Eldar Mahmudovun başı üzərindəki nədir: general həbsə gedirsə…

Mövlam Şıxəliyev birbaşa keçmiş şefinin adını çəkməsə də, “mən kim olmuşam ki…” deyir

Xəbər verildiyi kimi, Baş Prokurorluq keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan hökmdən apelyasiya protesti verib. Bununla bağlı dövlət ittihamçısı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Baş Prokurorluq birinci instansiya məhkəməsinin Vüqar Mahmudovun əmlakları ilə bağlı çıxardığı hökmdən narazı qalıb. Məlumata görə, apelyasiya protestinin verilmə müddəti başa çatıb. Prokurorluq isə müddətin bərpası üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin edib. Bakı Apelyasiya Məhkəməsində keçiriləcək apelyasiya protesti üzrə məhkəmə iclası fevralın 3-nə təyin edilib. Apelyasiya protesti hakim Elmar Rəhimovun icraatına verilib.

Hazırda xaricdə yaşayan politoloq Ərəstun Oruclu Eldar Mahmudovla bağlı maraqlı iddialar səsləndirib. O deyib ki, 2013-cü il seçkiləri ərəfəsində “Milyarderlər İttifaqı”nın yaradılması ətrafında oyunda iştirak edənlərdən biri də o zamankı MTN rəhbəri Eldar Mahmudov olub. “O zaman baş verənlər çoxlarını bitirdi, amma hələ çoxunu da bitirəcək. İndi hesabımda yanılmıramsa, növbə Mahmudovun özünün olmalıdır. Rusiyanın oyunlarına qatılmağın bədəli budu”, – deyə o bildirib. Respublika Prokurorluğunun Mahmudovun sirlərini bilən əmisi oğlu haqda protest verməsi diqqət çəkir. Sabiq MTN şefi həbs edilə bilərmi?

Mahmudovun Rusiya projesi olmuş “Milyarderlər İttifaqı”nın yaradılması ətrafında oyunda iştirak etdiyi iddiasını ekspert İlham İsmayıl bölüşmür: “Orada Eldar Mahmudovun adı keçmirdi. İnandırıcı deyil ki, həmin məsələdə iştirakı olsun. Eldar Mahmudov 1-ci şəxs olmaq istəyə bilərdi, amma tamam başqa xətlə edərdi, “Milyarderlər İttifaqı” ilə həyata keçirmək arzusu ağlabatan görünmür. O dövrdə İsrail və ya Rusiya ilə bağlı müəyyən informasiyalar dolaşırdı. Çünki Eldar Mahmudov dövlət içində dövlət strukturu yaratmışdı, hamı üzərində nəzarəti var idi. Hətta lazım olmayan yüksək səviyyəli telefon dinləmələrinə yol verilmişdi. Ona görə bu məsələdə yumşalma olmayacaq”.

Eldar Mahmudovun başı üzərində “qara buludlar” haqda çox yazılsa da, bunlar doğrulmayıb. Davam etməkdə olan “MTN işi” bütün diqqətləri yenə də Eldar Mahmudov başçılıq etdiyi bandanın ifşasına yönəlib. Onun adı hər prosesdə hallanır…

“Bakı” Hüquq Şirkətinin rəhbəri, hüquqşünas Natiq Ələsgərov  Musavat.com-a deyib ki, Mövlam Şıxəliyev və digərlərinin ittiham olunduğu cinayətlər illərlə davam edib: “Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin və digər 3 şöbə rəisinin məhkəməsində üzə çıxanlar onu deməyə əsas verir ki, proses Eldar Mahmudova istiqamət götürüb. Mövlam Şıxəliyev günahı üzərindən atır, birbaşa Eldar Mahmudovun adını çəkməsə də, “mən kim olmuşam ki…” deyir. Mövlam Şıxəliyev kimin qarşısında heç kim olub? İstintaq Baş İdarəsinin rəisindən vəzifəcə yuxarı pillədə nazirin özü dayanırdı. Mövlam Şıxəliyev Eldar Mahmudovu ələ vermək istəyir, lakin hələlik tərəddüd edir, çəkinəcəyi yerlərin olduğu açıq hiss edilir. Mövlam Şıxəliyev MTN-də baş verən cinayətlərdən bəhs edəndə baş prokurorun sabiq 1-ci müavini Rüstəm Usubovun adını çəkir. Bakı Hərbi Məhkəməsində “MTN işi” üzrə aparılan məhkəmə araşdırmalarında hər dəfə Rüstəm Usubovun adı qanunsuz təqdimatlara imza atan vəzifəli şəxs kimi keçir. Rüstəm Usubov, Eldar Mahmudov vəzifəli şəxs olaraq Mövlam Şıxəliyevə nəzarət etməli olublar. Amma etməyiblər. Ən azı buna görə cavab verməlidirlər. MTN-də cinayətlər illərlə davam edib, yüzlərlə Azərbaycan vətəndaşına saxta qondarma ittihamlar verilib, həmin ittihamlar əsasında qanunsuz həbs olunub. MTN-in İstintaq Təcridxanası şəxsi zindan kimi istifadə edilməklə vətəndaşlar azadlıqdan mərhum ediblər. Zindana salınan vətəndaşlar tələb olunan pulu, əmlakı, malını verənə qədər orada saxlanılıblar. Bu gün Mövlam Şıxəliyev dəmir barmaqlıq arxasında sakit oturub prosesin nəticəsini gözləyir. Belə görünür ki, proses onun planlaşdırdığı istiqamətdə getmir. Yaxın zamanda azadlığa çıxacağına artıq ümidləri yoxdur”.

Hüquqşünas deyir ki, Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyevin cinayət işi üzrə məhkəmə araşdırmaları Eldar Mahmudovun da ortalığa çıxarılması zərurətini ortaya qoyur: “Mövlam Şıxəliyev görür ki, hər ötən prosesdə daha artıq ifşa olunur. Onlar sakit, səssiz-səmirsiz bir proses keçiriləcəyinə ümidliydilər. Amma belə görünür ki, cinayətləri ört-basdır etmək mümkün olmayacaq. Bu baxımdan Mövlam Şıxəliyevin mövqeyinin kəskin şəkildə dəyişəcəyi gözlənir. Artıq Mövlam Şıxəliyevin barəsində ittihamedici hökm çıxarılacağı yəqinləşir. O da özünü qorumaq üçün Rüstəm Usubovun adını çəkir. Yaxın zamanlarda Eldar Mahmudovun adını çəkməklə özünü xilas etməyə çalışacağını da istisna etmirəm”.

Hüquqşünas deyir ki, Mövlam Şıxəliyevin rəhbərlik etdiyi idarədə uydurulan saxta ittihamları təsdiq edən vəzifəli şəxslər – Rüstəm Usubovla Zakir Qaralov da istintaqa cəlb edilməlidirlər: “Bu gün “MTN işi”nin alayarımçıq aparılması, gələcəkdə bu iş üzrə yenidən istintaq araşdırmalarının aparılmasını, təqsirkarların tam dairəsinin müəyyən olunmasını zəruri edir. Artıq Eldar Mahmudovun ətrafında olan, ən yaxın çevrəsindəki generallardan sonuncusu Mövlam Şıxəliyev məhkəmə qarşısındadır. Məhkəmənin gedişatı, zərərçəkənlərin barışmaz mövqeyi onu deməyə əsas verir ki, Mövlam Şıxəliyevin də barəsində digər MTN generalları kimi ittihamedici hökm çıxarılacaq. Bu hökmlərin hər birinə istinad edib Eldar Mahmudova ittiham vermək mümkündür. Çox güman ki, istintaq bu yolu seçib və Mövlam Şıxəliyev Eldar Mahmudovun əleyhinə dolayısı ilə olsa belə, ifadə versə, özünü xilas edə bilər. İstənilən halda Eldar Mahmudov da uzun illər MTN-də baş verənlərə görə cavab verməli olacaq”.

Hamısını Göstər

Related Articles

Back to top button