Əmək Məcəlləsinə dəyişikliklər təsdiq edildi

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
23 fevral 2026, 12:18
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 1-ci hissəsinin “b” və “c” bəndlərində, 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (hər iki halda) və 261-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Məcəllənin 36-cı maddəsinin 1-ci hissəsinin “c” bəndində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyətləri nəzərdə tutulur;
1.5. həmin Məcəllənin 36-cı maddəsinin 1-ci hissəsinin “b” bəndində “orqan (qurum)” dedikdə mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər nəzərdə tutulur;
1.6. həmin Məcəllənin 261-ci maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə baş kollektiv sazişə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, sahə kollektiv sazişinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, ərazi kollektiv sazişinə münasibətdə yerli icra hakimiyyətləri nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 8, maddə 943; 2025, № 2, maddə 124, № 7, maddə 641; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 yanvar tarixli 584 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. ikinci abzasda ikinci halda “bəndində” sözü “, “b” və “c” bəndlərində” sözləri ilə, “6-cı hissəsində” sözləri “6-cı hissəsinin birinci və ikinci (hər iki halda) cümlələrində” sözləri ilə əvəz olunsun və həmin abzasa “314-cü” sözlərindən əvvəl “261-ci maddəsinin 3-cü hissəsində,” sözləri əlavə edilsin;
3.2. üçüncü – otuz birinci abzaslar müvafiq olaraq dördüncü – otuz ikinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“həmin Məcəllənin 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (ikinci halda) orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;
3.3. altıncı abzasda “və 87-ci maddəsinin 3-cü hissəsində” sözləri “, 87-ci maddəsinin 3-cü hissəsində və 155-ci maddəsinin 6-cı hissəsinin ikinci cümləsində (birinci halda)” sözləri ilə əvəz edilsin;
3.4. on üçüncü abzasdan “36-cı maddəsinin birinci hissəsinin “b” bəndində,” sözləri çıxarılsın;
3.5. on dördüncü abzasda “nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər” sözləri “orqan (qurum)” dedikdə yerli icra hakimiyyətləri nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;
3.6. on doqquzuncu abzasda “nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər” sözləri “orqan (qurum) dedikdə” aşağıdakılar nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;
3.7. iyirmi birinci abzasda “Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri” sözləri “mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;
3.8. otuz ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda otuz üçüncü abzas əlavə edilsin:
“həmin Məcəllənin 36-cı maddəsinin 1-ci hissəsinin “b” bəndində “orqan (qurum)” dedikdə mərkəzi icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər nəzərdə tutulur.”.
Polise.az



