DTX-nin milli təhlükəsizliyimizdə tutduğu yer

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər əsasında ölkəmizin milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanıdır.
Bu fəaliyyət çərçivəsində DTX xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində əks-kəşfiyyat, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirir. Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, terrorçuluq, kibercinayətlər, habelə dövlətin ictimai və iqtisadi sahədə milli təhlükəsizlik maraqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuran cinayətlərin vəzifəli şəxs tərəfindən törədildiyi aşkar olunduqda, həmin cinayətlərə dair işlər üzrə ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti aparır.
Dövlət Təhlükəsizliyi Xidmətinə eyni zamanda dövlət sirrinin mühafizəsi ilə bağlı müstəsna vəzifələr həvalə edilmişdir. Bu səlahiyyətlərə uyğun olaraq informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması, vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması üçün yoxlama tədbirləri, müəssisə, idarə və təşkilatlara dövlət sirri ilə işləməyə icazənin verilməsi DTX tərəfindən həyata keçirilir.
Polise.az



