Eldar Həsənovun fürsətcil müdafiəçisinin 15 gün susmasının sirri bilindi
Əlövsət Ağalarov “danışaram-yanaram” deyib gizlənibmiş…
“Mən o gün də dedim, bu gün də deyirəm,- buna xəyanətdən başqa bir söz deyə bilmərəm. Gərək insan bu səviyyəyə düşməsin. Bir nəfər dostun da, qardaşın da, qohumun da ola bilər. Onu müdafiə edərək dövlətə bu qədər zərbə vurmaq olmaz” – mərhum prezident Heydər Əliyevin çıxışından sitatdır. 20 il öncə, Eldar Həsənovun baş prokuror vəzifəsindən azad edilməsi ilə bağlı müzakirələrdə deyilmiş bu fikirlər bu gün də aktualdır. Harada olmasından asılı olmayaraq Eldar Həsənov ətrafına zonder-qrup toplayır və bu zaman mütləq şəkildə regional amilə üstünlük verir. Hər dəfə Eldar Həsənova qarşı addımlar atılanda ətrafındakılar hucuma keçir, şantaj, böhtan xarakterli rəylər, statuslar, fikirlər meydana çıxır. Eldar Həsənov baş prokuror olanda da, səfirliyi dövründə də belə olub, dəyişmir. İntəhası sonuncu dəfə Eldar Həsənovun bərkə düşməsi ətrafındakıların susqun müşahidələri ilə məhdudlaşmışdı. Qorxularından səsləri batmışdı. İndi ortadadılar.
İş Dövlət Təhlükəsizliyi Xidmətindən Baş Prokurorluğa göndərilib deyə cəsarətləniblər. Köhnə top-tüfəngləri – şər, şantaj, böhtan da qələmlərinin ucundan tökülüb üfunəti ərşə çıxır. Uzun illər özünü Eldar Həsənovun ən yaxın adamı kimi ictimaiyyətə sırayan, sinif yoldaşı, keçmiş deputat Əlövsət Ağalarov da cuşə gələnlər arasından önə çıxıb. DTX-da 12 saat bülbül kimi ötüb qəfəsdən çıxırmış kimi evinə qaçıb susan bu zat indi işlək moddadır.
Köhnə “Moskviç-408”lərdə “pozdno zajiqaniya” deyilən bir hal var. Bu halda “atsız araba” sürücünün hərəkətlərinə lazım olandan çox gec reaksiya verir. Əlövsət Ağalarov da ağalarının qandallanmasına çox gec reaksiya verdi. Bəlkə də qorxusundan günlərlə susdu. İş Baş Prokurorluğa gedib çıxandan sonra Eldar Həsənov yenidən yada düşüb.
Dostu idisə, sinif yoldaşıdır, elə ilk gündən, haqlı olub, haqsız olub bunun fərqinə baxmadan müdafiə edə bilərdi. Sırasını, yerini müəyyən edib müdafiə nitqlərini xitab edər, dosta sadiqliyini ortaya qoyardı. Adam etməyib. Niyə etməyib? “Edərəm, yanaram” düşüncəsini gizlətməyin də yeri yoxdur, çox aydın görünür. Birdən Eldar Həsənova qarşı irəli sürülən ittihamlar təsdiqini tapsa, əlavə ittihamlar verilsə idi, onda necə, bu psevdomüdafiəçi ortaya çıxacaqdımı?
Həm də dostu müdafiə edən bunu ləyaqətlə etməlidir, onu bunu şantaj edib ortaya çıxmaqla deyil.
Nəticə bəlli olandan sonra, iş DTX-dan alınıb Baş Prokurorluğa veriləndən sonra dili açılan bu zatlar elə bilirlər ki, elədiklərini kimsə görmür. Eldar Həsənovun özü də ətrafına bir nəzər salmalıdır. Keçmiş sinif yoldaşının iki həftəlik günlük susqunluğunun səbəbini özü üçün aydınlaşdırmalıdır. Dostu üçün ilə bərabər olan iki həftəlik ağır gündə Əlövsət Ağalarov harda olub? Adam çətin anda susub, vəziyyət bir balaca ümidverici olan kimi aslana dönüb, özü kimi “kitayski aslanların” xorunda önə çıxıb. Dərhal da köhnə şakərləri – şantaj elementi çıxışında xüsusi yer alır.
Yazır ki, bəs filankəs Monteneqroya gəlmişdi, yanında katibəsi vardı. Çəkib Eldar Həsənova göstəriblər…
Ay sağ ol! Elə mahiyyətiniz budur! Eldar Həsənovun ətrafına belə kadrları kim yığıb? Onun özü kadr seçimi etmir? Bəlkə elə Monteneqroya Həsənovun səfir olduğu günlərdə katibəsi ilə gedən məmuru elə onun özü, özünün razılığı ilə işçisi çəkib?
Olmayan bir şeylə şantaja qol qoyur, bunu da Eldar Həsənovun xidməti kimi sırımağa, böyüklüyünü göstərən ştrix kimi qələmə verməyə çalışır. Yaltaqlanmağa, Eldar Həsənovun balaqlarına sığal çəkməyə ilk imkandaca əl atır. Həm də nə ilə? Şantajdan çıxış edərək bir danışan dili susdurmağa çalışmaqla? Sizin aləminizdə kişilik budur? Hər şey göz qabağındadır axı!
Fürsətçilliyiniz də həmişəki kimi öz yerindədir. Heç dəyişməmisiz. İlk ümidverici addımı hiss edən kimi DTX- ya yaltaq cümlələrlə quyruq bulayırsız, eyni zamanda yüksək dəyərlərdən dəm vurub özünüzü və müdafiə etdiklərinizi böyük göstərməyə çalışırsız. Alınmır axı. Daha əvvəlki əyyamlar deyil. “Moskviç”lərin də, “5-ci kalon”dakıların kimlikləri də hər kəsə bəllidir. Ramiz Mehdiyevin siqnalını alıblar və hərəkətdədirlər. Hələ bilmək olmaz, Baş Prokurorluqda gedən cinayət işi hara qədər uzanacaq, hansı qapıları döyəcək. Dövlət qurumları yəqin bu cür müdafiəçilərin də durdurulması üçün bir hərəkətə keçər.
***
Avqustun 13-də Azərbaycanın Serbiya, Monteneqro və Bosna-Herseqovinadakı səfiri Eldar Həsənov həbs edilib. Bir gün sonra isə Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Həsənovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Avqustun 25-də cinayət işinin istintaqı Dövlət Təhlükəsizlik Xidmətindəki işlərdən ayrılaraq Baş Prokurorluğa göndərilib. Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrə əsasən E.Həsənov 7 ilədək azadlıqdan məhrum edilə bilər. Eldar Həsənov 1995-2000-ci illərdə baş prokuror olub. 2001-ci ildən 2013-cü ilə kimi Azərbaycanın Rumıniyada səfiri kimi çalışıb. 2013-cü ildən isə Serbiya, Monteneqro və Bosna-Herseqovinada səfir kimi fəaliyyət göstərirdi.