DSX: “Harop” və AN-2 təyyarələri ilə müharibədə düşmənə ciddi zərbələr vurduq”
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin yaradılmasının 16-cı ildönümü münasibətilə tədbir keçirilib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin qarşısına qoyduğu döyüş tapşırıqlarının uğurla icra edilərək Ermənistanla dövlət sərhədinədək böyük bir ərazinin azad edilməsi, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçilərinin göstərdikləri qəhrəmanlıqlar, “Harop” və digər pilotsuz uçuş aparatlarının, sərhəd aviasiyasının AN-2 təyyarələrinin Azərbaycan sərhədçiləri tərəfindən peşəkar tətbiqi nəticəsində düşmənə ciddi itkilərin vurulması böyük qürur hissi ilə qeyd olunub, işğaldan azad edilmiş dövlət sərhədlərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin uğurla davam etdirilməsi bildirilib.
DSX rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb, böyük şərəf hissilə Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığının keşiyində duran dənizçi sərhədçilərin bundan sonra da xidməti tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.
Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltif edilib.