DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Azərbaycan Prezidenti İlham Əliyevin təhlükəsizlik orqanlarının fəaliyyətinə verdiyi yüksək qiymətin növbəti təzahürü olaraq, 2020-ci və 2023-cü illərdə aparılan hərbi əməliyyatlar dövründə və ondan sonra həyata keçirilən tədbirlər zamanı şəxsi şücaət və qəhrəmanlıq göstərdiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı ali mükafatlara layiq görülüb. Böyük iftixarla qeyd edirik ki, bu gün DTX-nin sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Qeyd olunan hərbi əməliyyatlarda göstərdiyi fədakarlığa görə DTX-nin 7 əməkdaşı “Zəfər”, 14 əməkdaşı “Qarabağ” ordeni, xeyli sayda əməkdaşı başqa orden və medallarla təltif olunub.

Polise.az  xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin “Dövlətin təhlükəsizliyi naminə” sərlövhəli məqaləsində yer alıb.

“Dövlət Təhlükəsizliyi Xidmətinin tarixində ən mühüm hadisə, heç şübhəsiz, məhz ötən ilin noyabr ayında dövlətimizin başçısının Xidmətin yeni inzibati binalarının açılışında iştirak etməsi idi. Möhtərəm Prezident binalarda yaradılan iş şəraiti ilə yaxından maraqlandı, müasir tələblər səviyyəsində qurulan kriminalistika, əməliyyat və şəbəkə idarəetmə otaqları ilə tanış oldu. Əməkdaşların gələcək fəaliyyətlərini lazımi səviyyədə həyata keçirəcəklərinə və üzərilərinə düşən vəzifələri bundan sonra da layiqincə icra edəcəklərinə inamını ifadə etdi.

Fürsətdən istifadə edərək, göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından dərin təşəkkürümüzü bildirir, Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik!

Fəxr duyuruq ki, fəaliyyətini daim Vətənə sədaqət amalları üzərində quran, Ümummilli Lider Heydər Əliyevin bu orqanlarda əsasını qoyduğu sarsılmaz ənənələri davamlı olaraq yaşadan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları bu il peşə bayramını ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş ölkəmizin və qalib xalqımızın qürurlu zamanında qeyd edir”, – DTX rəisi vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button