Ehtiyatda olan gizir və miçmanlar yenidən hərbi xidmətə daxil ola biləcək

Azərbaycanda hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizir və miçmanlara yenidən bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmaq hüququ verilib. Eyni zamanda hərbi qulluqçu hazırlayan daxili və xarici xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanlar üçün ilkin bağlaşma müddəti uzadılıb.

Polise.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Dəyişikliyə əsasən, hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil ola bilən şəxslərin dairəsinə daxil ediliblər. Sənədlə həmçinin bu kateqoriyaya aid edilən digər hərbi vəzifəlilərin siyahısı dəqiqləşdirilərək ehtiyatda olan əsgərlər, matroslar və çavuşlar kimi müəyyən olunub.

Qərarda qüvvəyə minən digər mühüm dəyişiklik isə bağlaşmanın müddətləri ilə bağlıdır. Belə ki, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanlar üçün ilkin bağlaşma müddəti 5 ildən 10 ilə qaldırılıb.

Qanunvericiliyə görə, bağlaşma əsasında həqiqi hərbi xidmət – tərəflərin qarşılıqlı öhdəliklərini müəyyən edən və qanunla müəyyən olunmuş müddətə bağlanan müqavilə formasıdır. Bu sistem Silahlı Qüvvələrin peşəkar və ixtisaslı kadrlarla komplektləşdirilməsinə, hərbi sahədə ixtisaslaşmış şəxslərin təcrübəsindən uzunmüddətli istifadə edilməsinə şərait yaradır.

Yeni qərar hərbi təhsil müəssisələrinə qoyulan dövlət vəsaitlərinin səmərəliliyini artıracaq, xüsusi təyinatlı gizir və miçman korpusunun sabitliyini təmin edəcək və ehtiyatda olan təcrübəli kadrların yenidən ordu sıralarına cəlb olunması prosesini optimallaşdıracaq.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button