Dünyanı virusa yoluxduran Çin icad etdiyi peyvəndlə milyardlar qazanır
“Çin dünyanı həm virusa yoluxdurdu, həm də yoluxdurduğu dünyanı icad etdiyi peyvənd vasitəsilə xilas etməyə çalışır. Mütəxəssislərin rəyinə görə, Çinin peyvəndi analoqlarından bir qədər üstündür. Buna görə də Türkiyə Çinin icad etdiyi peyvəndə üstünlük verib, elə Azərbaycan da eyni yolla gedəcək”.
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şhinoğlu bildirib.
O qeyd edib ki, Çində ilk viruslu xəstələr peyda olanda Vuhandakı həkimlərdən bir neçəsi həyəcan təbili çalıb, ancaq hakimiyyət strukturları həmin həkimləri dinləmək və təhlükəni öyrənmək istəməyib, əksinə, həmişəki kimi cəza mexanizminə üstünlük verib:
“İnsanları ehtiyatlı olmağa çağıran həkimlərə sərt xəbərdarlıq edildi, ev həbsinə alınanlar oldu. Nəticədə gərəkli vaxt itirildi və virus Çindən dünyaya ayaq açmağa başladı. Halbuki, Pekin virus barədə məlumatı dünya ilə zamanında bölüşsəydi qapanma daha tez baş verər və virusun yayılmasının qarşısını almaq mümkün olardı. Ancaq nə baş verdi? Viruslu çinlilər bixəbər dünyaya səyahət etməkdə, digər ölkələrin vətəndaşları isə Çinə səfər etməkdə idilər. Virusun vurduğu ilk iki ölkə – İran və İtaliya oldu. Bunun səbəbi sadədir. İranlı iş adamı Çindən özü də bilmədən virusla geri qayıdıb xəstəliyi yaşadığı Quma yaydı və oradan gözəgörünməz düşmən bütün ölkəyə yayıldı. Üstündən bir il keçib və bütün qadağalara rəğmən, İranda hələ də gündə yüzlərlə insan vəfat edir. İtaliyaya isə virusu bu ölkənin brend zavodlarında çalışan çinlilər yaydılar. Həmin çinlilər evlərindən İtaliyaya özləri ilə virusu gətirdilər. İtaliyada ilin başlanğıcında ölənlərin sayı 800 nəfərdən az deyildi. İranda və İtaliyada virus yayılarkən ABŞ, Fransa, Braziliya, Almaniya və Hindistanda vəziyyət hələ sabit idi. Hazırda gündəlik yoluxanların və ölənlərin sayına görə ABŞ, Braziliya və Hindistan ilk üçlükdədir. Bu 3 ölkədə ölənlərin sayı 1 milyona yaxınlaşır”.
Politoloqun sözlərinə görə, Çinə qonşu olan Hinistanın baş naziri Narendra Modi hələ mart ayında ölkəni faktiki qapatdı ki, virus ölkəyə yayılmasın:
“Dünyanın ən böyük demokratik ölkəsi sayılan Hindistan qorunacağını ümid edirdi. Hətta Hindistanda icazəsiz küçəyə çıxanlar polis çubuğu ilə döyülürdülər. Ancaq bu kimi qadağalar da Hindistanı xilas etmədi. Çin virusu Hindistanı da bulaşdırdı. Əhalisi 1 milyardı ötən Hindistan üçün bu fəlakət sayıla bilərdi. Çin virusu yaymaqla bərabər ətrafda hərbi gücünü də göstərirdi. Təsadüfi deyil ki, Çin il ərzində Hinistanla sərhəddə əzələ nümayişi də göstərdi, hər iki tərəfdən ölənlər oldu. Hindistan Çindən peyvənd almağı düşünmür. Hindistanın dərman istehsalı Çindən geri qalmır. Ona görə də Hindistan başqa ölkələrlə əməkdaşlıq sayəsində peyvəndin icadına çalışır. Hindistanda təxminən 600 milyon insanı peyvənd etmək lazımdır. Buna heç bir şirkətin təkbaşına gücü çatmaz. Ona görə də Hindistan ancaq öz gücünə arxayın ola bilər”.
E.Şahinoğlu deyib ki, dünya 2021-ci ilə ümidlə daxil olur:
“Peyvənd bəşəriyyəti virusdan xilas etməlidir. Ancaq mübarizə hələ uzun müddət davam edəcək. Çin isə rahatdır. Əhalisi 1 milyarddan çox olan Çində virus demək olar ki, yoxdur. Üstəgəl Çin peyvəndin satışından milyardlarla dollar qazanc əldə edəcək. Buna baxmayaraq, bəşəriyyət virusun necə ortaya çıxdığını və yayıldığını heç zaman unutmayacaq”.