“Əbu-Dabi görüşü sülh üçün müsbət addım olsa da, sazişin gerçəkləşməsi asan olmayacaq…”-MÜSAHİBƏ

“Əbu-Dabi görüşü sülh üçün müsbət addım olsa da, sazişin gerçəkləşməsi asan olmayacaq…”-MÜSAHİBƏ

“Paşinyanı hakimiyyətə gətirən Qərb ölkələri, ilk növbədə ABŞ, onun qarşısını Rusiya qoşunlarının Ermənistandan çıxarılması və orada NATO qoşunlarının yerləşdirilməsi tapşırığını qoyub və çoxlarına elə gəlir ki, Paşinyan asta-asta bunu həyata keçirir. Bu, illüziyadır…”
Siyasi analitik Tahir Cəfərli Moderator.az-a verdiyi müsahibədə Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə dair və ayrıca İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü ilə bağlı fikirlərini bölüşüb. Siyasi şərhçi xüsusilə 10 noyabr 2020-ci il Razılaşması, Zəngəzur dəhlizi və Rusiyanın regiondakı rolu barədə əhəmiyyətli məqamları vurğulayıb. Əbu-Dabi görüşü ilə bağlı düşündüyü perspektivləri də paylaşan Cəfərli həmçinin Paşinyanın Rusiyaya münasibətini və regiondakı güc mübarizəsini şərh edib.
Azərbaycan prezidenti İlham Əliyevin Əbu-Dabidə Ermənistan baş naziri Nikol Paşinyanla bugünkü görüşü ilə bağlı gözləntiləriniz nələrdir?
-Əlbəttə ki, məqsəd iki ölkənin sülhə doğru daha da yaxınlaşması, dünya ictimaiyyətinin qarşısında Azərbaycanın sülhpərvər olduğunu dünyaya göstərmək, Azərbaycanın haqlı tələblərini dünya ictimaiyyətinə çatdırmaqdır. Əlbəttə ki, bu görüş iki xalq arasında sülhün və əmin-amanlığın vacibliyini dünyaya göstərəcək. Bununla belə, Sülh sazişinin tezliklə bağlanılacağını düşünmək çox tezdir, çünki bu sazişin bağlanılmasında maraqları olan ölkələrin sayı artıb…
-Sazişin imzalanmasında maraqlı olan ölkələrin sayının artması nə deməkdir və bu prosesə necə təsir edəcək?
-İş ondadır ki, bu saziş hansı fövqəldövlətin iştirakı ilə bağlanılacaqsa, bu ölkə sazişin qarantına çevrilir. Fərz edək, ABŞ və ya Aİ-ın iştirakı ilə bağlanarsa, onlar üçün Cənubi Qafqaza girmək üçün şərait yaranır. Bunu isə nə İran, nə də Rusiya istəyər… Yeganə ümid 10 noyabr 2020-ci il Razılaşmasıdır ki, İran tərəfi Zəngəzurun Azərbaycan keçməsinə maneə olaraq qalır. Belə olduğu halda, hətta biz Zəngəzur məsələsindən əl çəksək də, bu, Rusiyanın və Türkiyənin iqtisadi maraqlarının əksinədir. Rusiya və Türkiyə tərəfi Zəngəzur dəhlizinin işləməsinin tərəfdarıdır… Zəngəzur Qordi düyününü xatırladır və bu düyünü açmaq üçün elə Rusiya özü Zəngəzuru Azərbaycan üçün boşaltmalıdır. Bunu ancaq Rusiya edə bilər, çünki bu dəhlizin işləməsi ilk növbədə onun imkan və maraqları dairəsindədir…
-Rusiya artıq Azərbaycan-Ermənistan sülh prosesində tamamilə oyundan kənarda qalırmı? Əgər yoxsa,  baş verənlərə hansı formada təsir göstərir?
-Bu cür düşünmək gülüncdür. Sadəlövh olmaq lazımdır ki, bu cür düşünəsən. Azərbaycana qarşı Rusiya təzyiqi elə Ermənistan vasitəsi ilə həyata keçirir. Ermənistan Cənubi Qafqazda müharibə təhlükəsi yaradan yeganə dövlətdir və onun geo-siyasi ipləri Rusiyanın əlindədir, çünki bu ölkənin bütün iqtisadiyyatı Rusiyaya inteqrasiya olunub. Rusiyanın Ermənistanda bir problemi var, o da Paşinyandır. Onun Qərbin oyuncağı olduğu haqda çox yazıblar və bu bir həqiqətdir ki, Paşinyan vaxtilə Saakaşvilinin Gürcüstanla bağlı etdiyi kimi ölkəsini Rusiyadan uzaqlaşdırmaq istəyir. Bununla belə, ondan əvvəlki Ermənistan iqtidarlarının Rusiya ilə bağladığı sazişlər buna maneə yaradır, yəni Rusiya istədiyi vaxt bu sazişlərdən istifadə edib Ermənistanda istədiyi hadisəni törədə bilər. Elə götürək son hadisələri…
Rusiya, Ermənistanla bağlı siyasi və hərbi təsirini necə saxlayır? Paşinyanın hakimiyyətə gəlişindən sonra bu münasibətlərdə nə dəyişib?
-Rusiyanın Ermənistanda yaratdığı ikihakimiyyətlilik, yəni dini və dünyəvi hakimiyyət ona gətirib çıxarır ki, Ermənistanın dini hakimiyyəti olan Eçmiədzinin katolikosları dövlət çevrilişi etmək sevdasına düşüblər və bunun üstünü Qərb xüsusi orqanları açıb. Bu onu göstərir ki, SSRİ-dən qalmış dini qurumlar bu günə qədər öz agentura funksiyasını yerinə yetirirlər. Paşinyana qarşı Rusiya bu günə qədər ciddi addımlar atmayıb. Ancaq istədiyi vaxt ata bilər, elə katolikosların əliylə…
-Bəs Kreml niyə atmır belə addımları?
-Nikol Paşinyanı hakimiyyətə gətirən Qərb ölkələri, ilk növbədə ABŞ, onun qarşısını Rusiya qoşunlarının Ermənistandan çıxarılması və orada NATO qoşunlarının yerləşdirilməsi tapşırığını qoyub və çoxlarına elə gəlir ki, Paşinyan asta-asta bunu həyata keçirir. Bu, illüziyadır. Ermənistanın Türkiyə və İranla danışıqları, Rusiya sərhədçilərinin hava limanından uzaqlaşdırılması və s. o qədər də Rusiya qarşı ciddi göstəricilər deyil… Çünki Ermənistanda Qarabağ klanının 20 illik idarəçiliyi dövründə onlar Ermənistanın başına elə boyunduruq atıblar ki, onu çıxartmaq qeyri-mümkündür.
-Paşinyan Qarabağ klanının qol qoyduğu sazişləri ləğv etmir və onları vətən xaini adlandırmır? Bunun qarşısında hansı maneələr var?
-Rusiyanın imperialist siyasəti nəticəsində Ermənistanın bütün iqtisadiyyatı bu ölkənin əlinə keçib və onun bu ölkədə yaratdığı iqtisadiyyatı oliqarxları tərəfindən idarə edilir. Faktiki olaraq Paşinyanın əlində iqtisadi hakimiyyət yoxdur. Ölkə həmin ölkədir – köhnə hamam, köhnə tas, yəni ölkəni qərbyönlü baş nazir idarə etsə də, iqtisadi mexanizmi Rusiya firmaları idarə edir və onların işlərinə Paşinyan qarışa bilmir. Əks halda, ölkə qazsız, işıqsız, susuz və neftsiz qalar…
Paşinyanı hakimiyyətə gətirən ABŞ-ın bu ölkədə güclü agentura rıçaqları olsa da, iqtisadi rıçaqları o qədər də güclü deyil. Əvvəlki kimi Ermənistanda Rusiya bazaları durur, sərhədlərini ruslar qoruyur və s. Azərbaycan – Ermənistan sülh sazişinin Ermənistan tərəfindən gecikdirilməsinin arxasında Rusiyanın dayandığı faktını unutmamalıyıq…
-Ermənistanın Rusiyadan iqtisadi asılılığı Paşinyanı necə sıxışdırır?
-Ermənistanın Rusiyadan tam iqtisadi asılılığı Paşinyanın əvvəlki Qarabağ klanının Rusiya ilə bağladığı sazişlərdən kənara çıxmasına imkan vermir. Nə qədər bu sazişləri Ermənistan ləğv etməyib, Rusiyanın Ermənistanı Gürcüstan kimi tərk edəcəyinə inanmaq olmaz… Bunun üçün Ermənistanın güclü iqtisadi dayaqları olmalıdır. Bu isə yoxdur. Daha düzünü desək, 10 noyabr 2020-ci il Razılaşmasından irəli gələn şərtləri həyata keçirtməklə və Azərbaycanla bu Razılaşma əsasında sülh müqaviləsi bağlamaqla, Ermənistan Rusiyanın nəzarəti altında qalır və Azərbaycan-Ermənistan sülh sazişinin qarantına çevrilir…
-Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın son mövqeyini necə qiymətləndirirsiniz? Bu məsələnin regiondakı digər güc mərkəzlərinə necə təsir edəcəyini düşünürsünüz?
-Rusiya bu funksiyasını Ermənistanda itirsə, Cənubi Qafqazı tərk etməli olacaq. Odur ki, Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın Ermənistana və Azərbaycana etdiyi təzyiqlər arxasında bu məsələlər durur. Hər halda, Azərbaycan üçün ən düzgün seçim 10 noyabr 2020-ci il sazişi idi və burada Azərbaycan qalib gəlmiş ölkə kimi göstərilirdi… Bizi ABŞ və Qərb ölkələri belə sazişə qol atmaqdan uzaqlaşdırdılar. Bununla belə, regionda Rusiyanın zərərinə heç nə dəyişməyib, Ermənistan olduğu kimi Rusiyanın satellitidir və Rusiyanın Azərbaycana təzyiq obyekti olaraq qalmaqdadır. Son günlər Rusiya Azərbaycana təzyiq edərkən, Ermənistan hərbi bazalarında hərbi aviasiya, qoşun sayının və texnikanın artırmağa keçmişdi… Odur ki, Rusiyanın oyundan kənarda qalacağını düşünmək sadəlövhlükdür… Azərbaycan-Ermənistan sazişinin təkcə siyasi deyil, həm də iqtisadi əsası olmalıdır. Onun iqtisadi əsası isə Zəngəzur dəhlizidir və onun işləməsində ilk növbədə Rusiyanın və Türkiyənin iqtisadi maraq dairəsindədir…
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button