Donbass separatçılarının canını “Bayraktar” qorxusu alıb. “Müharibə hər an başlaya bilər…”
Azərbaycan ordusunun hərbi yolla Qarabağı işğaldan azad etməsindən sonra Ukraynanın şərqindəki Donetsk və Luqansk “xalq resublikalarında” da Kiyevin bu yola əl ata biləcəyi haqda narahatlıqlar artıb. Bu narahatlıqlara əsaslar da var-Ukrayna ordusu 44 günlük Qarabağ müharibəsinin başa çatmasından bir neçə gün sonra bu müharibədə Azərbaycan ordusunun tətbiq etdiyi taktika və strategiyanı da istifadə edərək genişmiqyaslı təlimlər keçirib. Ukrayna generalları açıq deyiblər ki, Azərbaycan ordusunun döyüş təcrübəsini və ortaya qoyduğu beşinci nəsil müharibə taktikasını öyrənirlər. O cümlədən pilotsuz təyyarələrin digər silah növləri ilə qarşılıqlı tətbiqini məşq edirlər.
Habelə Ukrayna Türkiyə ilə sıx hərbi-texniki əməkdaşlığa da başlayıb və artıq öz ordusunu “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri ilə təchiz edib. Tezliklə Ukrayna öz dəniz qüvvələrinin ehtiyacları üçün daha bir partiya “Bayraktar”lar alacaq. O cümlədən “Bayraktar”lardan daha üstün olan və seriya istehsalı bu ildən başlayan “Aakıncı” döyüş pilotsuz təyyarələrinin Ukrayna ilə birgə istehsalı barədə anlaşma da əldə edilib.
Bütün bunlar Donbas separatçıları arasında Ukraynanın pilotuz döyüş təyyarələrindən kütləvi istifadə etməklə irimiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyi haqda narahatlıqları artırır.
“Donetsk xalq respublikası”nın başçısı Denis Puşilin jurnalistlərə açıqlamasında deyib ki, Kiyevin bu varianta əl atacağını, pilotsuz təyyarələrdən kütləvi istifadəsini istisna etmir. Amma əmin edir ki, Kiyevin bu addımı cavabsız qalmayacaq.
Separatçılara yaxın olan rusiyalı jurnalist Aleksandr Kots da hesab edir ki, Donbas yeni müharibənin astanasındadır. Onun sözlərinə görə, Ukrayna ordusu təmas xətti boyu qüvvə cəmləyib və fəal kəşfiyyat aparır. “Qoruyucular açılıb və müharibə hər an başlaya bilər”,-o bildirir.