Putin Nüvə düyməsindən istifadə edəcək?

Rusiya prezidenti strateji nüvə qüvvələrinin təlimində iştirak edib və bu silahdan necə istifadə olunacağını açıqlayıb; NATO da Rusiya ilə sərhəddə ən böyük artilleriya təlimlərinə başlayır – polkovnikdən izah

Rusiyaya qarşı daha genişmiqyaslı sanksiyalar çağırışı, habelə Ukraynanın genişzolaqlı bombardman əməliyyatları üçün dəstək istəməsinin fonunda Kremlin daha qəddar cavab addımlarına hazırlaşması müşahidə edilir. Şimali Koreyadan 3 min əsgərin gətirilməsinin ardınca Rusiya prezidenti Vladimir Putin strateji nüvə qüvvələrinin məşqini keçirib.

“Yeni Müsavat” yazır ki, Rusiya lideri Kremldən Hava Kosmik Qüvvələri vasitəsilə strateji nüvə qüvvələrinin təlimində iştirak edib. Rusiya prezidenti bildirib ki, təlimlər zamanı rəsmilərin nüvə silahının praktiki atışlarla istifadəsi üzrə hərəkətləri tətbiq olunacaq. RF lideri qeyd edib ki, Rusiya Federasiyası üçün daim istifadəyə hazır olan müasir strateji qüvvələrin olması vacibdir. “Rusiya öz nüvə çəkindirici qüvvələrinin bütün komponentlərini təkmilləşdirəcək, bunun üçün kifayət qədər resurslar var. Nüvə silahından istifadə ölkənin təhlükəsizliyini təmin etmək üçün son çarədir”, – deyə Rusiya lideri vurğulayıb.

Bu məşqlər NATO-nun noyabrın əvvəlində nəzərdə tutulan ən böyük artilleriya təlimlərinin Finlandiyada, məhz Rusiya ilə sərhəd alyans ölkəsində keçirildiyi bir vaxta təsadüf edib. Moskva bununla Şimali Atlantik Alyasına bir növ “əzələ” nümayiş etdirib. Belə ki, NATO Rusiya ilə sərhəddəki Rovayarvi poliqonunda “Lightning Strike 24″ adlı ən böyük artilleriya təlimi keçirəcək. Təlim noyabrın 4-dən 28-dək davam edəcək. Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub. Təlimlərdə Finlandiya, ABŞ, İsveç, Estoniya, Böyük Britaniya və Fransadan 3600-ə yaxın hərbçinin iştirak edəcəyi bildirilir. Qeyd olunur ki, “Lightning Strike 24″ alyansın tarixində Avropada keçirilən ən böyük artilleriya atış seriyası olan “Dynamic Front 25” təlimlərinin bir hissəsidir. “Təlimin məqsədi Finlandiyanın müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində şimaldakı əməliyyat zonasında müdafiə qabiliyyətini nümayiş etdirmək, həmçinin əməliyyat komandanlığı və nəzarətini həyata keçirməkdir”, – deyə Finlandiya Müdafiə Nazirliyi bildirib.

Rusiya nüvə silahından istifadə edəcək? - Vəziyyət ciddiləşir | KONKRET

Bəs Rusiyanın keçirdiyi məşqlərin ardınca Putin Ukraynaya qarşı savaşda nüvə silahının “qırmızı düyməsi”ni basacaqmı? Bugünədək edilən anonslar artıq reallaşır, yoxsa bu, hərbə-zorbadır? Çünki Kreml lideri ölkəsinin suverenliyinə təhdid olacağı halda, nüvə bombasından istifadə ediləcəyini deyib. Rusiyanın suverenliyinə yalnız Kursk vilayətində müdaxilə olunub. Lakin bir vilayətdə olan ukraynalı hərbçilərə görə Rusiyanın nüvə silahından istifadəsi gözlənilmir. Putin hətta qeyri-nüvə dövlətlərini də hədələmişdi. NATO Baş katibi Mark Rutte isə qeyri-nüvə ölkəsi olan üzv dövlətləri bundan qorxmamağa, hər şeyə hazır olduqlarına inandırmışdı.

Ümumiyyətlə, dünyada nüvə eskalasiyası riski və təhdidləri artmaqdadır. Ukrayna münaqişəsi “soyuq müharibə”ni nüvə bombası ilə qarşılıqlı şəkildə hədələmək müstəvisinə keçirib. Xüsusən də “Bild” dərgisində yer alan “Ukrayna atom bombası yarada bilər” iddiası təkcə Rusiya və Ukraynanın deyil, bütün Avropanın da media məkanını silkələməkdə davam edir. Zelenskinin Trampa söylədiyi “bizi NATO-ya qəbul etməsəniz, atom bombası yaratmaqdan başqa çıxış yolumuz qalmır” ifadəsi ən müxtəlif aspektlərdən şərh edilir. Bəziləri bunu Ukraynanın yeganə qurtuluş yolu, bəziləri isə Qərb müttəfiqlərini şantaj etmək cəhdi kimi qiymətləndirir. 40-50 ildir ki, Ukrayna ərazisində Avropanın ən böyük atom elektrik stansiyaları fəaliyyət göstərir. Mütəxəssislərin söyləmələrinə görə, atom elektrik stansiyasından atom bombasına qədər cəmi bir addımlıq məsafə var. Ukraynada nüvə texnologiyalarını bilən minlərlə mühəndis və gərəkli infrastruktur var. Bu potensialı nüvə bombası istehsalına yönəltmək isə yalnız zamana ehtiyacı olan məsələdir. Rusiya mediası yazır ki, Ukraynaya bəzi radioaktiv maddələrin gətirilməsi haqqında kəşfiyyat məlumatları mövcuddur.

Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də “AÇIR SANDIĞI, TÖKÜR PAMBIĞI”

 Şair Ramaldanov

Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a bildirdiyinə görə, əgər nüvə silahı bir dövlətdə varsa, deməli, lazım olanda ondan istifadə edə bilər: “Amma bu nüvə bombası müdafiə, yoxsa hücum xarakterli istifadə olunacaq, bu, zamandan və qəbul edilən qərardan asılıdır. Hər halda, Rusiya prezidenti deməyəcək ki, nüvə bombasından hücum məqsədilə istifadə ediləcək. Sadəcə, bu təlimlərlə nüvə silahının Rusiyada olduğu bir daha nümayiş etdirilir”.

Ş.Ramaldanovun fikrincə, bu təlimləri NATO dövlətləri də keçiriblər: “Bu məşqlərdə təəccüblü heç nə yoxdur. Putin Rusiya dövlətinə təhlükə yarandıqda nüvə silahından istifadə olunacağını bildirib. Hazırda buna zərurət görmür. Eyni zamanda Rusiyanın Kursk vilayətinə hücumla bağlı ölkə rəhbərliyi hesab edir ki, proseslər onun istədiyi şəkildə inkişaf edir. Əgər Kursk döyüşləri Rusiyanın istədiyi kimi getməsəydi, o anda bəlkə fərqli qərarlar qəbul oluna bilərdi. Deyərdim ki, Ukrayna Kurskda tələyə düşüb və Putin iki min ukraynalı hərbçinin mühasirədə olduğunu açıqladı. Ona görə hadisələr bu əməliyyatlarla davam edəcək və Rusiya Kurska hücumu özü üçün böyük təhlükə kimi qiymətəndirmir, bunun öhdəsindən gələcəyini düşünür. Odur ki, ərazisinə hücum olsa belə, bunu suverenliyə təhlükə sayaraq nüvə bombasından istifadə ediləcək həddə çatdığını hesab etmir”.

Xatırladaq ki, Amerika Alimləri Federasiyasının hesablamalarına görə, Rusiyanın 5977 nüvə başlığı (nüvə partlayışı yaradan qurğu) var. Hərçənd bu saya artıq istismardan çıxarılmış və utilizasiyaya göndərilməli başlıqlar da daxildir. Yerdə qalan təxminən 4500 başlıq strateji nüvə silahı (nüvə başlıqlarını uzaq məsafələrə çatdıra bilən ballistik raket) hesab olunur. Nüvə müharibəsi dedikdə məhz bu növ silahlardan istifadə nəzərdə tutulur. Digərləri daha az dağıdıcı olan, döyüş meydanında və ya suda tətbiq edilən taktiki nüvə silahları hesab olunur. Bütün bunlar o demək deyil ki, Rusiyanın istifadəyə hazır minlərlə uzaqmənzilli raketi var. Mütəxəssislərin qiymətləndirməsinə görə, Rusiyanın 1500-ə yaxın nüvə başlığı, sadəcə olaraq, bazalarda, aerodromlarda və ya sualtı qayıqlarda yerləşdirilmiş vəziyyətdədir. Hazırda 9 ölkə nüvə silahına malikdir. Bunlar Çin, Fransa, Hindistan, Pakistan, İsrail, Rusiya, ABŞ, Böyük Britaniya və Şimali Koreyadır.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button