DTX-nin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi yaradılır

Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi yaradılır.
Polise.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi (bundan sonra – MİRAS) yaradılır.
Həmçinin “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında Əsasnamə” təsdiq edilib:
“Dövlət Təhlükəsizliyi Xidməti MİRAS-ın formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, həmçinin ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə MİRAS-ın “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün”.
Həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət İmtahan Mərkəzi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 3-cü hissəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər
Polise.az



