DSX: “Axtarışda olan 278 nəfər saxlanıldı”
Cari ilin iyun və iyul ayları ərzində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən ümumilikdə 239 kiloqram 158 qram narkotik vasitə, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatları qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, bununla yanaşı Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “Xaş-xaş-2021” şərti adı altında həyata keçirilən kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində iyun ayı ərzində Ağstafa, Qazax, Qubadlı, Yardımlı və Xaçmaz rayonlarının sərhədboyu ərazilərində ümumi çəkisi 9 ton 511 kiloqram olan 36 125 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilərək yandırılma yolu ilə məhv olunub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşları axtarışda olan 278 nəfər saxlanılıb, 33 şəxsin sənədlərinin saxtalaşdırılması və 12 şəxsin pasportunun qeyri-fəal olması müəyyən edilib.
Dövlət sərhədindən buraxılış məntəqələrində ölkədən çıxışına məhdudiyyət tətbiq olunmuş 442 nəfər və ölkəyə girişi qadağan olunmuş 16 nəfər şəxs dövlət sərhədindən buraxılmayıb.