“Ərdoğanın Çaldıran haqda söylədikləri populist bir siyasətçinin zamanın tələbinə uyğun söylədiyi fikirlərdir…”

“Düşünürəm ki, bu cür yanaşmalar Türkiyənin Qafqazdan, ilk növbədə də Azərbaycandan sıxışdırılıb çıxarılmasına zəmin yaratmağa xidmət edə bilər…”

“Türkiyə Azərbaycanın yeganə təbii müttəfiqidir- belə olub və belə də olacaqdır. Əgər Türkiyə olmayacaqsa, deməli, bizim, ümumiyyətlə, müttəfiqimiz olmayacaqdır…”
“O da çox təəccüblüdür ki, Ərdoğanın belə fikirlərinə neqativ yanaşanlar, Azərbaycan siyasətində, Azərbaycan siyasətçiləri arasında Azərbaycanın tarixinin, onun dövlətçiliyinin ünvanına səslənən aşağılayıcı fikirlərə heç bir reaksiya vermirlər…”
“Zənnimcə, Rəcəb Tayyib Ərdoğanın Çaldıran döyüşü və Şah İsmayıl haqda söylədiyi fikirlər, oradakı ziddiyyətli məqamlar və Azərbaycan cəmiyyətində bununla bağlı gedən qızğın diskussiyalar, ümumiyyətlə, mənasızdır. Mənasızdır ona görə ki, Ərdoğan siyasətçi kimi həmin fikirləri özünün hal-hazırkı həm daxili, həm də xarici siyasət konyukturasına uyğun bir təbliğat kimi işlədibdir. Yəni bu gün onun marağı tələb edir ki, müxtəlif separatçı, terrorçu kürd qruplaşmaları ilə bir əmin-amanlıq anlaşmasına gəlsin və onların tərksilahına nail olsun”.
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib.
“Yaxın Şərqdəki son hadisələr fonunda Türkiyənin rolu həm artmaqdadır, həm də Türkiyə ilə rəqabət aparan ərəb ölkələri meydana çıxmaqdadır. Yəni həmin dövlətlər ABŞ-a böyük həcmli investisyalar tətbiq edirlər, hədiyyələr-filanlar verirlər. Bunlar heç də Türkiyəyə münasibətdə dostluq əlaməti deyil. Bunlar Birləşmiş Ştatların regiondakı əsas müttəfiqi olmaq niyyəti ilə edilir. Və ərəb ölkələrinin bu mənada rəqibi qismən İran olsa da, amma əsasən Türkiyədir. Çünki bu gün İranın ərəb ölkələri arasında yalnız Yəməndə təsiri qalıb ki, bu da o qədər əhəmiyyətli deyil. Amma bu istiqamətdə Türkiyənin rolu artmaqdadır”,- deyə davamında analitik bildirib.
Ekspert hesab edir ki, Çaldıran döyüşü və Şah İsmayıl- Sultan Səlim haqda səslənən fikirlərin nə dərəcədə düzgün olub-olmamasını isə yalnız tarixçilər, alimlər qiymət verə bilər.
“Yəni bütün bu məsələləri, bu məqamları nəzərə alaraq Ərdoğan deyilən fikirləri söyləyib. Həmin fikirlərin tarixi baxımdan nə dərəcədə düzgün olub-olmamasını isə yalnız tarixçilər, alimlər qiymətləndirə bilər. Mən isə düşünürəm ki, bu, siyasi konyukturaya xidmət edən bir fikirdir. Ancaq bundan Azərbaycan-Türkiyə münasibətlərini korlamaq üçün, Türkiyənin Azərbaycana yuxarıdan aşağı baxması kimi fikirlər yaymaqdan ötrü istifadə olunması istər Azərbaycanın, istər Türkiyənin, istərsə də Azərbaycan-Türkiyə münasibətlərinin tələblərinə cavab vermir, hər iki ölkənin xeyrinə deyil. Əksinə,  mən düşünürəm ki, bu cür yanaşmalar Türkiyənin Qafqazdan, ilk növbədə də Azərbaycandan sıxışdırılıb çıxarılmasına zəmin yaratmağa xidmət edə bilər. Yəni biz zaman-zaman görmüşük ki, Türkiyə haqqında Azərbaycanda bu cür gedişlərdən yararlanaraq mənfi, neqativ imic yaratmağa çalışanlar olub, var və olacaqdır. Ona görə də, düşünürəm ki, Ərdoğanın sözügedən çıxışında bir siyasi konyuktura mövcuddur, onun Azərbaycana, Azərbaycan türklərinə, onların yaratdığı Səfəvilər dövlətinə qarşı deyil, bəlkə də İrana qarşı yönəldiyinə eyham var”, – deyə nəzərə çatdıran təhlilçi bu məsələ ətrafında belə bir ajiotaj yaradılmasını düzgün hesab etmir.
“Bir daha deyirəm, Ərdoğan siyasətçidir, populist siyasətçidir. O hər zaman çox ziddiyyətli açıqlamalar verir. Lakin bunları təftiş etmək, bunları Türkiyə-Azərbaycan münasibətlərinə şamil etmək yanlışdır. Türkiyə Azərbaycanın yeganə təbii müttəfiqidir- belə olub və belə də olacaqdır. Əgər Türkiyə olmayacaqsa, deməli, bizim, ümumiyyətlə, müttəfiqimiz olmayacaqdır. Ona görə də biz hər zaman istənilən ölkə kimi, Türkiyədən də ünvanımıza səslənən yanlış fikirlərə tənqidi münasibət bildirməklə yanaşı, bunu elə etməliyik ki, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməsin”, -deyə Ərəstun Oruclu Azərbaycanın Türkiyə ilə təbii müttəfiq olmasına diqqət çəkir.
“Bir də, əgər Ərdoğan bu fikirlərdən Türkiyəni təhlükəsizləşdirmək, Türkiyənin nüfuzunu, rolunu artırmaq məqsədilə istifadə edirsə, bunu bir millətin qüruruna toxunan məsələ kimi qəbul etmək lazım deyil. Məsələyə praqmatik yanaşmaq lazımdır. Güclü Türkiyə bizim üçün də təhlükəsizlik deməkdir, bizim üçün də təminat deməkdir. Ərdoğan tarixçi deyil ki, onun dediyi fikir tarixdə qalsın. Adi bir fikirdir. Populist bir siyasətçinin zamanın tələbinə uyğun söylədiyi fikirlərdir. O da çox təəccüblüdür ki, Ərdoğanın belə fikirlərinə neqativ yanaşanlar, Azərbaycan siyasətində, Azərbaycan siyasətçiləri arasında Azərbaycanın tarixinin, onun dövlətçiliyinin ünvanına səslənən aşağılayıcı fikirlərə heç bir reaksiya vermirlər. Bax, bunun özü də çox qəribə bir fenomendir”, -deyə ekspert diqqətə çatdırıb.
Sultan Laçın
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button