Dövləti adamlar yox, qanunlar idarə etməlidir

‘’Dövlət-böyük ailə, ailə isə kiçik dövlətdir ’’

(Konfutsi)

Hüquqi dövlət (Rechtsstaat – hüquqi dövlət , hüququn və qanunun aliliyi, qanunun hökmranlıq etdiyi cəmiyyət) – yəni dövlətin bütün fəaliyyəti hüquq normaları ilə tənzimlənir və ona tabe olur. Qanunun hökmranlıq etdiyi cəmiyyətlərdə insan ləyaqətinin, hüquq və azadlıqların müdafiəsinə, habelə hüququn prinsiplərinə həmişə ustünlük verilib.

Dövlət hakimiyyət hüququna malik, idarəçiliyi hüquqi əsaslar və xüsusi mexanizmin köməyilə vətəndaşlar tərəfindən həyata keçirilən xalqın universal siyasi təşkilatıdır. Dövləti canlı orqanizm(Herbert Spenser – İngilis filosofu və sosioloqu XIX əsrin sonunda evolyutsionizmin banilərindən biri), hüquq qaydası( Siseron – Romanın dövlət və siyasi xadimi, filosofu, böyük natiq və Qərb sivilizasiyasının öndə gedən simalarından biri), bir sinfin digər sinif üzərində hökmranlıq aləti, onu əzmək maşını(Markas, Engels, Lenin) adlandıranlar da olub. Bir sözlə, dövlət cəmiyyətin vahid siyasi təşkilatı kimi hakimiyyəti ölkənin bütün ərazisinə və əhalisinə şamil olunan və məcburi qaydaların müəyyən edilməsində suveren idarəetmə sistemidir. Bu məqsədlə dövləti öz fəaliyyətində hakimiyyətin bölgüsünü, hüququn və qanunun aliliyini, aşkarlıq və fikir plüralizmini, məhkəmə hakimiyyətinin sosial ədalətin bərpası sahəsində yüksək rola malik olduğu ümumdemokratik institutlar sistemi kimi də qəbul etmək olar.

Hüququn və qanunun aliliyi hüquqi dövlətlərin əsas komponentlərindən biri , ən mühümüdür, – deyərdim. Bu, müəyyən məqsədlərə əsaslanır :

-Dövlət məmurlarının idarəçilik metodları Legitim standartlara uyğun olmalı;

-Dövlət qulluqçularının etik-davranış qaydalarına nəzarət gücləndirilməli, hamılıqla tanınan ədalət, azadlıq və bərabərlik dəyərlərinə ,vətəndaşların hüquq və azadlıqlarına, şərəf və ləyaqətin müdafiəsinə səmtlənən faktorlar əhalinin məmnunluğu ilə yadda qalmal, ictimai həmrəyliyə üstünlük verilməli;

-Qanun qarşısında bərabərlik və hər bir vətəndaşın qanun çərçivəsində eyni cür müdafiə olunmasına zəmin yaradılmalı, hüquqpozmaların subyektlərinə isə əməlin təhlükəlilik dərəcəsinə münasib cəzanın labüdlüyü önə çəkilməli, siyasi, sosial və iqtisadi vəziyyətə görə fərq qoyulmamalıdır.

2023-сü ildə BMT orqanları tərəfindən aparılan təqdiqatın nəticələrinə görə 142 ölkədə hüququn aliliyinin təmin olunması səviyyəsinin 73% aşağı düşməsi narahatlıqla qarşılanıb.

Hüquqi dövlət ideyası müəyyən mənada milli təcrübədən asılı deyil. Burada, qeyd etdiyim kimi, hüququn və qanunun aliliyi primatlıq təşkil edir, məhkəmələr hakimiyyətin digər budaqlarından asılı olmur. Beynəlxalq təcrübə göstərir ki, məhkəmələrin kənar müdaxilələrdən təcridi modeli hüquq qaydalarının qorunmasında səmərə və ədalətli məhkəmə araşdırılmasına zəmanət verir

2023 –cü il ərzində Avropa Insan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı 40 qərar qəbul edib. Qərarların 38-də aşkar edilən pozuntular sırasında ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlı 10, yaşamaq hüququnun pozulması üzrə 3, işgəncə və pis rəftara məruz qalmamaq hüququnun pozulması ilə bağlı 4, ifadə azadlığının pozulması üzrə 3, mülkiyyət hüququnun pozulması üzrə isə 5 qərardad  tanınıb. Statistik rəqəmlər AİHM-nin prezidenti Siofra O Liri tərəfindən 2023-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında açıqlanıb. Burada diqqət çəkən başqa məqamlar da var. 2023-cü ildə AİHM-ə göndərilən ərizələrin sayında azalma müşahidə edilir. 2022-ci ildə 45 min 500 ərizə daxil omuşdusa, bu rəqəm 2023-cü il ərzində 34 min 650-yə düşüb. Həmin ərizələrin 438-i Azərbaycandan gondərilən ərizələrdir. Amma sevindirici haldır ki, 2021-ci ildə bu göstərici 425, 2023-cü ildə isə 389 olub. Görünür, insan hüquq və azadlıqlarının qorunub təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər səmərə verir, KİV-də dərc olunan faktların da burada rolu danılmazdır. Bu səbəbdəndir ki, AİHM-də   taleyini gözləyən ərizələrin sayı azalıb – 2022-ci ildə 74 min 650 ərizənin baxılması gözlənilirdisə, 2023-cü ildə bu göstərici 68 min 450-yə düşüb. Siyahıda qardaş Türkiyə liderlik edir. 68 min 450 ərizənin 23 min 397-i ( ümumi ərizələrin 38%-dən bir az çox) qardaş Türkiyəyə qarşıdır. İkinci sırada Rusiya 12453, daha sonra Ukrayna 8737, Rumıniya 4171, İtaliya 2743, Yunanıstan 2429 və s. gəlir.

Doğma Azərbaycan 1877 ərizə ilə 7-ci sıradadır. Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının bərpası ilə bağlı Avropaya üz tutması, görünür məhkəmə qərarlarının hakimlərimizin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmadığına görədir. Digər tərəfdən, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanununun 101-ci maddəsinin sonuncu abzasında göstərilən məqam diqqət cəlb edir: ”Məhkəmə səhvləri nəticəsində proses iştirakçısına, yaxud iştirak edən şəxsə dəymiş ziyana görə hakimlər öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət tərəfindən ödənilir.”(?) Niyə belə olmalıdır?

Hakimlər kifayət qədər zəkalı və yetkin şəxslərdir. Nə etdiklərini çox gözəl anladıqları üçün proses zamanı buraxdıqları səhvlər nəticəsində vurulan ziyana görə dövlət yox, məhz hakimlər məsuliyyət daşısalar AİHM-ə göndərilən şikayətlərin sayı azalacaq, bəlkə də, şikayətlər heç olmayacaq. Hakimlərin buraxdıqları prosesual səhvlərə görə dövlət niyə ayrı-ayrı şəxslərə təzminat ödəməlidir?

( AİHM-ə gedən ərizələrin sayına görə Ermənistan 836, Gürcüstan 185 ərizə ilə qeyd olunur) 

Heç bir vəzifəli şəxs və ya hakimiyyət orqanı, hakimiyyətin budaqları, hətta hakimiyyətin mənbəyi sayılan xalq və dövlətin təməlini təşkil edən xalqın vahidliyi belə, qanun çərçivəsindən kənara çıxaraq hərəkət və ya hərəkətsizliyə yol verə bilməz. Sui istifadələr daha çox ölkəmizin beynəlxalq nüfuzuna, dövlətin daxili və xarici funksiyalarının, habelə daxili və xarici siyasətin həyata keçirilməsinə xələl gətirdiyindən bu sahədə vahid mövqedə çıxış etməkdən başqa yol yoxdur.

Hüquqi dövlətin digər hüquqi komponentləri – qanunlara “mədəni dəyər” kimi yanaşmada ifadə olunur. Adətən cəmiyyətin hüquq mədəniyyəti hüquq sferasında inkişafın səviyyəsini xarakterizə edən ümumbəşəri və milli dəyərlər sistemi daxilində qəbul edilir.

Bütün dəyərlər – Azadlıq, sülh, suverenlik, bərabərlik, şərəf, ləyaqət, sədaqət, borc- vəzifə, mərhəmət, hörmət və ehtiram, sevgi və ümid sadə və möhtəşəmdir. Lakin həyatımızı verdiklərimizlə, yaşayışımızı isə aldıqlarımızla qurmağa məhkumuq! Nə etməli, həyat belədir.

Bəzi hüquqşunaslar hesab edirlər ki, hüquqi dövlət təkcə vətəndaşların dövlət cə cəmiyyət qarşısında məsuliyyətini yox, eyni zamanda dövlətin də vətandaşları qarşısında öhdəliklərini və cəmiyyətin maraqlarına uyğun xidmət etmək vəzifəsini önə çəkir. Ölkəmizin Konstitusyasına görə(52-ci maddədə), qarşılıqlı hüquq və vəzifələr, dövlətə mənsub olmaq onunla siyasi və huquqi bağlılıq gerçəkləşdikdə yaranır.

Zənnimcə hüquqi dövlətin mühüm xarakterik cəhətlərindən biri də vətəndaş cəmiyyətinin inkişafı, hakimiyyətin təkbaşına idarəçiliyinə, müəyyən qrup və özəl maraqlar güdən şəxslərin əllərində cəm olmasına ictimai nəzarətin necə həyata keçirilməsindən asılı olur . Burada bazar iqtisadiyyatına üstünlük verilir.

Hüquqi dövlət bir növ hüququn təbiətinin necə başa düşülməsindən asılıdır.

Qanunlara siyasi hakimiyyətin aləti kimi baxılan dövrlər də olub. Lakin sonralar –antik cəmiyyətlərdə xalqın iradəsini ifadə edən əsas qanunlar yüksək hüquqi qüvvəyə malik akt sayılmağa başlanıldı. Məsələn, Roma imperatorlarının qəbul etdiyi qanunlar(İmperator tərəfindən imzalandığına görə) əsas qanun – Konstitusiya adlanırdı və yüksək hüquqi qüvvəyə malik idi .

Mövcud hüquqi adətlər, əsrlər boyu qorunan milli, mənəvi dəyərlər də hüquqi dövlətin əsas vəzifələrindən sayılıb. Əxlaq və hüquq insan davranışlarının başlıca tənzimləyici norması sayılmış, azadlıq, bərabərlik, humanizm və ədalət isə əxlaqın məqsədinə çevrilmişdi.

Hüquq normalarının ierarxik zirvəsində qərar tutan ümumi prinsiplər, qanunlar və məhkəmə qərarları əxlaqi nəzərdən, siyasi proseslərin təhlili nəticəsində ərsəyə gəlib. Belə yanaşma hüquq nəzəriyyəsinin inkişafı, qanunların əxlaqi baxımdan məzmunu və onların Legitimliyi üçün bazis yaradırdı. Qərb kilsəsinin atası sayılan, xristian filosofu Avreliy Avqustin (O, Şimali Afrikanın Roma əyalətində boya-başa çatmışdı) qeyd etmişdi ki, ‘‘Ədalətsiz qanun – bu, qanun deyil’’.

Latın dilində ‘‘Lex iniksta non est lex’’ – bu ifadə bir sıra ölkələrin Konstitusiyasında öz əksini tapıb. Məsələn, İsveçrənin Konstitutyasında dövlətin vəzifəsi ümumi maraqlardan irəli gələn və vətəndaşların fundamental azadlıqlarını nəzərdə tutan məqsədlərə uyğun bir ölçüdə olmalıdır, – əxz edilir.

Dünyanın Qədim və hamıya bəlli məcəlləsi – qanunlar külliyatı Babilistan çarı Xammurapinin adı ilə bağlıdır (bizim e.ə 1750-ci il). Bu məcəllə ona görə ədalətlidir ki , məmurların icra etməli olduğu qaydalara nəzarət hakimlərə həvalə olunurdu.

Qədim Afinada qanunlardan tiranlığa qarşı mübarizə aləti kimi istifadə olunardı. Hakimiyyətin bir adamın əlində cəm olmasından qaçmaq üçün dövlət hakimiyyətinin yuxarı, ali orqanı sayılan xalq yığıncağı vətəndaşların tam hüquqlu yığıncağı kimi normativ aktlar qəbul edərdi. Bu normativ aktlar imperativ xarakter daşıyar və hamı üçün məcburi qüvvəyə malik olardı.

Hakimlər püşkatma yolu ilə seçilərdi. Məhkəmə baxışı zamanı vətəndaşlar hüquqca bərabər sayılardı . Ədalət mühakiməsinin ali orqanı andlıların xalq məhkəməsi tanınardı. Həmin dövrlərdə qədim yunan filosofu Aristotelin belə bir fikri tədricən diqqət çəkməyə başladı: ’’Dövləti adamlar yox, qanunlar idarə etməlidir’.’

Orta əsrlərdə iqtisadi və sosial sahələrdəki qarşılıqlı münasibətlər bir qayda olaraq yazılı qanunlar və ya müqavilələrlə tənzimlənirdi  Həmin illərdə kübar cəmiyyətin kübar adət və ənənələrinə müfaviq hakimiyyətin məhdudlaşdırılmasında dini hüquq da mühüm rol oynayırdı. Hakimiyyətin ali orqanlarının hüquqi tənzimlənməsində  1215-ci ildə qəbul olunan İngiltərə Böyük “Azadlıq Xartiyası”nın mühüm rolu oldu. Bu qanunla kralın səlahiyyət dairəsi müəyyənləşdi, parlamentin razılığı olmadan əhaliyə vergilərin təyin edilməsi qadağan olundu, vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına qarşı cəzanın tətbiqi qərara alındı(Andlılar məhkəməsinin bu sahədə olan aktı istisna idi). 400 ildən sonra 1610-cu ildə İcma Palatası kral I Yakova bəzi məsələlərdə qanunun aliliyini qorumaq məqsədi ilə qadağa qoydu.

Hüquqi dövlətin ayrı-ayrı prinsipləri (hakimiyyətin bölgüsü və qanunun aliliyi) Böyük Litva knyazlığının statusunda (1558-ci ildə ) da yer almışdı. Ölkənin kansleri Lev Sapeqa hesab edirdi ki, dövlətdə insanlar yox, qanunlar hökmranlıq etməlidir. Həmin o vaxtdan hakimiyyətin qanunvericilik, icra, məhkəmə budaqlarına bölünməsi qəbul edilirdi. İnsanların digərlərindən qorxusu və qorunması, ehtiyat tədbirlərinin görülməsi və müdafiəsi üçün dövlətə sığınmağı vacib hesab edərdilər .

Qanun qarşısında bərabərlik prinsipi xaoatik hallarn, dövlətin bir vətəndaşının qisasını digərindən almağa imkan verirdi. Məhz qanun qarşısında hamının bərabərliyi həmvətənlər qarşısında qorxu və vahiməni aradan qaldırırdı.

Bəzi filosofların(Tomas Qobbs, Con Lokk) təbirincə desək, məmurlar da qanunlara riayət etməli, qanunların tələbləri daxilində davranmağa borclu idilər. İmmanuel Kanta görə hüquqi və demokratik dövlətlərdə (ümumiyyətlə, dövlətin və hüququn yarandığı dövrdən başlayaraq ) dövlətin məqsədi öz vətəndaşlarının əminamanlığını, xoşbəxt həyatını təmin etməkdən ibarət olmalıdır. Bu, onların hüquqlarına və mülkiyyətinə olan zəmanətdən asılıdır. Ona görə də, ümumi maraqlara zidd qanunlara imkan verilməməlidir. Bu təsəvvürlər konstitusiyada əxz edilməlidir. Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyasının 12- ci maddəsində dövlətin ali məqsədi aşağıdakı müddəa ilə ehtiva edilib: ”İnsan hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək dövlətin ali məqsədidir”. Ona görə də, ölkədə həyata keçirilən siyasətin mənəvi və milli dəyərlərə uyğun olması üçün dövlətin də müəyyən qanunlara tabe olması zərurəti yaranır, dövlət siyasətinin çətiri altında xalqın vahidliyi təmin olunmaqla dövlətin təməli möhkəm olur .

Kanta görə elə dövlət quruluşuna ehtiyac duyulur ki, orada “qanunlar hökmranlıq edir” və heç kimdən asılı olmur. Bu ideyalar hüquq və azadlıqların genezisini ehtiva edən 1689-cu ildə Britaniyanın Hüquqlar haqqında Billdə, ABŞ İstiqlal bəyannaməsində(1869), ABŞ Hüquqlar haqqında Billdə, Fransanın insan və vətəndaş hüquqları haqqında Bəyannaməsində öz əksini tapıb. Bu tarixi normativ sənədlər dövlətlərə təkcə vətəndaşların özününküləşdirən hüquq və azadlıqlarına qəsdi qadağan etmirdi, həm də dövlətlərin bir sıra pozitiv azadlıqların təmin olunmasını vəzifə olaraq qəbul etməsini diqqətə çatdırırdı. Sonradan bu ideyalar tədricən dünyanın yazılı Konstitusiyalarında – ilk öncə Mədinə Şəhər dövlətinin 53 maddədən ibarət konstitusiyasında(623-624-cü illər), ABŞ-nin 1787-ci ildə qəbul olunmuş konstitusiyasında, Fransanın və Polşanın yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktında da əksini tapmışdı.

Tarixi mənbələrə görə Hitler Veymar Respublikası Konstitusiyasını heç vaxt formal da olsa rədd etməmişdi. Amma fövqalədə statusundan istifadə edərək o, istədiyini həyata keçirər, vətəndaş azadlıqlarına mane olmaq üçün hakimiyyətin institutlarını və prosedurlarını dəyişər, parlament olmadıqda həmin səlahiyyətlərdən özünün siyasi maraqlarına uyğun faydalanardı.

Yazılı konstitusiyası və Konstitusiya məhkəməsi olmayan ölkələr də var. Böyük Britaniyada yazılı Konstitusiyanın yoxluğu ölkədə hüquqi dövlət quruculuğuna mane olmadı. XVII əsrin ingilis hüquqşünası Edvard Kok bunu belə şərh edir: ”Parlamentin normativ aktı sağlam fikrə və düşüncəyə zidd olduqda və yaxud yerinə yetirmək mümkün olmadıqda, məhkəmə həmin aktın ləğvi üçün əsas gördükdə onun qəbulunu rədd etməyə hüququ var”. Hüquqi dövlətlərdə qanunların qorunmasında məhkəmələrin rolu da danılmazdır. Hakimlər hakimliklə bir araya sığmayan hərəkətlərdən çəkinməli, səlahiyyətlərin icrası zamanı boşluqlara imkan verməməli və şəxsi baxışlarına görə qərar qəbul etməməlidirlər. (Azpolitika.info)

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button