Dünya liderləri Rusiyanın qondarma qurumları tanımasını qınayır – VİDEO
Rusiya prezidenti Vladimir Putin Rusiyanın qondarma “Donetsk və Luqansk xalq respublikalarının” müstəqilliyini rəsmən tanıdığını açıqlayıb.
Dünya liderləri bu qərarı qınayıb.
Belə ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Aİ diplomatiyasının rəhbəri Josep Borrell və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan ediblər ki, “DXR” və “LXR”in tanınması Ukraynanın ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.
Böyük Britaniyanın Baş nazir Boris Conson deyib ki, qondarma qurumların tanınması beynəlxalq hüququ pozur.
O, mətbuat konfransını yarımçıq kəsərək Zelenski ilə danışmağa gedib: “Mən gedib Ukrayna prezidenti Zelenski ilə danışacam və ona Böyük Britaniyadan dəstək təklif edəcəyəm” – deyib.
Litvanın xarici işlər naziri Qabrielius Landbergis Rusiyanın “LXR” və “DXR”i tanımaq qərarının sanksiyalarla qarşılanmalı olduğunu qeyd edib.
Həməçinin, Estoniya Xarici İşlər Nazirliyi “psevdorespublikaları” tanıdığına görə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
İsveçin xarici işlər naziri Ann Linde də Rusiyanın sözügedən qərarını pisləyib. “Bu, Beynəlxalq hüququn və Minsk razılaşmalarının açıq şəkildə pozulmasıdır”, – deyə o, qeyd edib.
“Norveç Rusiyanın qondarma “Xalq Respublikaları” olan Donetsk və Luqanskı tanımaq qərarını pisləyir. Bu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə pozulması, Minsk razılaşmalarının ruhuna və məzmununa birbaşa ziddir”, – deyə Norveç XİN-in bəyanatında bildirilib.
***
Almaniya kansleri Rusiyanın DXR və LXR-i tanımaq planlarını pisləyib.
Almaniya kansleri Olaf Şoltz Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə bazar ertəsi Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib.
“Söhbətin əsas mövzusu Ukrayna və onun ətrafındakı vəziyyət, Rusiya-Ukrayna və Belarus-Ukrayna sərhədlərində rus qoşunlarının toplanması olub. Bundan əlavə, prezident Putin Rusiya Təhlükəsizlik Şurasının bugünkü iclası barədə məlumat verib. Kansler Şolts Rusiyanın qondarma Donetsk və Luqansk Xalq Respublikalarını müstəqil dövlətlər kimi tanımaq planlarını pisləyib. O, vurğulayıb ki, belə bir addım münaqişənin həlli ilə bağlı Minsk razılaşmalarına açıq-aşkar ziddiyyət təşkil edəcək və Rusiya tərəfindən razılaşmaların birtərəfli qaydada pozulması olacaq”, – deyə Hebeştrayt bildirib.
Söhbət zamanı kansler Rusiya prezidentini gərginliyi dərhal azaltmağa və qoşunları Ukrayna ilə sərhəddən çıxarmağa çağırıb.