Diplomatlarımızın önündəki sıldırım qaya – Onun fəthi Şuşanı geri almaq qədər çətindir

Yenə sağdan üçüncü pəncərəyə baxmaq və soyuqqanlı olmaq lazımdır. “Axırıncı aşırım” filmindən hamımıza tanış olan bu replika hər zaman aktualdır. Bu, Fransa senatının bədnam qətnaməsi ətrafında qızışan ehtiraslar fonunda da keçərlidir.

Fransızlarla ermənilərin hərbi-siyasi-mədəni müttəfiqliyinin ömrü Ermənistan dövlətçiliyinin ömründən uzundur. Bu iki milləti bir-birinə yaxınlaşdıran nədir, xeyli uzun söhbətdir. Amma qısaca onu demək olar ki, hələ ötən əsrin əvvəllərində Türkiyədə yaşayan ermənilər məhz fransızların əlində maşa olaraq özlərini kömür közünə soxublar və yanıblar.

Bu barədə əvvəlki yazılarımızda bir-iki dəfə yazmışıq, yenə qısaca təkrar edək ki, ermənilərin başına gələn faciələr, onların xeyli itki vermələrinə səbəb olan hərbi kampaniiyalar rusların və fransızların onlara fitva verməsi üzündən olub.

1915-ci ilin aprelində, konkret olaraq, ayın 24-də Osmanlı sultanı erməni əhalisinin ölkənin cənubuna, daha təhlükəsiz yerlərə köçürülməsi barədə fərman verməsinin səbəbi ermənilərin ruslara güvənib üsyana qalxmasıydı.

1918-20-ci illərdə isə ermənilər artıq fransızlarla müttəfiqlik büsatı quraraq cənub-şərqi Anadolunun vilayətlərini ələ keçirmişdilər. Sonda fransız-erməni ittifaqı acı məğlubiyyətə uğradı. Onlar Anadoludan qovuldular, amma müttəfiqlikləri hələ də qalır. Elə təxminən 1 əsr bundan əvvəl ermənilərin kütləvi şəkildə Fransaya yerləşmələri və burada icma olaraq kompakt şəkildə yaşamaları da həmin müttəfiqliyə görədir.

Ümumiyyətlə, son yüz ildə başabəla qonşularımızın iki əsas sahibi olub – Rusiya və Fransa. ABŞ-ı da ermənilərə sahiblənmək istəyən və qismən sahiblənən tərəflərdən biri hesab etmək olar. Bu üçlü arasında 30 ilə yaxındır ki, “erməniləri kim daha çox sevir, onlara kim daha çox fayda verə bilər” yarışması gedir. Hələlik Fransa bu xüsusda önə çıxmaqda, Rusiya autsayder durumuna düşməkdədir. ABŞ isə bir müddətdən sonra va-bank gedərək, tam uduşa sahib olmaq əzmindədir.

Ən pisi odur ki, Ermənistan-Azərbaycan davasının arbitri məhz bu üç dövlətdir. O vaxt necə olub ki, biz dünyanın ən ermənipərəst üç dövlətinin ATƏT-in Minsk qrupunun həmsədri olmasına razılıq vermişik? Görünür, başqa əlacımız olmayıb. Yoxsa bizim siyasi xadimlər tarixi pis bilmirdilər.

Ona görə də hazırda Fransanın qatı və açıq şəkildə ermənipərəst mövqe sərgiləməsi bizim üçün qətiyyən təəccüblü deyil, biz hətta onların açıq kartlarla oynamasından məmnun qalmalıyıq. Özümüz qınamağa, “fransızlarla yaxşı işləsəydik… vaxtında güclü lobbi qursaydıq… fransız deputatlara öz həqiqətlərimizi çatdırsaydıq” kimi özünütənqid ruhunda uzun-uzadı ricətlər söyləməyə lüzum yoxdur. Siyasətçilərimiz, diplomatlarımız, deputatlarımız ağızları ilə quş tutsaydılar da, nəticə yenə eyni olacaqdı.

Təsəvvür edin ki, ermənilər oturub-durub “Türkiyə ilə yaxşı işləsəydik, Qarabağ müharibəsində onun bizi dəstəkləməsinə nail ola bilərdik” desəydilər, nə qədər sadəlövh görünərdilərsə, bizim də 44 günlük müharibədə Fransanın neytrallığına nail olmaq ehtimalından danışmağımız o qədər diletant yanaşma ola bilər.

İrəli baxmaq, bunu güclü rəqibin qapımıza vurduğu qol hesab etmək lazımdır. Hazırda oyun davam edir və biz hesabda açıq fərqlə öndəyik, indi elə oynamaq lazımdır ki, oyun beləcə bitsin, qalib tərəf biz olaq, erməni tərəfi məğlubiyyətlə barışsın.
Bax, ən çətin olan budur. Burada xüsusi təyinatlı əsgərlərin görəcəyi iş yoxdur, indi xüsusi təyinatlı diplomatlarımız hərəkətə keçməlidir, onlar da yalçın qayalardan, kol-koslardan keçib Şuşaya dırmaşan və qeyri-bərabər döyüşə atılaraq qalib gələn əsgərlərimiz kimi şücaət göstərməli, ağıı işlətməlidirlər.

Burada da qüvvələr qeyri-bərabərdir. Avropa ermənilər üçün “doğma divarlar”ın arası, bizim üçünsə deplasmandır. Ermənilərlə avropalıları birləşdirən dini-mənəvi bağlar var. Hamımız gördük, Qarabağda yüzlərlə mədəniyyət abidəsi, heykəllər, muzeylər, məscidlər dağılmışdı, bir “avropalı mədəniyyət aşiqi”ndən səs çıxmadı, amma Şuşada kilsənin bir tərəfinə mərmi dəymişdi, Avropanı başına götürən qışqırıq, vay-nöfsə hələ də davam edir.

Fəqət bu o demək deyil ki, ermənilərin şəltəsi həmişə işləyəcək. İşləməyəcək. Çünki haqsızdırlar. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Hansı ölkə beynəlxalq hüququn tələblərinə məhəl qoymasa, özü cığal və haqsız durumda qalacaq. Bu, birmənalıdır. II dünya müharibəsindən sonra dövlətlərin hamısı sərhədlərin dəyişdirilməməsinə dair konvensiyaya imza atıblar və o qanun da qüvvədədir.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button