Ekspedisiya rəisi: Əsgəran qalası ətrafında kütləvi məzarlıq tapılan ərazidə qazıntı davam etdiriləcək
Bu ərazidə ola bilsin ki, daha artıq insana aid olan qalıqlar aşkarlanacaq.
Polise.az-ın Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev Əsgəran qalası ətrafında aşkarlanan kütləvi məzarlıqla bağlı açıqlamasında deyib.
O bildirib ki, ərazidə qazıntı işləri davam etdiriləcək: “Qazıntı işləri zamanı 8 nəfərə aid insan skeletinin qalıqları aşkara çıxarıldı. Onlar təmizləndikdən sonra bizim tərəfimizdən götürüləcək və müvafiq laboratoriyaya təqdim ediləcək, orada qalıqların kimlərə aid olduğu müəyyənləşəcək. Qalıqların Xocalı sakinlərinə aid olduğu ehtimal olunur. Çünki bu, şahid ifadələrində təsdiqini tapıb. Bu ərazidə ola bilsin ki, daha artıq insana aid olan qalıqlar aşkarlanacaq. Bundan əlavə, digər güman edilən ərazilərdə də tədqiqat işlərinin aparılması nəzərdə tutulub. Yəqin ki, növbəti aylarda burada bir neçə ərazidə tədqiqat işləri aparılacaq”.
Polise.az