm”, “Bizə İslam Respublikası lazım deyil” və “Basici məhv olsun” kimi şüarlar səsləndiriblər.
Məlumatlara görə, Fars vilayətinin Fasa şəhərində və Lorestanın Koxdaşt bölgəsində təhlükəsizlik qüvvələri etirazçılara qarşı birbaşa atəş açıb. Azı bir nəfərin yaralandığı, onlarla insanın saxlanıldığı bildirilir. Digər şəhərlərdə isə gözyaşardıcı qaz və kütləvi həbslərlə müşayiət olunan zorakı müdaxilələr qeydə alınıb.
Küçələrdə atəşlər, qaçan təhlükəsizlik qüvvələri
“Iran International”-a göndərilən videolarda Xuzistan vilayətinin Lali şəhərində sakinlərin küçələrdə tonqallar qaladığı, təhlükəsizlik qüvvələrinin isə avtomobillərlə ərazidən tələsik uzaqlaşdığı görünür. Yeni il gecəsi Çenar bölgəsində “Basici”yə məxsus hərbi dayaq məntəqəsinin yandırılması isə etirazların artıq simvolik hədləri aşdığını göstərir.
Sosial şəbəkələrdə sürətlə yayılan kadrlardan biri xüsusilə rezonans doğurub: Tehranın mərkəzində bir etirazçı təkbaşına motosikletli polis dəstəsinin qarşısında oturaraq geri çəkilməkdən imtina edir. Bu görüntü İran cəmiyyətindəki psixoloji dönüşün rəmzi kimi şərh olunur.
Beynəlxalq mesajlar və təhlükəli səssizlik
Hadisələr fonunda İsrail Xarici İşlər Nazirliyinin farsdilli “X” səhifəsində yayımlanan yeni il mesajında “Gələn il – azad İranda” ifadəsi yer alıb. ABŞ Dövlət Departamenti də fars dilində müraciət yayaraq 2026-cı ilin İran xalqı üçün “ümid, rifah, ədalət və insan ləyaqəti ili” olmasını arzulayıb.
Analitiklər qeyd edirlər ki, etirazların miqyası və coğrafiyası 2022-2023-cü illərdə Məhsa Əmininin ölümündən sonra baş verən hadisələri xatırladır, lakin bu dəfə proses daha dərin sosial təbəqələri, o cümlədən bazar tacirlərini və tələbə kütləsini əhatə edir. Bu isə rejimin ənənəvi dayaqlarının da sarsıldığını göstərir.
İsraildə və regionda proseslər diqqətlə izlənilir. Rəsmi dairələr hələlik hadisələrin birbaşa xarici eskalasiyaya keçmədiyini vurğulasa da, İran daxilindəki bu partlayış potensialının hansı istiqamətə yönələcəyi sualı açıq qalır.
Polise.az



