Elmar Məmmədyarov keçmiş əməllərinə görə həbs oluna bilər
“Sabiq nazir istənilən halda istintaqa cəlb olunmalıdır”
Xarici İşlər Nazirliyində (XİN) Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) keçirdiyi əməliyyatdan sonra hər kəsi düşündürən bir sual var – sabiq nazir Elmar Məmmədyarov həbs olunacaqmı? Yoxsa sabiq naziri Eldar Mahmudov kimi həbssiz istintaqa cəlb etmə gözləyir?
XİN-dəki əməliyyatdan sonra irəli sürülən ittihamların mahiyyətinə baxanda belə təəssurat yaranır ki, əlaltıları Məmmədyarovun susqun razılığı ilə bildiklərini ediblər. Ortada olduqca ciddi ittiham var və bu ittiham hansısa “JEK” müdirinə qarşı deyil. Söhbət dövlətin xarici siyasətini gerçəkləşdirən bir nazirlikdə baş verənlərdən gedir. Rəsmi ittihama görə, XİN İşlər İdarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə”, Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev isə “rüşvət alma faktlarına” görə həbs ediliblər. DTX onların “çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edildiyini” açıqlayıb. Qurum şübhələrin “dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi” ilə bağlı əldə edilmiş məlumatları araşdırdıqdan sonra ortaya çıxdığını qeyd edib. DTX adıçəkilən şəxslərin xidməti və yaşadıqları ünvanlarına və “dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə” baxış keçirildiyini açıqlayıb. Həmin yerlərdən nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Fərhad Molla-zadə və Səlim Əlizadənin “dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsəməsi barədə əsaslı şübhələr müəyyən edilib…
Bu əməliyyatdan bir neçə ay öncə mətbuat Elmar Məmmədyarovun oğullarının ABŞ-da 4 milyonluq mənzil almasından yazmışdı. O zaman da XİN-in adının belə korrupsiya qalmaqalında hallanmasının yolverilməz olduğu söylənilmişdi.
“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a bildirib ki, XİN-də baş verənlər biabırçılıqdır, Elmar Məmmədyarov istənilən halda istintaqa cəlb olunmalıdır: “Dövlət büdcəsindən ayrılan pulları Elmar Məmmədyarovun ”burnunun altında” tar-mar ediblər. Onun isə bundan xəbəri olmayıb? Axı bu nağıla kim inanar? Sən bu sahəyə rəhbərlik edirsənsə, işçilərin burada min oyundan çıxıb dövlət büdcəsindən – yəni xalqın cibindən ayrılan pulları oğurlayırsa, talayırsa, 1 nömrəli günahkar, cavabdeh də sənsən! Sənin günahın göz qabağındadır. Bu cinayətlər baş veribsə, bundan Elmar Məmmədyarovun xəbəri olub. Yaxasını kənara çəkə bilməz”.
Hüquqşünas deyir ki, sabiq nazirin baş verənlərdən xəbəri olmayıbsa belə, onun həbsi üçün kifayət qədər ciddi əsaslar var: “Elmar Məmmədyarovin siyasi məsuliyyəti də var. O vaxt Cahangir Hacıyevin rəhbərlik etdiyi Beynəlxalq Bankdan milyardlar oğurlananda məlum olmuşdu ki, arxasında Eldar Mahmudov dayanır. Bəs Elmar Məmmədyarovun tutulan komissiya sədri, idarə rəislərinin arxasında kim dayanıb? Bu adamlar kimdir ki, dövlət büdcəsindən bu sahəyə ayrılan pulları mənimsəsinlər? Elmar Məmmədyarov 16 il həmin sahəyə rəhbərlik edib. Təbii ki, pul məsələləri də birbaşa onun kurasiyasında olub. İşçiləri onu 1-2 il aldada bilərdilər. Yerdə qalan illəri kimin ayağına yazacaq? Pul məsələsi belədir ki, xərcləyəndə oğurluqları aydın görünür. Hamı bilir ki, pul xərcləmə məsələsi nazirliklərdə nazirin imzası ilə gerçəkləşir. Bir qədər əvvəl Mədəniyyət Nazirliyində əməliyyat keçirildi. Orada da eyni vəziyyətdir. Bunu bilməyən var? Ola bilsin, bəzi xırda məsələlər digər şəxslərə tapşırılsın, amma tam olaraq məsuliyyət nazirin üzərindədir. Nazirin baş verənlərdən xəbərsiz olmasını düşünmək üçün sadəlövh olmaq gərəkdir. Dövlət büdcəsindən konkret sahəyə ayrılan pulların idarə edilməsinə, təyinatı üzrə xərclənməsinə nəzarət etməli şəxs həmin sahəyə rəhbərlik edəndir. Bu halda isə nazir Elmar Məmmədyarovdir. Elmar Məmmədyarov ən azı Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb olunmalıdır”.
Hüquqşünas deyir ki, Elmar Məmmədyarov həbs olunacağı təqdirdə, onu ən azı 5 ilə qədər həbs gözləyir: “Sübut olunsa ki, Elmar Məmmədyarovun baş verənlərdən xəbəri yoxdur, bu halda 5 il həbsə getməlidir. Çünki büdcədən XİN-ə ayrılan pullara, pulların xərclənməsinə nəzarət də onun vəzifəsidir. Elmar Məmmədyarov deyə bilməz ki, mən büdcə pullarının oğurlanmasından xəbərsiz olmuşam. Azərbaycanda məmurlar dövlət büdcəsindən ayrılan pulların talan edilməsinə öyrəşiblər və bunun sonu olmayacağını düşünürlər. Belə görünür ki, ötən ilin sonundan başlayan həbslərdən nəticə çıxaran məmurlar çox azdır. Amma proses gedir və bunun davamlı olması, ümumilikdə ölkədə vəziyyəti müsbətə doğru dəyişmək gücündədir”.
Hüquqşünas Elmar Məmmədyarovun Eldar Mahmudov kimi istintaqdan kənar qala biləcəyi ehtimalının az olduğunu deyib.