Əli bəy Hüseynzadədən Əhməd bəy Ağaoğluna – NADİR MƏKTUB

Ötənlərdə İstanbulda auksionların birindən Azərbaycan ictimai-siyasi, ədəbi fikrinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadənin tariximizdə önəmli rol oynamış həmkarı Əhməd bəy Ağaoğluna göndərdiyi açıqcanı əldə etdim. Əski əlifbada olan məktubun mətni bu şəkildədir:

“Dostlara salam. 20 təşrin-i əvvəl 1327 pəncşənbə. Səlanik.

Dün axşamdan bəri buradayam. Səlaniki ümran və fəaliyyətcə Tiflisə də, Bakıya da faiq gördüm. Stroitelnaya lixoradka Bakıdan ziyadədir. Şəhər pək fərahdır. Əzizim, Yaqubun verdiyi kağızları büfedə, alt qatda odada unutdum. Onları al göndər.

Əli Hüseyn

Dərsəadət. Şərəf soqağında Jöntürk mühərriri Əhməd bəy Ağayev həzrətlərinə”.

Açıqcanın təsvir qismində Səlanikdəki bir qalanın şəkli verilib. Əl yazısı ilə üzərində “Səlanik. Bəyaz qala mənzərəsi” yazılıb.

Məktub miladi tarixlə 2 noyabr 1911-ci ildə Səlanikdən İstanbula göndərilib. Əli bəy həmin il Səlanikdə ola bilərdimi?

Onun haqqında yazılan bioqrafiyalardan oxuyuruq ki, 1911 tarixi Əli bəyin həyatında çox zəngin il kimi keçib. Həmin il Əli bəy İstanbulda idi, tibb fakültəsindəki vəzifəsinə davam edirdi. Tələt paşanın təklifi ilə İttihad və Tərəqqi Firqəsinin İstanbul və Səlanik mərkəz üzvlüyünə seçilmişdi. Əli bəy xatirəsində həyatının bu dövrü haqqında yazıb: “Bir aralıq Əyyub Səbri, Midhəd Şükrü, mərhum Ziya Gökalp, mərhum Hatib Naci və sairə ilə İttihad və Tərəqqinin mərkəzi-ümumisi əzalığında bulundum — İstanbulda, Səlanikdə, sonra yenə İstanbulda. Zatən İttihad və Tərəqqinin ilk təşəkkülü zamanından bəri, yəni daha tibbiyyə tələbəsi ikən, İbrahim Temo, mərhum İshaq Sükuti, mərhum Osman Cövdət, mərhum Abdullah Cövdət və sairə ilə bərabər bu məzkur cəmiyyətin azasından biri idim”.

Əli bəy İstiqlal Məhkəməsindəki ifadəsində də bu mövzuya toxunub: “1328-ci ilə (miladi 1912) qədər İttihad və Tərəqqi müntəzəm bir təşkilat vəziyyətini almamışdı. Buyurduğunuz sırada mərkəzi-ümumi Səlanikdə idi. Bəndəniz müdərris müavini ikən fakültədən ayrıldım, Səlanikə getdim. Mərkəzi-ümumi əzası sifətiylə”.

Əli bəyin İttihad və Tərəqqidəki əsas vəzifələrindən biri müxtəlif mühazirələr verməsi, tədbirlər təşkil etməsi idi. Məhz 1911-ci ildə o, Səlanikdə Trablusqərbin (Osmanlı İmperiyası tərkibində, 1864–1912–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Tripoli şəhəri idi) italiyalılar tərəfindən işğal edilməsi münasibətilə bir mühazirə oxuyub. Belə ki, İtaliya 1911-ci il sentyabrın 29-da Osmanlıya müharibə elan edib, Trablusqərb vilayətini ələ keçirib. Savaşın gedişatı və işğal faktı ilə bağlı Əli bəy Səlanikdə xalqı məlumatlandırıb.

Məktubdan aydın olur ki, Əli bəy Səlanikə 1 noyabr axşamı çatıb. Şəhəri inkişafına, fəaliyyətinə görə Tiflislə Bakıya bərabər tutub. Rusca qeyd edilən “Stroitelnaya lixoradka”nın – yəni tikinti bumunun Bakıdan çox olduğunu yazıb.

Beləliklə, Əli bəy bu önəmli vəzifənin icrası üçün Səlanikə gəldiyi zaman bir ömür dost olduğu Əhməd bəy Ağaoğluna oraya çatması ilə bağlı açıqca-məktub göndərib.

Böyük dostluğun ifadələrindən olan bu məktub artıq hər ikisinin vətəni olan Azərbaycandadır.

Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button