Dünya dövlətlərinin və beynəlxalq təşkilatların mövqeyi…

Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı

Hazırda dünya gündəminin əsas mövzusu Ukrayna ətrafında baş verən hadisələrdir. Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərzisindəki qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanınması haqqında fərman imzalayıb və silahlı qüvvələrə “DXR” və “LXR”də sülhü təmin etmək tapşırığı verib. Artıq Rusiya Federasiya Şurası “Donetsk və Luqansk Xalq Respublikaları” ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda müqaviləni də ratifikasiya edib. Bu sənəd iqtisadiyyat, müdafiə, sərhədlərin mühafizəsi, etnik azlıqların haqlarının qorunması və s. sahələri əhatə edir.

Rusiya tərəfinin “DXR” və “LXR”in “müstəqilliyi”nin tanımasından sonra xalqa müraciət edən Ukrayna prezidenti Volodimir Zelenski isə ölkəsinin ərazi bütövlüyü və suverenliyinin pozulduğunu bildirib. O qeyd edib ki, bu tanınma ilə Rusiyanın Minsk razılaşması və Normandiya formatından çıxdığını göstərir və münaqişənin sülh yolu ilə həllinə mane olur. Zelenski, həmçinin Xarici İşlər Nazirliyindən Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi barədə müraciət aldığını və həmin müraciəti nəzərdən keçirəcəyini söyləyib. “DXR” və “LXR”ın Rusiya tərəfindən tanınmasından sonra Qərbdən ciddi dəstək gözlədiklərini deyən Zelenski ölkədə hərbi vəziyyət elan etməyi düşünmədiyini qeyd edib. O, yaranmış vəziyyətlə bağlı ABŞ Prezidenti Co Bayden, eləcə də Böyük Britaniyanın baş naziri, Fransa prezidenti və Almaniyanın kansleri ilə telefon danışı?? da aparıb. Eyni zamanda, Ukrayna Rusiyadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırıb.

Dünya dövlətlərinin rəhbərləri isə Rusiyanın bu addımını sərt tənqid ediblər. Belə ki, ABŞ Prezidenti Co Bayden “Donetsk və Luqansk Xalq Respublikaları”nın suverenliyini tanıması ilə bağlı Rusiyaya sanksiyalar haqqında fərman imzalayıb. Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, sənəd ABŞ vətəndaşları üçün “DXR” və “LXR”-də yeni investisiyalara qadağa qoyur. Fərman ABŞ-dan “DXR” və “LXR”-ə malların, xidmətlərin və texnologiyaların ixracını, təkrar ixracını, satışını, tədarükünü qadağan edir. Bayden bəyan edib ki, “respublikaların” tanınması Rusiya Federasiyasının Minsk razılaşmaları üzrə öhdəliklərinə ziddir və Ukraynanın sülh və sabitliyini təhdid edir. Bundan əlavə, Ağ Ev rəhbəri Konqres liderlərinə ünvanladığı məktubda Rusiyanın qərarının ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə təhdid yaratdığını bəyan edib.

NATO-nun Baş katibi Yens Stoltenberq də Rusiyanın “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın tanınmasını pisləyib. Bu barədə NATO Baş katibinin bəyanatında qeyd olunub. Bildirilib ki, bu qərar Ukraynanın suverenliyini və ərazi bütövlüyünü zədələyir, münaqişənin həlli istiqamətində səyləri zəiflədir və Rusiyanın tərəfdar olduğu Minsk razılaşmalarını pozur. “2015-ci ildə Rusiyanın da daxil olduğu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə tam hörmət etdiyini təsdiqləyib. Donetsk və Luqansk Ukraynanın bir hissəsidir”, – deyə bəyanatda vurğulanıb. NATO-nun Baş katibi qeyd edib ki, hərbi alyans Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir: “Müttəfiqlər Rusiyanı mümkün qədər sərt şəkildə, diplomatiya yolunu seçməyə, Ukrayna və onun ətrafına kütləvi hərbi birləşmələri toplamağı dərhal dayandırmağa və beynəlxalq öhdəliklərinə uyğun olaraq qoşunlarını Ukraynadan çıxarmağa çağırır”.

“Avropa Komisyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya prezidentinin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin qeyri-hökumət nəzarətində olan ərazilərinin müstəqil qurumlar kimi tanınması ilə bağlı qərarını ən sərt şəkildə pisləyir”. Bu fikirlər isə Avropa Komissiyası və Aİ Şurası prezidentlərinin birgə bəyanatında səsləndirilib. Aİ liderləri bəyan ediblər ki, bu addım beynəlxalq hüququn, eləcə də Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır: “İttifaq bu qanunsuz əməldə əli olanlara qarşı sanksiyalarla reaksiya verəcək. İttifaq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edir”. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel isə deyib ki, Rusiyaya qarşı ilk sanksiyalar bu gün qəbul olunacaq. Amma bu “DXR” və “LXR”nın tanınmasına görə Avropa Birliyinin verəcəyi tam cavab olmayacaq. Borrel Rusiya qoşunlarının Donbasa yerləşdirilməsini tam miqyaslı müdaxilə saymasa da, Rusiya qoşunlarının Ukrayna torplaqlarına daxil olmasını beynəlxalq normaların pozulması kimi dəyərləndirib.

Rusiyanın “DXR” və “LXR”in “müstəqilliyi”ni tanımasına BMT Baş katibi səviyyəsində də reaksiya verilib. Təşkilatın Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, Rusiyanın bu addımı BMT Nizamnaməsinə uyğun deyil: “Baş katib Antonio Quterreş bu tanınmanı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə zidd hesab edir, BMT Nizamnaməsinin tələblərinə uyğun olmadığını bildirir”.

Onu da qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında Ukraynadakı vəziyyətlə bağlı müzakirələr də keçirilib.

Böyük Britaniya hökuməti də Ukrayna böhranı ilə bağlı təcili iclas keçirib. Britaniya hökuməti Rusiyanın Donbasdakı separatçı qurumların müstəqilliyini tanımasından sonra atılacaq addımları müzakirə edib. Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, Rusiyanın Ukrayna ərazisindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıması beynəlxalq hüququn və Ukraynanın suverenliyinin pozulmasıdır: “”Donetsk və Luqansk respublikalarının” tanınması beynəlxalq hüququn aşkar surətdə pozulmasıdır. Bu, həm də suverenlik və ərazi bütövlüyün pozulması, Minsk razılaşmasından imtinadır. Zənnimcə, bu, çox pis əlamətdir. Bu, həm də vəziyyətin səhv yöndə inkişaf etdiyini göstərir”.

Yaranmış vəziyyətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın “Donetsk və Luqansk Xalq Respublikaları”nı tanımasını qəbuledilməz hal kimi dəyərləndirib. O, tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə və beynəlxalq hüquqa riayət etməyə çağırıb. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında isə bildirilir ki, “Rusiya Federasiyasının qondarma “Donetsk və Luqansk Respublikaları”nı tanıması qərarı Minsk anlaşmalarına qarşı olduğu üçün Ukraynanın siyasi birliyinin, ərazi bütövlüyünün açıq şəkildə pozulması anlamına gəlir. Rusiyanın bu qərarı qəbuledilməzdir və rədd edirik. Ukraynanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına bağlılığımızı bildirir, bütün tərəfləri beynəlxalq hüquqlara riayət etməyə çağırırıq”.

Çin Xalq Respublikası isə hesab edir ki, Rusiyanın “Donetsk və Luqansk Xalq Respublikaları”nı tanımasından sonra konfliktin eskalasiyasına imkan verilməməlidir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Van Venbin açıqlama verib. O, Çinin Ukrayna böhranında mövqeyinin bəlli olduğunu və məsələnin BMT Nizamnaməsi əsasında həll olunmasının vacib olduğunu qeyd edib. Van Venbin tarixi faktorların Ukrayna böhranını çətinləşdirdiyini də fikirlərinə əlavə edib.

Almaniya isə Rusiyanın “DXR” və “LXR”-i rəsmi şəkildə tanıması ilə əlaqədar “Şimal axını-2” layihəsinin sertifikasiyasını dayandırır. Bu barədə Almaniya Kansleri Olaf Şolts irlandiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. “Biz vəziyyəti yenidən qiymətləndirməliyik, xüsusilə də “Şimal axını-2” ilə əlaqədar. Bu, texniki səslənir, amma bu, zəruri administrativ addımdır. Kəmərin sertifikasiyası olmayacaq və bu olmadan “Şimal axını-2” əməliyyata başlaya bilməz”, – deyən kansler qeyd edib ki, iqtisadiyyat naziri Rusiyanın atdığı bu addımla əlaqədar sertifikasiya prosesini bir daha nəzərdən keçirəcək. Şolts əlavə edib ki, Avropa İttifaqı ilk sanksiyalar paketini müzakirə edib və tezliklə birgə qərar qəbul ediləcək.

Nardar BAYRAMLI

Hamısını Göstər

Related Articles

Back to top button