Dövlətə qarşı planlar və ifşa olunan sirlər: Xəyanətkar fəaliyyətlərin açıq-aydın sübutları


Dövlətə qarşı planlar və ifşa olunan sirlər: Xəyanətkar fəaliyyətlərin açıq-aydın sübutları
Artıq faktlarla Ramiz Mehdiyevin, Əli Kərimlinin, Abbas Abbasovun və şəbəkənin digər üzvlərinin xəyanətkar siması, onların dövlətimizə və xalqımıza, müstəqilliyimizə və konstitusiya quruluşumuza qarşı ardıcıl düşmən fəaliyyəti açıq şəkildə ifşa olunur. DTX-nın yayımladığı materiallar ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır və eyni zamanda bu sübutlar yalnız şəxsi cinayətləri ortaya qoymur, həm də dövlətimizin təhlükəsizliyinin qorunması üçün həyata keçirilən sistemli hüquqi və dövlət orqanları ilə bağlı tədbirlərin nə qədər ciddi və səmərəli olduğunu göstərir. Bu materiallar cəmiyyətə göstərir ki, hüququn aliliyi prinsipinə əsaslanan dövlət modeli yalnız qanun pozuntularını aşkarlamaqla kifayətlənmir, eyni zamanda vətəndaşların məlumatlandırılması və ictimai nəzarətin təmin olunması ilə təhlükəsizlik məsələlərinə şəffaf və davamlı yanaşmanı təmin edir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən deputat, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli DTX-nın təqdim etdiyi faktlara münasibət bildirdi.

Əli Hüseynli qeyd etdi ki, bu sübutlar dövlət təhlükəsizliyinin qorunması baxımından ciddi əhəmiyyət daşıyır və ictimaiyyətin məlumatlandırılması hüquqi çərçivədə aparılan proseslərin şəffaflığını bir daha aydın şəkildə göstərir:
“Ramiz Mehdiyev, AXCP-nin sədri Əli Kərimov, bunlardan başqa onun ölkə xaricində gizlənmiş funksionerləri Fuad Qəhrəmanlı, Qənimət Zayıdov (Zahid), həmçinin bədnam “milyarderlər ittifaqı”nın üzvü Abbas Abbasov və müxtəlif dövrlərdə Azərbaycan siyasətində fərqli mövqelərdə təmsil olunmuş digər fiqurların fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən təkzibedilməz faktlar sübutların qanuni yolla toplanması və ekspertiza rəyi əsasında üzə çıxarılıb və ictimaiyyətə təqdim olunub. Bu, məsələnin hüquqi tərəfidir”.
Deputat vurğuladı ki, belə materialların siyasi aspekti legitimlik baxımından və mövcud informasiya mühitində ictimaiyyətə təqdim olunması isə bir neçə siyasi nəticə doğurur:
“İlk növbədə burada dövlət təhlükəsizliyi yanaşması önə çıxır, yəni təqdim olunan faktlar açıq-aydın dövlətçiliyə real zərbədir və bu, ictimaiyyət üçün təhlükəsizlik məsələlərinə daha həssas yanaşmanı formalaşdırır.
Digər tərəfdən ölkə vətəndaşları bu proseslərin siyasi rəqabətin bir elementi kimi deyil, hüquqi mexanizmlərin səmərəli işləməsinin nəticəsi kimi qəbul edir və bu fərq ictimai rəyin formalaşmasında həlledici rol oynayır”.
Millət vəkili fikirlərinə əlavə olaraq bildirdi ki, yayılan materiallar cəmiyyətdə dövlət institutlarının fəal və çevik işlədiyi barədə təsəvvür yaradır və dövlət təhlükəsizliyinin prioritet olduğu qənaətini gücləndirir:
“Təbii ki, dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, ərazi bütövlüyünə xələl gətirilməsi, xarici qüvvələrlə qanunsuz əməkdaşlıq kimi Konstitusiya quruluşuna qarşı fəaliyyət ittihamı çox ciddi məsələdir. Ona görə də bu prosesləri dəyərləndirərkən dövlət təhlükəsizliyi prioritetliyi əsas prinsip kimi qorunmalıdır. Bu prinsip hüquqi dövlət modelinin təməlidir.
Əslində, bütün dövrlərdə və ictimai-siyasi quruluşlarda dövlət suverenliyi, konstitusiya quruluşu və milli təhlükəsizlik məsələləri “qırmızı xətt” sayılıb.
Bu kontekstdə xarici təsir kanalları, qanunsuz siyasi koordinasiya və dövlət institutlarına qarşı gizli fəaliyyət iddiaları dövlət təhlükəsizliyi çərçivəsində qiymətləndirilir. Bu baxımdan DTX tərəfindən yayımlanan səs yazıları, foto və video materiallar cəmiyyət üçün “təhlükəsizlik siqnalı” rolunu oynayır.
Digər vacib məqam isə odur ki, ictimaiyyət təhlükəsizlik məsələlərində kompromis olmadığını və kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında eyni dərəcədə cavabdeh olduğunu tam aydın dərk edir, bu isə dövlətin ədalət və nizam prinsipinin birmənalı şəkildə tətbiq olunduğunu göstərir”.
Pərvin Şakirqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.




