Düşmənlərə Şuşa Bəyannaməsi xəbərdarlığı
Prezident ərazilərimizdə Türkiyənin hərbi bazasının olmasına ehtiyac görmür, çünki ondan daha mötəbər razılaşma var, lazımi anda qardaş dövlətin qoşunları yanımızda olacaq!
“Türkiyənin Azərbaycanda hərbi baza yaratmaq planları ilə bağlı mətbuatda yayılan məlumatlar siyasi spekulyasiyadır”, – Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1″ televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində belə deyib.
“Bir sözlə, müəyyən mediada vaxtaşırı belə məlumatların yer aldığını nəzərə alaraq cavabımı bir az da genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur”, – deyə, dövlət başçısı nöqtə qoyub. Prezident Türkiyənin Azərbaycanda hərbi bazasının yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri saxta məlumat adlandırıb, çünki bu gün dünyanın heç bir yerində bir hərbi bazanı gizlətmək demək olar ki, mümkün deyil. İ.Əliyev xatırladıb ki, Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsində təhlükə və təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. “Bu, həm Azərbaycanın, həm də Türkiyənin öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə, xarici təcavüzlə üzləşərsə, ona kömək etmək lazımdır. Ona görə də bəyannamənin bu bəndi mahiyyət etibarilə konkret ərazidə daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir”, – deyə Prezident izah edib.
İlham Əliyev qeyd edib ki, ölkələrimiz arasında 30 ildən artıq davam edən hərbi əməkdaşlıqda Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində, döyüş qabiliyyəti, əməliyyatların planlaşdırılması, vəziyyətin təhlili və hərbi sahədə yüksək standartlara çatdırılmasında böyük rol oynayıb. O, Bakının Ankaranın sayəsində “hərbi əməliyyatlarda yüksək effektivliyə” nail olduğunu vurğulayıb.
Prezident müsahibəsində Ermənistana xəbərdarlıq da edib: “Ermənistan başa düşməlidir ki, ABŞ və Fransanın dəstəyinə baxmayaraq, Azərbaycana qarşı təxribat olarsa, heç kim ona “yerində” kömək etməyəcək. İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələri onlar tərəfindən unudulmamalıdır”. Dövlət başçısı bəzi Qərb dövlətlərinin Ermənistanı silahlandırması məsələsinə də toxunub: “Fransanın Ermənistana hücum silahları verməsi Azərbaycan üçün əməli təhlükə yaradır. Bakı Ermənistanın ABŞ-dakı havadarlarına çatdırıb ki, İrəvanın silahlandırılması dayandırılmalıdır”.
“Ermənistanla sərhədimizin uzunluğunun min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş qaçqınların qayıtdığını nəzərə alsaq, təbii ki, biz bunun yalnız müşahidəçilərindən kənarda ola bilmərik. Və biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına bildirmişik ki, buna son qoyulmalıdır. Amma təəssüflər olsun ki, bizi eşitmədilər, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”, – İlham Əliyev vurğulayıb. Prezident əlavə edib ki, Ermənistan Azərbaycanla silahlanma yarışına tab gətirə bilməyəcək.
Ramil Məmmədli
“Yeni Müsavat”a danışan hərbi ekspert Ramil Məmmədli Türkiyənin NATO üzvü olduğunu xatırladaraq deyib ki, alyansa qoşulan ölkənin ərazilərimizə hərbi baza yerləşdirməsi mümkünsüzdür. Onun sözlərinə görə, bu, ilk növbədə Şimali Atlantika Alyansının Azərbaycanda hərbi mövcudluğu anlamına gələcək, habelə, müdafiə blokunun nizamnaməsinə uyğun olmayacaq. Hərbi analitik Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olduğunu bildirərək, ölkəmizdə Türkiyənin hərbi bazalarının yerləşdirilməsinə ehtiyac görmür. “Rusiyalı jurnalist Bakının dəqiqləşmiş mövqeyini yenidən öyrənmək istəyib. Məncə, bu sualın cavabını eşitmək Moskva və başqa paytaxtlar üçün maraqlı olub. Ancaq narahatlığa əsas yoxdur. Azərbaycan öz ərazilərində heç bir ölkənin hərbi bazasını saxlamır. Rusiya dövlət rəhbərliyinin maraq dairəsini başa düşmək olar, Cənubi Qafqazı özünün təsir dairəsi hesab edir və regionu əldən vermək istəmir. Xüsusən də Türkiyənin Suriya hadisələri ilə bağlı nüfuzunun artması Rusiya üçün xoşagələn hal deyil. Çünki Aralıq dənizində rus hərbi donanması var, lakin indi Türkiyənin regionda təsiri güclənəcək”, – ekspert deyib.
Onun fikrincə, eyni zamanda Kreml narahatdır ki, təsir zonası olan Cənubi Qafqazda da Türkiyə getdikcə daha çox möhkəmlənə bilər: “Üstəgəl, bura ona daha yaxın bölgə olduğu üçün nüfuz etmək imkanları genişdir. Yəqin ki, Kiselyov Rusiyanın narahatlığından irəli gələrək bu sualı ünvanlayıb. Hərçənd bir daha təkrar etməli oluram – Azərbaycan Qoşulmama Hərəkatındadır, Türkiyə isə NATO-da, belə vəziyyətdə ərazilərimizdə hərbi baza yerləşdirmələri mümkün deyil”. Ekspertin fikrincə, onsuz da tərəflər Şuşa Bəyannaməsini ratifikasiya ediblər, burada isə açıq göstərilib ki, müttəfiqlərin birinə hərbi təhdid digərinə hücum hesab ediləcək, o halda, dəstək üçün müdaxilə hüququ var.
Aydın Quliyev
Politoloq Aydın Quliyevin zənnincə, Prezident İlham Əliyev bu sözləri əsasən üçüncü ölkələrə mesaj kimi söylədi: “Qardaş Türkiyə ilə hər şey qaydasındadır. Azərbaycanda Türkiyənin hərbi bazaları olmadan da hərbi-siyasi müttəfiqliyi lazımi səviyyədə yürütmək olar və yürüdülür. Prezident Rusiya televiziyasına məsələnin izahını tam anlaşılan formada verdi: Şuşa Bəyannaməsi həqiqətən təhlükə və təcavüz halında qarşılıqlı hərbi yardımı mümkün edən maddələri özündə ehtiva edir. Məncə, Türkiyə rəhbərliyi də qarşılıqlı hərbi yardımı mümkün edən indiki hüquqi sənədləri hərbi bazalar olmadan da yetərli sayır”. A.Quliyev əmindir ki, Prezidentin müsahibəsində Türkiyənin hərbi bazası barədə dediyi fikirlər daha çox üçüncü ölkələrə – həm də heç nəyə baxmadan Azərbaycanda özünə hərbi baza qurmaq üçün içində böyük iddialar bəsləyənlərə- aiddir: “Qısa desək, Azərbaycanda indi heç bir ölkənin hərbi bazasına ehtiyac yoxdur. Ancaq hələlik… Gələcəyi isə gələcək özü göstərəcək”.
Yada salaq ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanıb. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.
Emil SALAMOĞLU, “Yeni Müsavat”
Polise.az