Dövlət Komitəsi: Atalığı tərəfindən döyülən uşağın səhhəti və təhlükəsizliyi diqqətdə saxlanılır – FOTO/YENİLƏNDİ

Lənkəranda 3 yaşlı uşağın zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat ciddi narahatlıq doğurur.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, uşaqlara qarşı hər hansı zorakılıq qəbuledilməzdir.
“Azyaşlının təhlükəsizliyinin təmin edilməsi, səhhətinin bərpası hüquq və mənafelərinin qorunması əsas prioritetdir. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür, uşağın səhhəti və təhlükəsizliyi diqqətdə saxlanılır.
Dövlət Komitəsinə daxil olan məlumata görə, hazırda uşağın səhhəti stabildir. Azyaşlının döyülməsində şübhəli bilinən atalığı ilə bağlı rayon polis şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
Eyni zamanda, uşağın anasının valideynlik hüququnun məhdudlaşdırılması məsələsinə rayon icra hakimiyyəti tərəfindən qanunvericiliyə uyğun olaraq baxılır. Ananın psixoloji vəziyyəti ilə bağlı müvafiq psixoloqlar tərəfindən onunla söhbətlər və psixoloji dəstək tədbirləri həyata keçirilir.
Bir daha vurğulamaq istəyirəm ki, uşaqların zorakılıqdan qorunması cəmiyyətin hər bir üzvünün məsuliyyətidir. Uşağa qarşı zorakılıq halı və ya belə bir şübhə yarandıqda, dərhal aidiyyəti qurumlara məlumat verilməsinə çalışmaq lazımdır. Uşağın təhlükəsizliyi və üstün mənafeyi hər zaman əsas götürülməlidir”, – məlumatda qeyd olunub.
***
12:07
LƏNKƏRAN, 25 sentyabr. TELEQRAF
Qeyd edilən faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
Bu barədə Teleqraf-ın Cənub bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, müvafiq ekspertiza təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
***
10:56
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü iddia olunur.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə bu səhər şəhər ərazisində baş verib.
2023-cü il təvəllüdlü Ə.Ə. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Uşağa ilkin tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumata görə, valideynlər uşağın yaşıdları ilə oynayarkən xəsarət aldığını bildiriblər. Araşdırma zamanı isə 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü müəyyənləşib.
Aidiyyəti qurumlar uşağın səhhəti və təhlükəsizliyini nəzarətə götürüblər.
Faktla bağlı araşdırma aparılır.




