Epşteyn işi böyüyür. “Bu xamır çox su aparacaq,”-deyəsən

ABŞ Konqresinin Məhkəmə Komitəsi Epşteyn işi və Trampın bu sənədlərdə yer alması ilə bağlı dinləmələr keçirib.
“AzPolitika” xəbər verir ki, bu dinləmələr ABŞ-də Trampın və Baş prokuror Pam Bondinin fiaskosu kimi dəyərləndirilib.
Belə ki, dinləmələr zamanı Baş prokuror işin faktları ilə bağlı acınacaqlı vəziyyətə düşüb və suallara yalnız qışqırmaqla cavab vermək məcburiyyətində qalıb.
Demokrat konqressmen və keçmiş hərbi prokuror Ted Lieu Baş prokurora üz tutaraq, onu Trampın Epşteyn cinayətlərində iştirakını gizlətməkdə ittiham edib: “Keçmiş Şahzadə Endryu kimi, Donald Tramp da Ceffri Epşteynlə müxtəlif məclislərdə iştirak edib. Bilmək istəyirəm ki, həmin məclisdə yetkinlik yaşına çatmayan qızlar olubmu?”

Baş prokuror Bondi konkret cavab vermək əvəzinə Trampa mədhiyyə deyib: “O qədər gülüncdür ki, onlar Donald Trampın etdiyi bütün möhtəşəm işlərdən diqqəti yayındırmağa çalışırlar. Donald Trampın cinayət törətdiyinə dair heç bir dəlil yoxdur. Bunu hamı bilir. Bu, ən şəffaf prezidentlik dövrüdür… Bu sənədlərin açıqlanmasını istəyən də odur”.
Ted Lieu Bondinin sözünü kəsib: “FTB-nin Milli Təhdidlərə Cavab Mərkəzinə zəng edən şahidin başqa bir sənədini təqdim edəcəyəm, çünki siz indicə rəsmi and altında yalan danışmısınız. Epşteyn işində kifayət qədər dəlil var”.

Pam Bondi: “Məni heç vaxt cinayətdə ittiham etməyin!”
Ted Lieu: “Siz cinayət sübutu olmadığını dediniz. Sizə göstərirəm, budur FTB-nin Təhdidlərə Qarşı Mübarizə Mərkəzinə zəng edən bir şahidin ifadəsi. O, Donald Trampı limuzində gəzdirirdi. O, Donald Trampın mobil telefonla Ceffriyə nəsə dediyini eşidib. Bu şahid o qədər qəzəblənib ki, limuzini dayandırıb Donald Trampı vurmaq istəyib. O, Donald Tramp və Ceffri Epşteyn tərəfindən təcavüzə məruz qaldığını deyən bir qadınla tanış olub. Daha sonra həmin qadın başından vurulub və hadisə yerindəki zabitlər bunun intihar olmadığını söyləyiblər. Ədliyyə Nazirliyində heç kim, heç kim bu şahidi dindirməyib. Bu şahidi dərhal dindirməlisiniz.

Epşteyn cəhənnəmdə çürüməlidir, bu əməliyyatları dəstəkləyən kişilər də həmçinin. Bu gün burada danışdığımız kimi, 1000-dən çox cinsi istismar qurbanı var və siz heç kimi məsuliyyətə cəlb etməmisiniz.
Utanmalısınız. Əgər bir az vicdanınız olsaydı, bu dinləmənin sonundan dərhal istefa verərdiniz”.
Bondi yenə adekvat cavab verə bilməyib və əksinə, dinləmələrdə iştirak edən hər kəsin Trampdan üzr istəməli olduğunu iddia edib.

Digər konqressmen Co Nqyus isə başqa bir mövzu ilə bağlı Trampı və Baş prokuroru ifşa edib: “Konqress üzvü milli kriptovalyuta cinayətləri ilə mübarizə işçi qrupunda neçə nəfərin işlədiyini soruşur və Baş prokuror buna cavab verməkdən imtina edirsə, bu təsadüf deyil. Çünki o, həmin işçi qrupunu ləğv edib. Niyə? Çünki onun bossu(Donald Tramp nəzərdə tutulur-red.) kriptovalyuta aktivlərindən son bir ildə 1,4 milyard dollar sərvət qazanıb”.
Dinləmələrdə digər konqressmenlər də Trampı hədəf alan çoxsaylı faktlar və iddialar səsləndiriblər. Baş prokuror bunların əksəriyyətinə cavab verə bilməyib və əvəzində Trampı tərifləyən şüarlar səsləndirib. Yerli müşahidəçilər isə bu dinləmələri Tramp komandasının növbəti daxili siyasi məğlubiyyəti kimi dəyərləndirirlər.
C.Məmmədli
“AzPolitika.info”



