Dövlət Departamenti: Rusiya və Ukrayna ilə bağlı qərarları yalnız Tramp qəbul edəcək

“ABŞ-də Rusiya və Ukrayna arasında gedən münaqişə ilə bağlı qərarları yalnız Prezident Donald Tramp verəcək”.
Teleqraf xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, rəsmi Vaşinqton münaqişənin yalnız razılaşmalar yolu ilə həll olunacağına ümid edir: “ABŞ Moskva ilə Kiyev arasında danışıqları diqqətlə izləyir və prosesdən kənarda deyil. Münaqişənin sona çatmasının yeganə yolu iki tərəfin görüşüb hansısa razılaşmaya gəlməsidir”.
ABŞ prezidentinin niyə hərbi əməliyyatların davam etməsinə baxmayaraq, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməməsi ilə bağlı suala T.Bryus belə cavab verib: “Donald Tramp yəqin ki, vəziyyətin mahiyyəti haqqında sizdən və məndən bir az daha çox bilir”.
Dövlət Departamentinin sözçüsü qeyd edib ki, istənilən danışıqlar prosesi çox mürəkkəbdir və bununla bağlı bütün məlumatlar mətbuata açıqlanmır.
Polise.az