Düşmənin “biçilməsi” üçün nəzərdı tutulan silah… – “MQ-9 Reaper dronu” Rusiya ordusuna nə vəd edir?
İki aya yaxındır ki, Rusiya ordusu bütün imkanları ilə nə qədər cəhd göstərsə də Ukraynanın müqavimətini qıra bilməyib, əksinə, özü taqətdən düşməkdədir. Lakin Ukrayna ordusunun da müharibədə dönüş yaratması üçün zirehli döyüş texnikasına, ağır artileriyaya, Hava Hücumundan Müdafiə komplekslərinə və müasir hücum silahlarına ehtiyacı var.
Artıq ABŞ başda olmaqla Qərb dünyası Ukraynanı lazımi silahlarla təchiz etməyə başlayıb. Son məlumatlara görə, ABŞ Ukraynaya “MQ-9 Reaper” dronunu göndərməyə hazırlaşır. Qeyd olunur ki, ”MQ-9 Reaper” ən müasir silahlardan sayılır və böyük dağıdıcı qüvvəyə malikdir. Ekspertlər bildirirlər ki, ”MQ-9 Reaper”in döyüş meydanında peyda olması ruslar üçün xoşagəlməz sürpirizlərlə nəticələnəcək.
Ukraynanın “Unian.net” portalında dərc olunan ”Ukrayna üçün Amerikanın MQ-9 Reaper dronu” başlıqlı məqalədə sözügedən mövzuya toxunulur: ”Kiyev ilə Vaşinqton arasında gedən danışıqlarda qeyd olunub ki, yaxın zamanlarda Ukrayna ordusu “MQ-9 Reaper” dronları ilə təchiz edilə bilər.
Ukrayna ordusunun döyüş cərgəsində ABŞ-ın “MQ-9 Reaper” zərbə dronuna oxşar yeganə dron Türkiyənin “Bayraktar TB2” PUA-sıdır. Öz təsnifatına görə “MQ-9 Reaper” ağır zərbə PUA-sı sayılır, ”Bayraktar TB2” isə yüngül drondur. Əgər “MQ-9 Reaper” və “Bayraktar TB2” -nin taktiki-texniki xüsusiyyətlərini müqayisə etsək, bu daha aydın görünər.
“MQ-9 Reaper”-in xüsusiyyətləri
– Qanadların ümumi uzunluğu – 20 metr
– Maksimal uçuş kütləsi – 4760 kq
– Yük götürmə qabiliyyəti – 1700 kq
– Maksimal sürəti – 482 km/saat
– Kreyser sürəti – 313 km/saat
– Maksimal uşuş hündürlüyü – 15,4 kilometr
– Operativ hündürlükdən istifadə – 7,5 kilometr
– Uçuş müddəti – 27 saat.
“Bayraktar TB2”-nin xüsusiyyətləri
– Qanadların ümumi uzunluğu – 12 metr
– Maksimal uçuş kütləsi – 700 kq
– Yük götürmə qabiliyyəti – 150 kq
– Maksimal sürəti – 220 km/saat
– Kreyser sürəti – 130 km/saat
– Maksimal uçuş hündürlüyü – 8,2 kilometr
– Uçuş müddəti – 27 saat.
Yəni yuxarıdakı müqayisədən də görünür ki, ”MQ-9 Reaper” dronu daha güclü dağıdıcı imkanlara sahibdir. Açıq desək, haradasa snayper tüfəngil ilə tank müqayisə edilir. Sözsüz, hər iki silahın öz funksiyası var, ancaq fərq danılmazdır.
“MQ-9 Reaper”-in imkanları
Məsələ ondadır ki, ”BayraktarTB2” əslində, kəşfiyyat dronudur və o, öz silahı ilə zərbə vurmaq qabiliyyətinə malikdir. Onun üçün müstəqil şəkildə düşmənin məhv edilməsi birbaşa təyinat yox, seçimdir. Amma “MQ-9 Reaper” məhz düşmənin “biçilməsi” üçün nəzərdə tutulub və ona görə də adı kərəntidir(Reaper ingilis dilində kərənti deməkdir). ”MQ-9 Reaper”-in arsenalında yüksək dəqiqliki silahlar var.
Bu, ilk növbədə səkkiz ədəd yüksək dəqiqlikli “AGM-114 Hellfire” raketləridir. Həmin raketlər dünya aviasiya silahları bazarında əsl bestsellerdir. Onun çəkisinin 50 kiloqram olmasına baxmayaraq uçuş məsafəsi 8-11 kilometrə çatır və döyüş başlığının gücü döyüş meydanındakı bütün növ zirehli texnikanı məhv edə bilir. Daha ciddi hədəflərin məhv edilməsi üçün 230 kiloqramlıq bombalardan və ya lazer tuşlayıcı “GBU-12 Paveway II”, həmçinin də “JDAM” raketlərindən istifadə olunur.
“MQ-9 Reaper” Rusiyanın “Orion” və “Forpost” tipli dronlarına böyük sürpirizlər bəxş edəcək. Belə ki, o, öz gövdəsində “AIM-9X” hava-hava raketləri daşıyır və bu raketlər 35 kilometr uzaqlıqdakı hədəfləri məhv etmək qabiliyyətinə malikdir.
“MQ-9 Reaper” güclü sensorlarla təchiz edilib. Bundan başqa, bu dronda sintezləşdirilmiş radar qurğusu var ki, bu da onun düşməni görmədən də məhv etməsinə imkan yaradır. Yəni havanın buludlu olmasına baxmayaraq düşmənin mövqeyini aşkarlamaq mümkündür.
“MQ-9 Reaper” ilə idarəetmə stansiyası arasındakı əlaqə peyk rabitəsi ilə qurulur. Ona görə də bu cür rabitəni radioelektron mübarizə vasitələri ilə qırmaq imkanları sıfıra enir.
Əlbəttə, indi bu dronun qiymətini bilmək də çox vacibdir. ”MQ-9 Reaper”in ABŞ -dakı qiyməti ilə onun ixrac qiyməti arasında böyük fərq var. 2015-ci ildə Pentaqon 24 ədəd “MQ-9 Reaper”-in sifarişi üçün “General Atomics” şirkətinə 279 milyon dollar ödəyib. Xaricə satış isə bundan xeyli bahalıdır”.