DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ HƏBSLƏR – Liman rəisi ilə birgə 6 nəfər ittiham olunur

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə saxlanılıb.
APA-nın əldə etdiyi məlumata görə, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov, Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov və digər şəxslər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İş üzrə ilkin olaraq ümumilikdə 6 nəfər ittiham olunur.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiq ediblər.
Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov həbs edilib.
Qeyd edək ki, Fərid Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin sabiq müavini general-leytenant Cəbrayıl Usubovun oğludur.



